IMAGE

Ədliyyə işçiləri ulu öndər Heydər Əliyevin əziz xatirəsini yad ediblər

Müasir Azərbaycan dövlətinin memarı, ümummilli lider Heydər Əliyevin müstəqilliyimizin qorunub möhkəmləndirilməsində, ölkəmizin hərtərəfli tərəqqisində misilsiz xidmətləri qədirbilən xalqımız tərəfindən daim uca tutulur, əziz xatirəsi dərin ehtiramla anılır.

Dekabrın 12-də ulu öndər Heydər Əliyevin vəfatının ildönümü ilə əlaqədar ədliyyə işçiləri Fəxri xiyabanda Ümummilli Liderin abidəsini ziyarət edərək məzarı önünə gül dəstələri düzüb, dahi rəhbərə sonsuz ehtiramlarını bildiriblər.

Əbədiyaşar liderin Ədliyyə Nazirliyindəki büstü önünə tər çiçəklər qoyulub, əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Nazirlikdə keçirilmiş anma mərasimində ədliyyə naziri Fikrət Məmmədov çıxış edərək ümummilli lider Heydər Əliyevin şərəfli və mənalı ömür yolundan, zəngin dövlətçilik irsindən, xalqımız və dövlətimiz qarşısında müstəsna xidmətlərindən bəhs edib, Ulu Öndərin qurub yaratdığı müstəqil respublikamızın möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə davamlı və sabit tərəqqisini, bütün sahələrdə möhtəşəm nailiyyətlər qazanmasını vurğulayıb, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın Ulu Öndərin ideyalarını yaşadan və ölkəmizi beynəlxalq ictimaiyyətə tanıdan Heydər Əliyev Fondundakı mühüm fəaliyyətini qeyd edib.

Anım günü ilə bağlı bütün struktur qurumlarda keçirilən tədbirlərdə dahi liderin yüksək dövlətçilik amallarına daim sadiq qalan ədliyyə işçiləri respublikamızın hərtərəfli inkişafı və müasirləşməsi naminə ölkə başçısının ətrafında sıx birləşərək üzərlərinə düşən vəzifələri bundan sonra da böyük məsuliyyət və şərəflə yerinə yetirəcəklərini xüsusilə vurğulayıblar.

Həmçinin, nazirliyin Heydər Əliyev muzeyində dahi şəxsiyyətin zəngin həyatından və çoxşaxəli fəaliyyətindən bəhs edən maraqlı ekspozisiyalarla tanışlıq olub, kinozalda filmlər, eləcə də foto-slaydlar nümayiş etdirilib, ehsan süfrəsi təşkil olunub.

iacca
iap
Qarabağ Azərbaycandır!
eplc
Ən Tez