IMAGE

İctimai Komitənin yeni tərkibdə ilk iclası keçirilib

Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən vətəndaş cəmiyyətinin inkişafına, dövlət idarəetməsində ictimai iştirakçılığın geniş tətbiqinə xüsusi önəm verilir. 2006-cı ildə penitensiar sistemin fəaliyyətində ictimai nəzarətin həyata keçirilməsi və məhkumların islah olunmasında ictimaiyyətin iştirakının təmin olunması məqsədilə ədliyyə naziri yanında yaradılmış tərkibi qeyri-hökumət hüquq müdafiə təşkilatlarının nümayəndələrindən ibarət olan İctimai Komitə 11 ildir ki, uğurla fəaliyyət göstərir.

Ötən dövrdə Komitə tərəfindən penitensiar müəssisələrə 670-dən artıq başçəkmə həyata keçirilərək məhkumların saxlanma şəraitinə və islah prosesinə xüsusi diqqət yetirilib, eləcə də cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə institutunun tətbiqi ilə bağlı yaradılmış Komissiyanın işində fəal iştirak edilib, 2000-dən artıq məhkuma müxtəlif istiqamətlər üzrə hüquqi yardım göstərilib.

2013-cü ildə "İctimai iştirakçılıq haqqında" Qanunun qəbul olunması dövlət orqanları və vətəndaş cəmiyyəti institutları arasında əməkdaşlığın dərinləşməsinə təkan verib. İctimai Komitənin səlahiyyətləri həmin Qanuna uyğun genişləndirilib, o cümlədən səlahiyyət müddəti artırılıb.

Bu gün müxtəlif ədliyyə sahələri üzrə fəaliyyətə geniş cəlb olunan İctimai Komitə nazirliyin daimi monitorinq qrupu ilə birgə ictimai rəyin öyrənilməsində, kollegiya iclaslarında, konfrans və seminarlarda, "açıq qapı" günlərində, habelə qulluğa qəbulla bağlı müsabiqələrdə və digər tədbirlərdə yaxından iştirak edir.

Müvafiq Qaydalara uyğun olaraq fəaliyyət göstərən Komitənin növbəti iki illik səlahiyyət müddətinin başa çatması ilə əlaqədar tərkibi millət vəkillərindən, nüfuzlu ictimaiyyət nümayəndələrindən, alimlərdən, din xadimlərindən və aidiyyəti orqanların təmsilçilərindən ibarət olan Seçki Komissiyası ilə hesabat görüşü keçirilib, qurumun fəaliyyəti təhlil edilərək qiymətləndirilib və Komitənin tərkibi yenidən formalaşdırılıb.

Bu günlərdə Komitənin yeni tərkibdə ilk iclası keçirilərək, ötən müddətdə gördüyü işlər və qarşıda duran vəzifələr müzakirə olunub, Beynəlxalq İnsan Hüquqları Cəmiyyətinin Azərbaycan Milli Qrupunun rəhbəri Səadət Bənənyarlı qurumun koordinatoru seçilib.

Tədbirə qatılan ədliyyə naziri Fikrət Məmmədov ölkə başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə ədliyyə və məhkəmə sistemində aparılan islahatlar və əldə olunan nailiyyətlər barədə məlumat verib, dövlət başçısının cari il fevralın 10-da imzaladığı cəza siyasətinin humanistləşdirilməsinə dair Sərəncamı ilə bu islahatların yeni mərhələyə keçdiyini və bu mühüm sənədin icrası üzrə görülən işləri qeyd edib.

Nazir ədliyyə fəaliyyətində ictimai iştirakçılıq baxımından İctimai Komitənin mühüm rolunu vurğulayaraq, əməkdaşlıq üçün geniş imkanların olduğunu diqqətə çatdırıb, müvafiq tövsiyələr verib.

Komitə üzvləri Ədliyyə Nazirliyində aşkarlığa və şəffaflığa daim xüsusi önəm verildiyini qeyd edərək nazirliklə əməkdaşlıq modelindən və səmərəli qarşılıqlı fəaliyyətdən məmnunluqlarını ifadə edib, məhkumları şərti azad etmə ilə bağlı yaradılmış Komissiyanın fəaliyyətini və onun işində ictimaiyyətin iştirakını müsbət qiymətləndirib, həyata keçirilən islahatlara töhfə verməyə hazır olduqlarını bildiriblər.

İclasda İctimai Komitənin işinin daha səmərəli təşkili, ədliyyənin yeni fəaliyyət istiqamətləri ilə tanış olunması, məhkumların sosial adaptasiyası və əməkdaşlığın digər formaları barədə fikir mübadiləsi aparılıb.

Sonda nazir qurumun üzvlərinə cəzaçəkmə müəssisələrinə maneəsiz buraxılması üçün xüsusi vəsiqələr təqdim edib və uğurlu fəaliyyət arzulayıb.

iacca
iap
business ready
eplc
Ən Tez