21-11-2019 | 09:29 2632
Ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan dövlət gənclər siyasəti ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilir. Bu gün gənclər cəmiyyət həyatının bütün sahələrində, o cümlədən dövlət idarəçiliyində aktiv iştirak edir, həmçinin ölkədə geniş vüsət alan könüllülük hərəkatının aparıcı qüvvəsi olmaqla səmərəli fəaliyyətləri ilə fərqlənirlər.
Gənclər ədliyyə orqanlarında da geniş təmsil olunur, onların fəaliyyətinə xüsusi qayğı göstərilir. Gənclərin işlə təminatı diqqətdə saxlanılaraq ədliyyə orqanlarının hazırlıqlı, bilik və bacarıqları ilə seçilən, mənəvi və etik dəyərləri yüksək tutan işçilərlə möhkəmləndirilməsi məqsədilə qulluğa qəbul üzrə davamlı şəffaf müsabiqə və müsahibələr keçirilir. Hazırda çoxminli əməkdaşların təxminən yarısını gənclər, qulluğa qəbul edilən yeni nəsil ədliyyə işçiləri isə nazirliyin əksər xidmətlərinin kadr korpusunun 70 faizə qədərini təşkil edir.
Respublikamızın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın istedadlı gənclərin dəstəklənməsi, onların innovativ potensiallarının və bacarıqlarının üzə çıxarılması sahəsində uğurlu fəaliyyəti qadınların dövlət idarəetməsində də fəal iştirakına əlavə stimul verib, o cümlədən son müsabiqələr üzrə ədliyyə orqanlarına qulluğa qəbul olunanların üçdə biri qadınlar olub.
Eyni zamanda, ölkə gənclərində ədliyyə orqanlarında işləməyə həvəsi artırmaq, onların məşğulluğunun təmin olunmasına şərait yaratmaq məqsədilə fəaliyyətə könüllülərin cəlb olunması təcrübəsi genişləndirilir. Hazırda ədliyyə sistemində 600-dən çox gənc könüllü kimi fəaliyyət göstərirlər və müvafiq vakansiyaların komplektləşdirilməsi zamanı ilk olaraq onların təyinat məsələlərinə baxılır.
Ədliyyə işçilərinin peşə bayramı günü ərəfəsində qulluğa qəbul olunaraq Azərbaycanın müxtəlif bölgələrinə təyinat almış və əksəriyyəti gənclər olan 65 hüquqşünasla ədliyyə naziri Fikrət Məmmədovun görüşü keçirilib.
Gənclər əvvəlcə Fəxri Xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib, əziz xatirəsini ehtiramla yad ediblər. Sonra Şəhidlər xiyabanında xalqımızın azadlığı və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən qəhrəman Vətən övladlarının əziz xatirəsi anılıb, məzarları önünə tər çiçəklər qoyulub. Onlar həmçinin, ulu öndər Heydər Əliyevin nazirliyin binasında büstü önünə gül dəstələri düzüblər.
Nazirlikdə keçirilmiş tədbirdə ədliyyə naziri çıxış edərək ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə respublikamızın hərtərəfli davamlı tərəqqisini vurğulayıb, əhalinin bütün təbəqələrinin rifahının yüksəldilməsinə yönələn tədbirlər, məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi, ədliyyə orqanlarının inkişafı üzrə görülən çoxşaxəli işlər barədə məlumat verib, statistik göstəricilər diqqətə çatdırılıb.
Həmçinin nazir dövlətimizin gənc nəslin hərtərəfli inkişafına qayğısından, o cümlədən onların dövlət idarəçiliyində məsul vəzifələrə irəli çəkilmələrindən, ictimai-siyasi həyatda daha geniş şəkildə təmsil olunmaları üçün görülən tədbirlərdən bəhs edib. Cənab Prezidentin ölkəmizdə müasir dünyagörüşlü, təmiz, bilikli və Vətənə bağlı kadrların işə cəlb edilməsi barədə verdiyi tapşırıqları vurğulayaraq onlara fəaliyyətləri dövründə zəruri təcrübə toplamaları, xidməti vəzifələrini layiqincə yerinə yetirmələri və etik davranış qaydalarına dönmədən əməl etmələri barədə göstərişlərini verib, insanlara qayğılı münasibət göstərmələrini diqqətə çatdırıb.
Namizədlərin yarıdan çoxunun əvvəlki müsabiqələrdə dəfələrlə iştirak etmələrini və əzmkarlıq göstərərək bilik səviyyələrini artırmaqla hazırda uğur qazanmalarını onların ədliyyə orqanlarına inamının təzahürü kimi yüksək qiymətləndirib.
Çıxış edən hüquqşünaslar peşə bayramı ərəfəsində qulluğa qəbul olunmalarından yüksək qürur hissi keçirdiklərini bildirib, müsabiqə müddətində ədliyyə könüllüsü kimi fəaliyyətə cəlb olunmalarının əhəmiyyətini xüsusi qeyd ediblər. Ədliyyə qulluqçusu olaraq ölkə başçısının ətrafında sıx birləşərək ölkəmizin hərtərəfli tərəqqisinə və qüdrətlənməsinə sədaqətlə xidmət edəcəklərini vurğulayıb, onlara göstərilən yüksək etimadı doğruldacaqlarına, vəzifələrini vicdanla yerinə yetirəcəklərinə, ədliyyə işçisi adını şərəflə daşıyacaqlarına və daim uca tutacaqlarına söz veriblər.
Daha sonra yeni təyinat almış əməkdaşlar Azərbaycan Respublikasının Dövlət Bayrağı önündə təntənəli qaydada and içiblər, onlara xidməti vəsiqələr verilib.