20-11-2019 | 18:08 1630
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Elektron hökumətin inkişafı və rəqəmsal hökumətə keçidlə bağlı tədbirlər haqqında” 2018-ci il 14 mart tarixli Fərmanı ilə dövlət xidmətlərinin həyata keçirilməsində informasiya və kommunikasiya texnologiyalarının tətbiqi prioritet kimi müəyyənləşdirilib.
“Azərbaycan ədliyyəsinin inkişafına dair 2019-2023-cü illər üçün Dövlət Proqramı”nda ədliyyə orqanlarının və məhkəmələrin fəaliyyətində müasir texnologiyaların tətbiqinin genişləndirilməsi, o cümlədən elektron ədliyyə xidmətlərinin sayının artırılması, bu xidmətlərdə yeni innovativ metodların tətbiqi və onların mobil versiyalarının hazırlanması, “Elektron məhkəmə” və “Elektron icra” informasiya sistemlərinin funksionallığının təkmilləşdirilməsi və bu sahədə digər tədbirlərin görülməsi müəyyən olunub. Ötən il Azərbaycan ədliyyəsinin 100 illik yubileyi ərəfəsində bir neçə innovativ həllər ictimaiyyətə təqdim edilib.
AZƏRTAC xəbər verir ki, bu təcrübə davam etdirilərək 22 noyabr - ədliyyə işçilərinin peşə bayramı günü ərəfəsində Ədliyyə Nazirliyinin təşkilatçılığı ilə Bakı Konqres Mərkəzində “Ədliyyə sahəsində rəqəmsal transformasiya və innovasiyalar” mövzusunda ictimai təqdimat keçirilib.
Tədbirdə Ədliyyə Nazirliyinin rəhbər işçiləri, ictimai xadimlər, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin, Mətbuat Şurasının, vətəndaş cəmiyyəti institutlarının, bank və İKT sektorunun nümayəndələri, çoxsaylı KİV rəhbərləri, hakimlər, vəkillər iştirak ediblər.
Ədliyyə Nazirliyinin İnsan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Aynur Sabitova çıxış edərək təqdimat zamanı ictimai işlərin icrasına elektron nəzarət, mobil məhkəmə, elektron etibarnamə, “myGov” portalı və digər yeniliklərə dair məlumat veriləcəyini bildirib.
Təqdimat zamanı nazirliyin müxtəlif fəaliyyət istiqamətləri üzrə müvafiq innovativ həllər nümayiş etdirilib.
İctimai təqdimatda nazirliyin İnformasiya-kommunikasiya texnologiyaları idarəsinin rəisi Ağakərim Səmədzadə çıxış edib. Bildirilib ki, dövlətimizin başçısının cəza siyasətinin humanistləşdirilməsi barədə 2017-ci il 10 fevral tarixli Sərəncamına əsasən ictimai işlər cəzasının formal icrası təcrübəsinin qarşısının alınması məqsədilə yerli mütəxəssislər tərəfindən ictimai işlərə nəzarət qurğusu layihələndirilib və 2018-ci il dekabrın 21-də Binəqədi Rayon Məhkəməsinin yeni inzibati binasının açılışı zamanı Prezident İlham Əliyevə əyani nümayiş olunub. Bu il həmin qurğu istehsal edilərək sınaqlar keçirilib və bilavasitə məhkumlar üzərində pilot rejimdə istifadəsinə başlanılıb.
Mobil məhkəmə barədə məlumat verilərkən qeyd edilib ki, məhkəmə xidmətlərinə əlçatanlığın artırılması məqsədilə “Elektron məhkəmə” informasiya sisteminin mobil versiyası hazırlanıb. “Mobil məhkəmə” proqram təminatı üzərindən istifadəçi “Şəxsi kabineti” vasitəsilə sistemin açdığı bütün imkanlardan yerləşdiyi yerdən asılı olmayaraq öz mobil cihazı vasitəsilə istifadə edə bilər.
Diqqətə çatdırılıb ki, Ədliyyə Nazirliyi tərəfindən aparılan normativ hüquqi aktların internet elektron bazasının (e-qanun) və Hüquqi Aktların Dövlət Reyestrinin birləşdirilməsi əsasında müasir tələblərə cavab verən yeni vahid elektron qanunvericilik bazası formalaşdırılıb. Yeni sistemdə rahat istifadə şəraiti, müasir dizayn, geniş və sürətli axtarış imkanı, eləcə də normativ sənədlərin bir mənbədən əldə edilməsi təmin edilib, normativ hüquqi aktların struktur elementləri üzrə qəbul olunmuş qərarlarla tanış olmaq funksionallığı yaradılıb. Növbəti ildən sistemin mobil tətbiqi də istifadəyə veriləcək.
Ötən il Heydər Əliyev Beynəlxalq Aeroportunda quraşdırılmış elektron ədliyyə köşkü vasitəsilə icra sənədləri üzrə borcların ödənilməsi və məhdudiyyətlərin avtomatlaşdırılmış qaydada aradan qaldırılması imkanı təşkil edilib. Sınaqları başa çatdıqdan sonra yaxın günlərdə bu funksionallıq istifadəyə veriləcək.
Bundan başqa, “Mobil notariat” proqram təminatının imkanları genişləndirilərək bu platforma üzərindən məkandan asılı olmayaraq həftənin bütün günləri 24 saat ərzində, notariat ofisinə müraciət etmədən nəqliyyat vasitələrinin idarə edilməsinə dair etibarnamələrin elektron rəsmiləşdirilməsi imkanı yaradılıb.
Tədbirdə, həmçinin Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan Elektron Hökumətin İnkişafı Mərkəzinin direktor müavini Mehdi Cavadov çıxış edib. Çıxış zamanı Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi nazirliklə əməkdaşlıq nəticəsində təşkil edilmiş "Elektron hökumət"in müasir versiyası olan “myGov” portalı vasitəsilə göstərilən ədliyyə xidmətləri, o cümlədən nikahın və doğumun elektron qaydada qeydə alınması prosesi təqdim edilib.
Sonra ədliyyə fəaliyyətinə dair mətbuat konfransı keçirilib və Ədliyyə Nazirliyinin məsul işçiləri tərəfindən iştirakçıları maraqlandıran suallar cavablandırılıb.