16-11-2019 | 13:46 1681
Noyabrın 13-15-də Strasburqda Avropa Şurasının (AŞ) Cinayət məsələlərində əməkdaşlığa dair Avropa Konvensiyalarının (ekstradisiya, cinayət işləri üzrə hüquqi yardım, məhkumların verilməsi və s. haqqında) icrası üzrə Ekspertlər Komitəsinin (PC-OC) 77-ci plenar iclası keçirilib.
Avropa Şurası üzv dövlətlərinin, bu konvensiyalara qoşulan digər dövlətlərin və AŞ rəsmilərinin qatıldığı plenar iclasda bu sahədə Azərbaycanın səlahiyyətli qurum kimi Ədliyyə Nazirliyinin Beynəlxalq əməkdaşlıq idarəsinin rəisi Adil Əbilov iştirak edib.
Tədbirdə ekstradisiya, cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım və məhkumların verilməsi sahəsində mövcud olan təcrübə, ekstradisiya üzrə model sorğuların hazırlanması, Avropa Şurası tərəfindən nəşr edilmiş ekstradisiya standartlarına dair bələdçinin yenilənməsi, o cümlədən bu sahədə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi tərəfindən baxılmış yeni işlər müzakirə olunub.
İclasda Azərbaycan nümayəndəsi çıxış edərək ölkəmizin Ədliyyə Nazirliyi tərəfindən hüquqi yardım, məhkumların verilməsi və ekstradisiya sahəsində görülən işlər, digər dövlətlərlə ikitərəfli müqavilələrin bağlanması barədə məlumat verib, ötən ay Azərbaycan tərəfindən "Ekstradisiya haqqında" 1957-ci il tarixli Avropa Konvensiyasının Dördüncü Əlavə Protokolunun imzalandığını qeyd edib. Bildirib ki, Protokol dövlətimiz adından Strasburqda AŞ-nın Baş katibinin iştirakı ilə ədliyyə nazir Fikrət Məmmədov tərəfindən imzalanıb.
Ekstradisiya standartlarına dair bələdçinin yenilənməsi ilə bağlı ölkəmizin töhfəsi AŞ tərəfindən təqdir olunub. Həmçinin, ekstradisiya üzrə hazırlanmış model sorğu Azərbaycan tərəfinin də təklifləri nəzərə alınmaqla bəyənilib.
Komitənin iclası çərçivəsində "Cinayət işləri üzrə hüquqi yardım haqqında Avropa Konvensiyasının 60 illiyi"nə dair xüsusi sessiya keçirilib.
PC-OC tərəfindən beynəlxalq hüquqi yardımın video-konfrans vasitəsilə göstərilməsi ilə bağlı məruzəçi qismində seçilmiş Azərbaycanın nümayəndəsi tədbirdə çıxış edərək cinayət işləri üzrə beynəlxalq hüquq yardımın göstərilməsində video-konfransların tətbiqi tarixindən bəhs edərək bildirib ki, ilk belə bir üsuldan təhlükəsizliyin təmin olunması məqsədilə hələ ötən əsrin sonlarında İtaliyada mafiya üzvləri ilə bağlı işlərdə istifadə edilib.
Bu sahədə beynəlxalq təcrübəyə, Avropa Məhkəməsinin qərarlarına istinad olunaraq vurğulanıb ki, cinayət işləri üzrə beynəlxalq hüquqi yardımın video-konfrans vasitəsilə göstərilməsi məhkumların daşınması zəruriliyinin aradan qaldırılmasına və onların, həmçinin, həssas qrupların, xüsusilə uşaqların təhlükəsizliyinin təmin olunmasına, maliyyə vəsaitinin qənaət edilməsinə və vaxt itkisinin azaldılmasına, məhkəmə proseslərinin, dindirmələrin daha səmərəli və dolğun aparılmasına xidmət edir.
Eyni zamanda, ölkəmizdə bu sahədə görülən praktiki tədbirlər, qanunvericiliyin yenilənməsi, layihələrin təşviqi, artıq bəzi məhkəmələrdə video-konfransların pilot qaydada tətbiqi barədə danışılıb.
Tədbir çərçivəsində bir sıra dövlətlərin nümayəndələri ilə ekstradisiya məsələlərinə dair faydalı fikir mübadiləsi aparılıb.