IMAGE

Ədliyyə fəaliyyətinə dair keçirilən brifinqdə Ədliyyə naziri yanında fəaliyyət göstərən İctimai Komitənin üzvləri iştirak ediblər

Ədliyyə Nazirliyinin və Mətbuat Şurasının ədliyyə və məhkəmə fəaliyyəti barədə ictimaiyyətin daha geniş məlumatlandırılması və əhalinin hüquqi biliklərinin artırılması ilə bağlı birgə layihəsinə start verilərək media nümayəndələrinin iştirakı ilə nazirliyin ayrı-ayrı fəaliyyət istiqamətləri üzrə silsilə tədbirlər, mətbuat konfransları və brifinqlər keçirilir.

Martın 6-da nazirliyin icra, probasiya, istintaq və cəzaların icrasına nəzarət üzrə müfəttişliyin fəaliyyətinə və yeniliklərə həsr olunmuş brifinq keçirilib.

Tədbirdə Ədliyyə naziri yanında İctimai Komitənin üzvləri iştirak ediblər.

Tədbirin açılışında Ədliyyə Nazirliyi İnsan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin rəis müavini Aynur Sabitova və Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli çıxış edərək bildiriblər ki, brifinqin keçirilməsində məqsəd Ədliyyə Nazirliyi ilə media orqanları arasında əməkdaşlıq əlaqələrini genişləndirmək, onların nazirliyin maarifləndirmə işlərində, ədliyyə fəaliyyəti barədə əhalinin mütəmadi və daha geniş şəkildə məlumatlandırılmasında iştirakını yaxından təmin etməkdir.

Eyni zamanda, Ədliyyə Nazirliyinin fəaliyyət istiqamətləri, vəzifələri, bu sahədə həyata keçirilən islahatlar və yeniliklər barədə məlumat verilib, nazirliyin fəaliyyətinin hər zaman şəffaflıq və aşkarlıq prinsipləri əsasında qurulduğu, kütləvi informasiya vasitələri ilə əməkdaşlığa xüsusi önəm verildiyi vurğulanıb. Bildirilib ki, belə tədbirlər mütəmadi xarakter daşımaqla nazirliyin bütün fəaliyyət istiqamətlərini əhatə edəcəkdir.

Brifinqdə dövlət başçısının cəza siyasətinin humanistləşdirilməsinə dair 2017-ci il 10 fevral tarixli Sərəncamı ilə yaradılmış nazirliyin Probasiya xidmətinin fəaliyyəti barədə məlumat verilib, qısa müddətdə bu sahədə işin müasir tələblər səviyyəsində səmərəli təşkili ilə bağlı xeyli işlərin görüldüyü, azadlıqdan məhrumetməyə alternativ cəzaların icrasında elektron nəzarət vasitələrinin tətbiqinə başlanıldığı, bu məqsədlə Probasiya xidmətində müasir avadanlıqlarla təchiz olunmuş, məhkumları fasiləsiz izləməyə və operativ əlaqə qurmağa imkan verən Elektron monitorinq mərkəzinin yaradıldığı bildirilib, hazırda azadlıqdan məhrumetməyə alternativ cəzalara, o cümlədən azadlığın məhdudlaşdırılması cəza növünə məhkum olunmuş 900-dən çox şəxsə elektron qolbaq tətbiq edildiyi vurğulanıb.

Həmçinin xidmətin ictimai işlər növündə cəzanın icrası sahəsində fəaliyyətindən bəhs olunub, ötən il məhkəmənin qərarlarına əsasən 1.030 şəxsin ictimai işlər növündə cəzanın və inzibati tənbehin icrasına cəlb edildiyi bildirilib. Qeyd olunub ki, bu cəzanın formal icrasının qarşısının alınması ilə bağlı əməli işlər görülüb, o cümlədən cəzanın icrasına effektiv və asan nəzarətin həyata keçirilməsində müasir texnologiyaların tətbiqi üzrə tədbirlər görülür.

Eyni zamanda, nazirliyin cəzaların icrasına nəzarətin həyata keçirilməsində, ədalət mühakiməsi əleyhinə və bir sıra digər cinayətlər üzrə ibtidai istintaqın aparılmasında fəaliyyətindən bəhs olunub.

Ədliyyə naziri yanında İctimai Komitənin üzvü, “Konstitusiya” Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev bildirib ki, bu cür tədbirlər dövlət qurumları ilə əməkdaşlığın dərinləşdirilməsinə xidmət edir. Ədliyyə Nazirliyi ilə Mətbuat Şurasının təşkil etdiyi görüş KİV-lə nazirlik arasında əməkdaşlığın genişləndirilməsi, habelə bu sahədə görülmüş işlər barədə ictimaiyyətin dolğun məlumatlandırılması baxımından vacib əhəmiyyət kəsb edir.

Brifinqdə sual-cavab sessiyası keçirilib, iştirakçılar arasında fikir mübadiləsi aparılıb, media ilə əlaqələrin əhəmiyyəti, qarşılıqlı fəaliyyətin zəruriliyi və əməkdaşlığın prioritet istiqamətləri müzakirə olunub, jurnalistlərin sualları cavablandırılıb.

Tədbirin sonunda KİV nümayəndələri Probasiya xidmətinin Elektron monitorinq mərkəzinin fasiləsiz fəaliyyəti, elektron qolbağın imkanları və tətbiqi xüsusiyyətləri ilə əyani tanış olublar.

iacca
iap
Qarabağ Azərbaycandır!
eplc
Ən Tez