04-11-2008 | 04:02 1063
Ədliyyə Nazirliyi kollegiyasının növbəti iclası keçirilmişdir. Tədbiri açan ədliyyə naziri Fikrət Məmmədov ən yüksək demokratik standartlar səviyyəsində və tam şəffaf keçirilmiş prezident seçkilərində Azərbaycan xalqının böyük həmrəylik göstərərək, ulu öndər Heydər Əliyev siyasi irsinə sadiqlik nümayiş etdirdiyini, ölkəmizdə həyata keçirilən mütərəqqi dəyişiklikləri yekdilliklə dəstəklədiyini vurğulamışdır.
Kollegiyada ölkə başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın dünyada bir nömrəli islahatçı ölkəyə çevrilməsi, uğurlu iqtisadi islahatlar nəticəsində əhalinin rifahının əhəmiyyətli dərəcədə yaxşılaşdırılması, sosial problemlərin həlli, o cümlədən daim diqqət mərkəzində saxlanılan qlobal problem - yoxsulluğa qarşı təsirli tədbirlərin görülməsi, onun səviyyəsinin 5 il ərzində 3 dəfə azalması qeyd edilmişdir. Bu sahədə qarşıda gələn illərdə (2008-2015) əlavə genişmiqyaslı tədbirlərin görülməsini nəzərdə tutan yeni qəbul olunmuş Dövlət Proqramında ədliyyə orqanları qarşısında qoyulmuş mühüm vəzifələr, o cümlədən hüquqi təsisatlara müraciət etmək imkanlarının genişləndirilməsi, əhaliyə, xüsusi ilə də aztəminatlı təbəqəyə pulsuz hüquqi yardımın göstərilməsi, bu məqsədlə regional hüquqi məsləhət mərkəzlərinin yaradılması, hüquqi maarifləndirmənin gücləndirilməsi, məhkumların sosial adaptasiyası, ədliyyə orqanlarının potensialının möhkəmləndirilməsi və s. üzrə görüləsi işlər vurğulanmış, onların mükəmməl həyata keçirilməsi üçün tədbirlər müəyyən edilərək müvafiq tapşırıqlar verilmişdir.
İclasda ədliyyə orqanlarında şəffaflığın və aşkarlığın təmin olunması, ictimaiyyətlə əlaqələrin gücləndirilməsi üçün məqsədyönlü tədbirlərin görüldüyü, o cümlədən nazirliyin mətbu nəşrlərinin keyfiyyətcə xeyli yaxşılaşdırılması, həmçinin, 2003-cü ildən nazirliyin internet səhifəsinin (www.justice.gov.az) yaradılaraq interaktiv rejimdə fəaliyyət göstərməsi bildirilmişdir. Saytın "İnformasiya əldə etmək haqqında" Qanununa uyğun olaraq daha geniş məlumatları, foto- və videomaterialları əks etdirən müasirləşdirilmiş və çevik versiyasının prezentasiyası keçirilərək, onun təkmilləşdirilməsinə dair əlavə təkliflər irəli sürülmüşdür.
Eyni zamanda, iclasda ədliyyə orqanlarında əmək və icra intizamının möhkəmləndirilməsi, ədliyyə işçilərinin məsuliyyət hissinin artırılması daim diqqət mərkəzində saxlanılaraq, yol verilmiş pozuntuların qarşısının alınması ilə bağlı təsirli tədbirlərin görüldüyü vurğulanmışdır. Antikorrupsiya qanunvericiliyinə uyğun olaraq daxili nəzarətin daha səmərəli və effektiv həyata keçirilməsi məqsədilə mövcud təcrübə təhlil edilərək xidməti yoxlamaların aparılması prosedurlarını tənzimləyən yeni işlənilmiş Qaydalar müzakirə olunaraq bəyənilmişdir.
Kollegiyada həmçinin, 30-dan çox qeyri-hökumət təşkilatının dövlət qeydiyyatına alınması barədə qərar qəbul edilmişdir.