22-11-2018 | 04:02 1874
Ümummilli lider Heydər Əliyevin 2000-ci il 11 noyabr tarixli Sərəncamı ilə təsis edilmiş 22 noyabr – ədliyyə işçilərinin peşə bayramı bu il Azərbaycan ədliyyəsinin 100 illik yubileyi ilə əlamətdar olmaqla ədliyyə işçiləri tərəfindən ikiqat sevinc hissi ilə təntənəli qeyd olunur.
Yubiley münasibətilə nazirliyin bütün struktur qurumlarında silsilə tədbirlər, o cümlədən "açıq qapı" günü, dəyirmi masa, ictimai təqdimat və digər yığıncaqlar, universitetlərdə və orta məktəblərdə açıq dərslər, mühazirələr, kütləvi idman yarışları (futbol, voleybol, şahmat) və intellektual oyunlar, veloyürüş, könüllü qanvermə və ağacəkmə aksiyaları təşkil olunub, ədliyyə veteranlarına, uşaq evlərinə baş çəkilib, yeni qulluğa qəbul olunan gənclərlə görüşlər keçirilib. Bu ərəfədə Zaqatalada ədliyyə orqanları və rayon məhkəməsi üçün yeni müasir binanın açılışı həyata keçirilib, bəzi struktur qurumlara xidməti istifadə üçün Azərbaycanın milli istehsalı olan yeni avtomobillər təqdim olunub, ədliyyə işçilərinə bayram sovqatları, mükafatlar verilib.
Eyni zamanda, nazirlik tərəfindən Azərbaycan ədliyyəsinin 100 illik tarixinə dair xüsusi kitab, ədliyyənin rəmzləri barədə toplu, nazirliyin müasir fəaliyyətinə, o cümlədən məhkəmə-hüquq islahatları, beynəlxalq hüquq əlaqələri barədə müxtəlif dillərdə toplular, broşüralar, bukletlər və digər maarifləndirici vəsaitlər, o cümlədən video-çarxlar, yubileyə həsr olunmuş ayrıca film və xüsusi ekspozisiyalardan ibarət stendlər hazırlanıb. Nazirliyin rəhbərliyi, ədliyyə işçiləri və hakimlər tərəfindən mətbuatda çoxsaylı çıxışlar edilib.
Bu bayramı ədliyyə işçilərinə bəxş etmiş ümummilli lider Heydər Əliyevə əbədi ehtiramın əlaməti olaraq nazirliyin rəhbərliyi və kollektivi, hakimlər yubiley ərəfəsində Fəxri xiyabanda Ulu Öndərin əziz xatirəsini yad edib, məzarı önünə əklil qoyublar. Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarının üstünə də tər güllər düzülüb. Ədliyyə işçiləri Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarında keçmiş Vətən övladlarının məzarlarını da ziyarət ediblər.
Noyabrın 22-də Azərbaycan ədliyyəsinin 100 illiyi münasibətilə Bakıda "Abşeron Marriott" mehmanxanasında "Azərbaycan ədliyyəsinin bir əsrlik inkişaf yolu" mövzusunda beynəlxalq konfrans keçirilib.
Yubiley tədbirində iştirak etmək üçün Türkiyənin ədliyyə naziri Abdulhamit Gül tərkibi nazirliyin rəhbər şəxslərindən və qardaş ölkənin millət vəkillərindən ibarət mötəbər nümayəndə heyət ilə, Belarusun ədliyyə naziri Oleq Slijevski, Gürcüstan ədliyyə nazirinin birinci müavini Mikheil Sarjveladze, Avropa Şurası Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Avropa Komissiyasının (CEPEJ) prezidenti Georq Stava ölkəmizə səfərə gəliblər.
Konfransda həmçinin, ölkəmizin aidiyyəti qurumlarından 110-dan çox nümayəndə, o cümlədən ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov, Prezidentin Hüquq mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi-şöbə müdiri Fuad Ələsgərov, Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev, Ali Məhkəmənin sədri Ramiz Rzayev, Baş prokuror Zakir Qaralov, daxili işlər naziri Ramil Usubov, millət vəkilləri, Məhkəmə-Hüquq Şurasının üzvləri, hakimlər, Vəkillər Kollegiyasının, Milli Elmlər Akademiyasının, Bakı Dövlət Universitetinin məsul şəxsləri, alimlər, gənclər, vətəndaş cəmiyyətinin nümayəndələri və media təmsilçiləri iştirak ediblər.
Tədbiri giriş nitqi ilə açan nazir F.Məmmədov tədbirdə iştirak edən dəyərli qonaqları salamlayıb, Azərbaycan ədliyyəsinin 100 illiyi münasibətilə bütün ədliyyə və məhkəmə orqanları işçilərini təbrik edib, konfransın hüquqi dövlətdə ədliyyə sisteminin, Azərbaycan ədliyyəsinin formalaşmasına, inkişafına və qarşıda duran yeni çağırışlara həsr olunduğunu bildirib.
Nazir ölkə Prezidenti cənab İlham Əliyevin yubiley münasibətilə böyük bir qrup ədliyyə işçisini və hakimləri orden və medallara, fəxri adlara layiq bilməsini və ali xüsusi rütbələrin verilməsini, ədliyyə və məhkəmə işçilərinə təbrik məktubunu dərin minnətdarlıq hissi ilə qarşılanmaqla Azərbaycan ədliyyəsinə qayğısının növbəti təzahürü olduğunu vurğulayıb. Bildirib ki, bu yüksək etimadı doğrultmaq üçün ədliyyə işçiləri bundan sonra daha əzmlə və məsuliyyətlə çalışmağı özlərinin vəzifə borcu sayırlar.
Dövlətimizin başçısı İlham Əliyevin Azərbaycan ədliyyəsinin 100 illik yubileyi münasibətilə ədliyyə və məhkəmə işçilərinə ünvanladığı təbrik məktubunu Prezidentin köməkçisi F.Ələsgərov oxuyub. Müraciətdə Azərbaycan ədliyyəsinin keçdiyi 100 illik yoldan bəhs olunaraq ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə Ədliyyə Nazirliyinin cəmiyyətdəki rolu və əhəmiyyətinin artdığı, müasir məhkəmə sisteminin yaradıldığı, məhkəmələrin müstəqilliyinin təmin olunması üçün mühüm addımlar atıldığı vurğulanır, Azərbaycanda ədliyyə orqanları və məhkəmələrin fəaliyyətinin təkmilləşdirilməsi üçün tədbirlərin bu gün də davam etdirildiyi qeyd olunur, ədliyyə və məhkəmə işçilərinin Azərbaycan ədliyyəsinin inkişafına bundan sonra da öz töhfələrini verəcəklərinə əminlik ifadə olunur.
Açılışda Ali Məhkəmənin sədri R.Rzayev çıxış edərək Azərbaycan ədliyyəsi və məhkəmə sisteminin qurulması tarixindən və inkişaf yolundan, ümummilli lider Heydər Əliyevin ölkəmizə rəhbərliyinin bütün dövrlərində ədliyyə və məhkəmə sisteminə göstərdiyi diqqət və qayğıdan bəhs edib.
Sonra məruzə və çıxışlar dinlənilib. Ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov “Azərbaycan ədliyyəsi 100: təkamül və yeni çağırışlar” mövzusunda geniş məruzə ilə çıxış edib.
Çoxəsrlik dövlətçilik ənənələrinə malik olan Azərbaycan xalqının zəngin ədliyyə tarixindən bəhs edən nazir ədliyyə işinə hələ qədim dövrlərdə Azərbaycan ərazisində mövcud olmuş dövlətlərdə xüsusi diqqət yetirildiyini, ədliyyənin şanlı tarixinin Azərbaycan Xalq Cümhuriyyətinin yaranması ilə başladığını diqqətə çatdırıb.
Bildirib ki, 1918-ci il mayın 28-də dövlətin qurulması ilə eyni gündə təsis olunan Ədliyyə Nazirliyi Cümhuriyyətin mövcud olduğu 23 ay ərzində ölkənin hüquq sisteminin, ədliyyə və məhkəmə fəaliyyətinin bərpası və təkmilləşdirilməsi, dövlət dili olan Azərbaycan dilini bilən şəxslərin işə cəlb olunması, mühüm qanun layihələrinin hazırlanması, penitensiar xidmətin nazirliyin tabeliyinə verilməklə həbsxana işinin demokratik norma və priniplərə uyğun qurulması istiqamətində tarixi xidmətər göstərib.
Sovet hakimiyyətinin ilk illərində ədliyyə orqanlarının iki dəfə ləğv edilərək yenidən yaradılmasını, fasilələrlə fəaliyyət göstərməsini ədliyyə tarixinin keşməkeşli dövrü adlandıran nazir F.Məmmədov Azərbaycan ədliyyəsinin sabit və davam inkişafının yalnız xalqımızın ümummilli lideri Heydər Əliyevin respublika rəhbərliyinə gəlişindən sonrakı dövrə - 1970-ci ilə təsadüf etdiyini vurğulayıb, müstəqillik illərində Ulu Öndərin demokratik hüquqi dövlət quruculuğu, müasir hüquq sistemimizin inkişafı istiqamətində müstəsna xidmətlərini qeyd edib. Bildirib ki, yeni üçpilləli müstəqil məhkəmə hakimiyyətinin bərqərar edilməsi, ədliyyə orqanlarının müasir dövrün tələblərinə uyğun təkmilləşdirilməsi ümummilli liderin adı ilə bağlıdır.
Ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə 2003-cü ildən Azərbaycan ədliyyəsinin inkişafında yeni mərhələnin başlandığını deyən ədliyyə naziri ötən dövrdə ədliyyə və məhkəmə sistemində aparılan islahatlar, əldə olunan nailiyyətlər və tətbiq olunan yeniliklər barədə ətraflı məlumat verib, nazirliyin ayrı-ayrı istiqamətləri üzrə həyata keçirilən genişmiqyaslı tədbirlər əyani təqdimatla iştirakçıların diqqətinə çatdırılıb.
Konfransda Ədliyyə Nazirliyi tərəfindən yubiley münasibətilə hazırlanmış ədliyyənin tarixi və müasir fəaliyyətindən bəhs edən “Azərbaycan ədliyyəsi davamlı inkişaf yolunda” xüsusi kitabın Milli Məclisin üzvü, Azərbaycan Milli Elmlər Akademiyası Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov tərəfindən ictimai təqdimatı olub.
Əyani təqdimat zamanı məlumat verilib ki, Azərbaycan ədliyyəsinin 100 illik tarixinə qiymətli töhfə olan bu kitabda xalqımızın ədliyyə tarixi ən qədim zamanlardan başlayaraq yaşadığımız günlərədək ətraflı tədqiq edilib. Azərbaycan ədliyyəsinin Xalq Cümhuriyyəti dövrünün ayrıca təqdim olunması, sovet hakimiyyəti dövründə və müstəqillik illərində ulu öndər Heydər Əliyevin Azərbaycan ədliyyəsinin inkişafında misilsiz xidmətlərinin geniş işıqlandırılması təqdirəlayiq olduğu vurğulanıb. Həmçinin bildirilib ki, müasir mərhələdə ölkə Prezidenti cənab İlham Əliyevin apardığı ədliyyə və məhkəmə-hüquq islahatlarına dair verilən zəngin material həm azərbaycanlı oxucular üçün, həm də Azərbaycan həqiqətlərinin bütün dünyaya çatdırılması baxımından çox qiymətlidir.
Akademik Y.Mahmudov olduqca illüstrasiya materialı zəngin olan “Azərbaycan ədliyyəsi davamlı inkişaf yolunda” kitabının işıq üzü görməsini ədliyyə tariximizin bütöv halda sistemli şəkildə araşdırılması baxımından mühüm hadisə kimi dəyərləndirib, ədliyyə və məhkəmə-hüquq tariximizə sanballı töhfə və oxucular üçün dəyərli vəsait olduğunu vurğulayıb.
Sonra Türkiyənin ədliyyə naziri Abdulhamit Gül “Türkiyənin məhkəmə sistemi müasir inkişaf mərhələsində” mövzusunda çıxış edərək Azərbaycanın ədliyyə sahəsində böyük uğurlar qazandığını bildirərək, bu münasibətlə təbrik edib.
"Türkiyə və Azərbaycan iki dost və qardaş ölkə, bir millət, iki dövlətdir. Xüsusilə Qafqazda davamlı sülh, sabitlik və inkişafın təmin edilməsi üçün ölkələrimiz arasında həmrəylik vacibdir. Türkiyə və Azərbaycan gücünü ortaq tarixidən alan bir-birinə bağlı olan ölkələrdir. Həm ikitərəfli, həm də regional məsələlərdə əməkdaşlığı və həmrəyliyimizi genişləndirməyə qərarlıyıq. İki ölkə prezidentləri arasında yaxın münasibətlər, ziyarətlər ölkələrimiz arasındakı münasibətlərin bir göstəricisidir" - deyən ədliyyə naziri Abdulhamit Gül əlaqələrin inkişaf etdirilməsində maraqlı odluğunu söyləyib, Azərbaycan ədliyyəsinin 100 illik yubileyi münasibətilə təbriklərini çatdırıb.
“Belarus Respublikasının ədliyyə sisteminin inkişafı: vəzifələr, nailiyyətlər, tendensiyalar” mövzusunda çıxış edən Belarusun ədliyyə naziri Oleq Slijeviski ötən il ədliyyə nazirlikləri arasında əməkdaşlığa dair imzalanmış Sazişin implementasiyası çərçivəsində təcrübə mübadiləsinin uğurla davam etdirildiyini bildirib, Belarus ədliyyə sisteminin fəaliyyəti barədə məlumat verərək qeyd edib ki, iki ölkənin ədliyyə orqanları arasında fəaliyyətlər bənzərdir və qarşımızda ümumi hədəflər durur.
CEPEJ-in prezidenti Georq Stava “Azərbaycan və CEPEJ: inkişaf üçün əməkdaşlıq” mövzusunda çıxış edərək ölkəmizlə səmərəli əlaqələri vurğulayıb, son illər Azərbaycanda məhkəmə-hüquq sistemində yüksək uğurlara nail olunduğunu, məhkəmə sistemində İKT-lərin və elektron məhkəmənin tətbiqi, infrastrukturun müasirləşdirilməsi sahəsində Azərbaycanın ön sıralarda olduğunu vurğulayıb. O, həmçinin jurnalistlərə müsahibəsində Azərbaycanda məhkəmə sistemində həyata keçirilən layihələrin digər dövlətlərə örnək kimi təqdim olunduğunu və artıq Avstriyanın Azərbaycanın bu sahədə təcrübəsindən istifadə etdiyini vurğulayıb.
Konfransda Gürcüstanın ədliyyə nazirinin birinci müavini Mikheil Sarjveladzenin “Gürcüstanın ədliyyə sektorunda islahatlar – güclü qanunun aliliyi və demokratiyaya doğru irəliləyiş”, Milli Məclisin üzvü, Hüquq Siyasəti və Dövlət Quruculuğu Komitəsinin sədri Əli Hüseynlinin “Hüquq sisteminin inkişafında müasir qanunvericilik bazasının rolu”, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının sədri Anar Bağırovun “Ədalət mühakiməsinin həyata keçirilməsi işində vəkilliyin rolu”, Bakı Dövlət Universiteti Hüquq fakültəsinin dekanı Əmir Əliyevin “Ədliyyə və məhkəmə sistemi üçün hüquqşünas kadrların hazırlanması” və Azərbaycan Milli QHT Forumunun prezidenti Rauf Zeyninin “Ədliyyə fəaliyyətində ictimai iştirakçılıq” mövzularında çıxışları dinlənilib, müzakirələr, faydalı fikir və təcrübə mübadiləsi aparılıb.
Yekunda ədliyyə işçiləri adından Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciət ünvanlanıb.
Həmin gün Azərbaycan ədliyyəsinin 100 illiyinə həsr olunan qəbul təşkil olunub. Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başlanan qəbulda yubiley münasibətilə hazırlanmış Azərbaycan ədliyyəsinin bir əsrlik inkişaf yolundan bəhs edən xüsusi film nümayiş etdirilib, mədəni proqram təşkil olunub.