06-11-2019 | 14:24 2055
20 noyabr - Ümumdünya Uşaqlar günü və BMT-nin Uşaq Hüquqları Konvensiyasının qəbul edilməsinin ildönümü münasibətilə ölkəmizdə elan olunmuş "Uşaq Hüquqları Aylığı" çərçivəsində Ədliyyə Nazirliyi tərəfindən "Əlillərə və Aztəminatlı Ailələrə İctimai Dəstək" fondu və “Ümidli Gələcək” sosial təşəbbüslər ictimai birliyi ilə birgə Bakı şəhəri Xətai rayonunda yerləşən 3 saylı uşaq evində təntənəli tədbir keçirilib.
Ədliyyə işçilərinin peşə bayramı ərəfəsində keçirilən tədbirdə çıxış edən nazirliyin Vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidmətinin rəisi R.Kərimova Azərbaycanda uşaq hüquqlarının qorunmasının dövlət siyasətinin əsas istiqamətlərindən olduğunu qeyd edib, ulu öndər Heydər Əliyevin uşaqlara göstərdiyi diqqət və qayğıdan bəhs edib, ölkə Prezidenti cənab İlham Əliyev və Birinci Vitse-prezident Mehriban Əliyeva tərəfindən uşaqların təhsilinin, sağlamlığının, sosial müdafiəsinin gücləndirilməsi, həmçinin asudə vaxtlarının səmərəli təşkili üçün geniş imkanların yaradıldığını vurğulayıb.
Sonra uşaqlara hədiyyələr – oyuncaqlar, şirniyyatlar, geyim əşyaları, habelə rəssamlıq ləvazimatları təqdim edilib və onlar üçün bayram süfrəsi təşkil olunub.
Tədbir gənc musiqiçilərin ifasında milli musiqilər və rəqslərlə davam etdirilib.