24-05-2010 | 04:02 1773
Kişilərlə qadınlar arasında bərabərlik məsələlərinə məsul Avropa nazirlərinin Konfransında iştirak etmək məqsədilə Bakıda səfərdə olan Avropa Şurasının İnsan hüquqları və hüquqi əlaqələr üzrə baş direktoru Filip Buaya mayın 24-də ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədovla görüşmüşdür.
Ölkəmizin Avropa Şurası ilə səmərəli əməkdaşlığını qeyd edən nazir insan haqlarının etibarlı müdafiəsinə xidmət edən məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi və ədalət mühakiməsinin səmərəliliyinin artırılması, habelə ədliyyə sisteminin, o cümlədən penitensiar infrastrukturun müasirləşdirilməsi üzrə görülən kompleks işlərdən danışmış, həyata keçirilən islahatlarda Avropa Şurasının fəal iştirakını və dəstəyini vurğulamışdır .
Avropa Şurası və Azərbaycan arasında əməkdaşlığın yüksək səviyyədə olduğunu bildirən qonaq təmsil etdiyi qurumun Ədliyyə Nazirliyi ilə qurulmuş sıx əlaqələrdən məmnunluğunu ifadə etmiş, ölkəmizin məhkəmə-hüquq, habelə penitensiar sahədə əldə etdiyi nailiyyətləri, hakimlərin və hakimliyə namizədlərin tədrisində Ədliyyə Akademiyasının rolunu təqdir etmiş, qarşılıqlı fəaliyyətin bundan sonra da uğurla davam etdirilməsində maraqlı olduğunu söyləmişdir.
F.Buaya, həmçinin Avropa ədliyyə nazirlərinin 30-cu Konfransının ədalət mühakiməsinin şəffaflığı və səmərəliliyinə və həbsxana islahatına həsr olunacağı və bu ilin noyabrında İstanbulda keçiriləcəyi barədə məlumat verərək, tədbirə Azərbaycan nazirini dəvət etmişdir .
Görüşdə əməkdaşlığın perspektivləri, məhkumların reabilitasiyası, inzibati ədliyyə, İnsan hüquqları üzrə Avropa Məhkəməsinin fəaliyyəti, insan alverinə qarşı mübarizə və s. məsələlər müzakirə olunmuşdur.
Tədbirdə Avropa Şurası Baş katibinin xüsusi nümayəndəsi Veronika Kotek iştirak etmişdir.
Sonra qonaq nazirlikdə Ədliyyə tarixi muzeyi ilə tanış olmuşdur.