02-06-2010 | 04:02 1026
Azərbaycan və Türkiyə arasında strateji tərəfdaşlıq və dostluq münasibətlərində hüquqi əməkdaşlıq xüsusi yer tutur. 2001-ci ildə ulu öndərimiz Heydər Əliyevin Türkiyəyə rəsmi səfəri zamanı Ədliyyə nazirlikləri arasında əməkdaşlıq haqqında Protokol imzalanaraq, hüquqi sahədə əlaqələrin inkişafına təkan verilmiş, ədliyyə nazirlərinin qarşılıqlı səfərləri çərçivəsində müqavilə-hüquq bazası möhkəmləndirilmiş, ədliyyə fəaliyyətinin müxtəlif sahələri üzrə hər iki ölkədə birgə tədbirlər həyata keçirilməkdədir.
İyunun 2-də ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov ölkəmizdə səfərdə olan Türkiyə Ədliyyə Akademiyasının direktor müavini Sami Sezai Uralı qəbul etmişdi r.
Dövlətlərimiz arasında qardaşlıq münasibətlərinin, o cümlədən hüquqi sahədə əməkdaşlığın dinamik inkişafını vurğulayan nazir ölkə başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu məhkəmə-hüquq islahatları çərçivəsində hakim və hakimliyə namizədlərin tədrisi üzrə görülən işləri qeyd etmiş, ötən il Türkiyədə bu ölkənin Ədliyyə Akademiyası ilə əməkdaşlıq nəticəsində bütün 80 nəfər hakimliyə namizədin iki həftəlik nəzəri və praktiki təlimlərdə iştirakını təqdir etmişdir.
Azərbaycana səfərindən məmnun olduğunu bildirən qonaq respublikamızın ədliyyə və məhkəmə sistemində davamlı inkişafa nail olunduğunu vurğulamış, iki ölkənin ədliyyə orqanları arasında qarşlıqlı əlaqələrin inkişaf etdirilməsinə hər zaman hazır olduğunu söyləmiş, işbirliyinə dair bir sıra konkret təkliflər irəli sürmüşdür.
Görüşdə həmçinin, əməkdaşlığın perspektivləri, Ədliyyə Akademiyasının potensialının artırılması və digər məsələlər ətrafında fikir mübadiləsi aparılmış, ədalət mühakiməsinin şəffaflığı və səmərəliliyi və həbsxana islahatı kimi aktual mövzulara həsr olunacaq Avropa ədliyyə nazirlərinin 30-cu Konfransının bu ilin noyabrında məhz İstanbulda keçirilməsinin əhəmiyyəti qeyd olunmuşdur.