IMAGE

Ədliyyə Akademiyasında Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunmuş elmi-praktiki konfrans keçirilib

Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında" Sərəncam imzalanaraq və bu əlamətdar hadisə münasibətilə 2018-ci il "Azərbaycan Xalq Cümhuriyyəti İli" elan olunaraq ölkədə və onun hüdudlarından kənarda silsilə tədbirlər keçirilir, müstəqillik tariximizə nəzər salınır, cümhuriyyətin dövlətçilik salnaməsində yeri və rolu işıqlandırılır.

Mayın 25-də Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasında "Müstəqil Azərbaycan Azərbaycan Xalq Cümhuriyyətinin varisidir" mövzusunda elmi-praktiki konfrans keçirilib.

Hüquqşünas alimlərin, tarixçilərin, elm və tədris müəssisələrinin, vətəndaş cəmiyyətinin və media nümayəndələrinin iştirakı ilə keçirilən konfransı ədliyyə nazirinin müavini Azər Cəfərov açaraq xalqımızın çoxəsrlik dövlətçilik tarixində Azərbaycan Xalq Cümhuriyyətinin rolundan və mühüm xidmətlərindən bəhs edib.

Bildirilib ki, Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyəti dövründə bir çox tarixi qərarlar qəbul olunub, dövlət atributları müəyyən edilib, ana dili dövlət dili elan olunub, vətəndaşlara bərabər hüquqlar, o cümlədən qadınlara seçki hüququ verilib, hüquq sistemi yaradılaraq Ədliyyə Nazirliyi təsis edilib, məhkəmə və istintaq orqanlarının, prokurorluğun fəaliyyəti bərpa olunub. Azərbaycanın müstəqil dövlət kimi tanınması, digər dövlətlərlə əlaqələrin qurulması Cümhuriyyətin böyük uğurlarından biri olduğu qeyd edilib.

Tədbirdə müstəqilliyini yenidən bərpa edən xalqımızın ümummilli lider Heydər Əliyevin xilaskarlıq missiyası ilə Xalq Cümhuriyyətinin varisi olan müasir Azərbaycan dövlətini qurduğu, Ulu Öndərin müəyyən etdiyi dövlətçilik amallarının möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirilərək ölkəmizin son illər əldə etdiyi nailiyyətlərlə çağdaş tariximizin yeni zəngin səhifələrinin yazıldığı xüsusi vurğulanıb.

Konfransda, həmçinin Şərqdə ilk demokratik parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin tarixinin ayrı-ayrı məqamları üzrə dolğun və elmi təhlillərə əsaslanan mövzularda çıxışlar edilib, xalqımızın istiqlal yolu və müstəqillik amallarının gerçəkləşməsi, cümhuriyyət ənənələrinin yaşadılması, indiki və gələcək nəsillərə aşılanması, iki illik fəaliyyəti dövründə demokratik dövlət quruculuğu, qanunvericilik, ədliyyə və digər mühüm sahələrdə xidmətləri, ictimai təşkilatların fəaliyyətinin hüquqi əsasları və digər məruzələr dinlənilib, faydalı müzakirələr aparılıb.

Yubiley ərəfəsində ədliyyə orqanlarında yığıncaqlar, dəyirmi masalar keçirilir, Akademiyada ixtisasartırma kurslarında xüsusi mövzular tədris edilir. Eyni zamanda, ədliyyə işçiləri və hakimlər tərəfindən mətbuatda çıxışlar edilib, gənc əməkdaşlar ölkədə fəaliyyət göstərən tarix muzeyləri ilə tanış olub, nazirliyin muzeyləri Xalq Cümhuriyyəti dövrünə, o cümlədən ədliyyə tarixinə dair yeni arxiv materialları ilə zənginləşdirilib. Hüquqi sahədə beynəlxalq əlaqələri əks etdirən xüsusi ekspozisiyalardan ibarət stendlər yaradılıb, kinozalda sənədli filmlər, eləcə də foto-slaydlar nümayiş etdirilir, nazirliyin mətbu nəşrlərində yubileyə həsr olunan materiallar dərc olunur.

iacca
iap
business ready
eplc
Ən Tez