29-10-2019 | 11:00 2445
Prezident İlham Əliyevin rəhbərliyi ilə respublikamızın davamlı sosial-iqtisadi tərəqqisi əhalinin mənafelərinə və iqtisadiyyatımızın möhkəmlənməsinə, qeyri-neft sektorunun, azad sahibkarlığın inkişafına xidmət edir. Dövlət başçısı tərəfindən iqtisadi müşavirədə bankların iqtisadi artımın maliyyələşməsində fəal iştirakı vəzifəsi qoyulub.
Həmin tapşırıqlardan irəli gələn vəzifələr ölkədə fəaliyyət göstərən bankların nümayəndələri ilə Ədliyyə Nazirliyində "dəyirmi masa"da müzakirə edilib.
Dəyirmi masanın keçirilməsində məqsəd ölkənin sosial-iqtisadi artımında vacib rol oynayan bankların səmərəli fəaliyyəti üçün yaradılan imkanlar, onların hüquqlarının məhkəmə müdafiəsi, kredit ödənişləri ilə bağlı məhkəmə qərarlarının icrası sahəsində görülən işlər, bu sahədə problemlər və onların həlli perspektivləri barədə müzakirələr aparmaq, bankların kredit portfelinin ölkə iqtisadiyyatının real sektorunun maliyyələşməsinə yönəldilməsini təşviq etməkdir.
Tədbirdə Nazirliyin rəhbərliyi və aidiyyəti struktur qurumlarının rəisləri, Azərbaycan Maliyyə Bazarlarına Nəzarət Palatasının, Azərbaycan Banklar Assosiasiyasının və bank sektorunun rəhbər şəxsləri, bütün instansiya məhkəmələrindən hakimlər iştirak ediblər.
Ədliyyə nazirinin müavini Azər Cəfərov iqtisadiyyatın, o cümlədən qeyri-neft sektorunda yüksəlişin banklar tərəfindən pul və kapital dövriyyəsinin təmin edilməsi ilə sıx bağlı olduğunu bildirərək qeyd edib ki, dövlət başçısının son iqtisadi müşavirədə bankların fəaliyyəti ilə bağlı verdiyi tapşırıqları bu sahəyə diqqətin artırılmasının nə dərəcədə önəmli olduğunu bir daha göstərir.
Tədbirdə sahibkarların hüquqlarının məhkəmə müdafiəsinin təkmilləşdirilməsi, notariat orqanları ilə banklar arasında əməkdaşlıq, kredit təşkilatlarının tərəf olduqları işlərin icra vəziyyəti və bu sahədə qarşılıqlı fəaliyyətin perspektivləri, kreditlərin hüquqi təminatında innovativ həllər, kredit pul münasibətləri üzrə ekspertiza icraatında yaranan problemlər, bankların tərəf olduğu işlər üzrə məhkəmə mübahisələrinin xüsusiyyətləri mövzuları ilə çıxışlar edilib.
Bildirilib ki, bu gün ölkədə qeyri-neft sektorunun, azad sahibkarlığın inkişafı üçün ciddi addımlar atılır, bu sahəyə dövlət dəstəyi daim artırılır, sahibkarların hüquqlarının müdafiəsi gücləndirilir, ardıcıl olaraq qanunvericilik və institusional tədbirlər həyata keçirilir.
Bu sahədə Ədliyyə Nazirliyi tərəfindən yaxından iştirak edilərək sahibkarlıq fəaliyyəti ilə bağlı mübahisələrin həllinin tezləşdirilməsi məqsədilə qanunvericilik təkmilləşdirilib, kiçik iddialara dair işlərə baxılması proseduru xeyli sadələşdirilib, məhkəmə icraatının elektron qaydada – "Elektron məhkəmə" informasiya sistemi vasitəsilə aparılması təmin edilib, dövlət başçısının "Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında" 2019-cu il 3 aprel tarixli Fərmanı ilə sahibkarlıqla bağlı mübahisələrə baxan yeni kommersiya və həmçinin inzibati məhkəmələr təsis edilib.
Bununla yanaşı, iddiaçılara, o cümlədən banklara heç yerə getmədən elektron sistem vasitəsilə mübahisəsiz pul və əmlak tələbləri ilə bağlı işlərin notariusun icra qeydi ilə 24 saat ərzində asan həlli imkanı yaradılıb və bu xidmətdən bəhrələnənlərin sayı sürətlə artmaqdadır.
Bütün bunlar həmçinin, bank fəaliyyətinin müasir çağırışlara uyğun effektiv qurulmasına əlverişli şərait yaradır.
Eyni zamanda, dəyirmi masada məhkəmə qərarlarının icrası sahəsində hazırkı vəziyyət və yeniliklər, icra fəaliyyətini tənzimləyəcək İcra Məcəlləsinin işlənib hazırlandığı, "Elektron icra" informasiya sisteminin tətbiqi qeyd olunub, 3 aprel Fərmanının icrası ilə bağlı, həmçinin icra xidmətində iş həcminin kəskin artaraq bu ilin 9 ayında 776 mini ötməsi ilə əlaqədar məhkəmələrin və digər orqanların qərarlarının icrasının alternativ mexanizmləri, o cümlədən icranın özəl
qurumlara həvalə edilməsi ilə bağlı beynəlxalq praktikanın öyrənildiyi və pilot qaydada tətbiq ediləcəyi barədə məlumat verilib.
Bankların problemli kreditləri ilə bağlı on minlərlə işlərin icraata daxil olmasının iş yükünün əhəmiyyətli dərəcədə artmasına səbəb olduğu qeyd olunub və bu kateqoriya işlərin icrası üzrə Azərbaycan Banklar Assosiasiyası ilə işgüzar əlaqələr qurularaq zəruri tədbirlərin görüldüyü vurğulanıb.
Konstruktiv dialoq və açıq müzakirələrlə keçən tədbirdə Azərbaycan Banklar Assosiasiyasının (ABA) prezidenti Zakir Nuriyev əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan və ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam edən iqtisadi siyasətin nəticəsi olaraq bu gün Azərbaycan bank sektorunun ölkədə iqtisadiyyatın ən aparıcı sahələrindən birinə çevrildiyini vurğulayıb.
Bildirib ki, problemli kreditlərin həlli ilə bağlı 2019-cu il 28 fevral tarixli Fərman dövlət başçısının vətəndaşlara qayğısının əyani təzahürü olaraq vaxtı keçmiş borcların ödənilməsinə dövlət dəstəyini təmin etməklə əhalinin üzləşdiyi maliyyə itkisini qarşılamağa, sosial rifahının yüksəlməsinə, bankların fəaliyyətinin səmərəliliyinin artırılmasına xidmət edib.
Z.Nuriyev dövlət başçısının son iqtisadi müşavirəsində biznesin daha aktiv kreditləşməsi ilə bağlı çox konkret vəzifə müəyyən etdiyini qeyd edib, bu sahədə bankların qarşılaşdıqları problemlərdən, təminatsız və girovsuz kreditlərin ödənilməsində, hərracların keçirilməsində yaranan çətinliklərdən danışıb, bankların tərəf olduğu işlər üzrə məhkəmə mübahisələrinin operativ həlli və kredit ödənişləri ilə bağlı məhkəmə qətnamələrinin icrası prosesinin sürətləndirilməsinin vacibliyini vurğulayıb.
Bu sahədə Ədliyyə Nazirliyi ilə səmərəli əməkdaşlığı qeyd edən ABA prezidenti bankların fəaliyyəti ilə bağlı qaldırılan məsələlərə nazirlik tərəfindən hər zaman operativ reaksiya verildiyini bildirib, məhkəmə-hüquq, o cümlədən icra sahəsində görülən işləri qeyd edərək, icra qanunvericiliyinin müasir çağırışlara uyğunlaşdırılması, özəl icra mexanizmlərinin istifadəsi perspektivləri, innovasiyaların tətbiqi, bankların notariat və ekspertiza sahəsində qarşılıqlı fəaliyyətin genişləndirilməsi ilə bağlı fikirlərini bölüşüb.
Tədbirdə bank sektorunun təmsilçiləri dinlənilib, maraq doğuran suallara aydınlıq gətirilib. Mövcud və qarşıya çıxan məsələlərin operativ həlli məqsədilə birgə işçi qrupları yaradılı