13-12-2019 | 12:31 2011
Prezident İlham Əliyevin rəhbərliyi ilə ədliyyə sistemində aparılan islahatlar çərçivəsində notariusların fəaliyyətinin əlaqələndirilməsi, onların peşə hazırlığının artırılması, bu sahədə müsbət təcrübələrin təşviqi və beynəlxalq əməkdaşlığın həyata keçirilməsi məqsədilə notariusların müstəqil özünüidarə orqanı olan Notariat Palatası yaradılaraq səmərəli fəaliyyət göstərir.
Bu günlərdə Azərbaycan Notariat Palatası dünyanın 90-a yaxın dövlətini birləşdirən Beynəlxalq Notariat İttifaqının İndoneziyanın Cakarta şəhərində keçirilən 29-cu Konqresində təmsil olunub. Tədbirdə Notariat Palatasının sədri Hüseyn Məmmədov, notariuslar Elmar Kərimov və Azər Hacıyev iştirak ediblər.
Konqresdə notariat prinsiplərinin XXI əsrdə hüquqi qüvvəsi və fiziki şəxslərin fəaliyyət və hüquq qabiliyyəti və digər aktual mövzular üzrə müzakirələr aparılıb, kontinental hüquq sistemi olan ölkələrdə notariatın sabit mülki dövriyyənin tənzimlənməsində, fiziki və huquqi şəxslərin hüquq və mənafelərinin qorunmasında, məhkəmə mübahisələrinin minimuma endirilməsində vacib rolu vurğulanıb, qlobal iqtisadi inkişaf və rəqəmsallaşma dövründə elektron notariat xidmətlərinin formalaşdırılması üçün yeni imkanlar yarandığı qeyd olunub, İttifaqa daha iki ölkə - Belarus ve Livan notariat palataları qəbul ediliblər.
Səfər zamanı Azərbaycan nümayəndə heyəti tərəfindən Beynəlxalq Notariat İttifaqının prezidenti Xose Markeno de Lyano və səlahiyyətli səxslərilə görüşlər keçirilib, notariat fəaliyyəti ilə bağlı faydalı fikir mübadiləsi aparılıb.