IMAGE

Ədliyyə Nazirliyində hesabat müşavirəsi keçirilib

Ədliyyə Nazirliyində yerli icra və probasiya qurumlarının rəhbərlərinin iştirakı ilə 2019-cu ildə icra və probasiya xidmətləri tərəfindən məhkəmə və digər orqanların qərarlarının icrası və probasiya nəzarəti sahəsində görülmüş işlərin və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş geniş müşavirə keçirilib.

Tədbirdə giriş sözü ilə çıxış edən ədliyyə nazirinin müavini Vilayət Zahirov dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə respublikamızın 2019-cu ildə hərtərəfli tərəqqisinin təmin olunduğunu və yüksək nailiyyətlərin qazandığını vurğulayıb, ədliyyə və məhkəmə sahəsində islahatlardan bəhs edərək bu sahədə mühüm “yol xəritəsi” olan “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” 03.04.2019-cu il tarixli Prezident Fərmanının icrası üzrə görülən işlər barədə məlumat verib, qarşıya qoyulmuş vəzifələrin dəqiq və tam başa çatdırılmasını diqqətə çatdırıb.

Sonra İcra Baş İdarəsinin rəisi – Baş icra məmuru Nurəddin Mustafayev və Probasiya Xidmətinin rəisi - Baş probasiya məmuru Akşin Ziyadov hesabat məruzələri ilə çıxış ediblər.

Bildirilib ki, Ədliyyə Nazirliyinin vacib funksiyalarından olan məhkəmə qərarlarının icrası sahəsində ötən il ərzində də böyük iş həcmi olub. Belə ki, 2019-cu ildə icra qurumlarına daxil olan icra işlərinin sayı 861 mini ötüb, onlardan 485 mindən çoxunun icrası təmin edilib, fiziki və hüquqi şəxslərə əvvəlki illə müqayisədə 50 %-dən çox – 1.74 milyard manata yaxın vəsait ödətdirilib ki, bunun da 143 milyon manatdan çoxu aliment işləri üzrə ödəmələrdir. Qalan işlərin icrası üzrə tədbirlər davam etdirilir.

Qərarların icrasına maneçilik törədən, icra məmurlarının qanuni tələblərini yerinə yetirməyən 4.712 şəxs inzibati məsuliyyətə cəlb edilib, o cümlədən 2.808 nəfər inzibati qaydada həbs olunub, məhkəmə qərarlarının icrasından qərəzli yayınan 493 şəxs barəsində isə cinayət işi başlanılıb.

Həmçinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması təcrübəsi məhkəmə qərarlarının icrasının təmin olunmasına öz müsbət təsirini göstərmiş, 13 mindən çox borclu tərəfindən məhkəmə qərarları icra edildiyinə görə onların üzərindən məhdudiyyət götürülüb. Belə məhdudlaşdırmanın olub-olmamasını öyrənməklə bağlı nazirlik tərəfindən vətəndaşlara göstərilən elektron xidmətdən istifadənin sayı 2019-cu ildə artaraq 1.5 milyonu keçib.

Həmçinin azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəzaların icrası sahəsində görülmüş işlər barədə məlumat verilib. Diqqətə çatdırılıb ki, ölkə Prezidentinin 2017-ci il fevralın 10-da imzaladığı cəza siyasətinin humanistləşdirilməsinə dair Sərəncamının icrası çərçivəsində görülən tədbirlər öz real bəhrəsini verir. Məhkəmələr tərəfindən azadlıqdan məhrumetməyə alternativ cəzaların tətbiqinə daha çox üstünlük verilməsinin nəticəsidir ki, ötən il yerli probasiya qurumlarının qeydiyyatında olan məhkumların sayı əvvəlki illə müqayisədə 7,5 faiz artaraq 23 minə çatıb. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxslərin sayı isə 2018-ci illə müqayisədə 4,4 dəfədən çox artıb.

Yerli probasiya qurumlarının qeydiyyatında olan 9.727 nəfər ötən il cəza müddətinin başa çatması, təyin olunmuş cəzanın tam icra olunması ilə əlaqədar və ya qanunla müəyyən edilmiş digər əsaslarla qeydiyyatdan çıxarılıb, cəzanın icrasından boyun qaçıran 728 məhkumun cəzası məhkəmələr tərəfindən digər cəza növü, o cümlədən 120 nəfərin cəzası azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilib.

Eyni zamanda, azadlıqdan məhrumetməyə alternativ cəzaların, o cümlədən azadlığın məhdudlaşdırılması cəzasının icrasında elektron nəzarət vasitələrinin tətbiqi əhəmiyyətli dərəcədə genişlənərək 2019-cu ildə 2400-dən çox məhkuma elektron qolbaq tətbiq edilib.

2019-cu ildə məhkəmənin qərarlarına əsasən 1.502 şəxs ictimai işlər növündə cəzanın və inzibati tənbehin icrasına cəlb edilib, onlardan 886-ı ictimai işlərin müddətinin başa çatması ilə əlaqədar qeydiyyatdan çıxarılıb. İl ərzində bu növ cəzanın və inzibati tənbehin icrası ilə bağlı 183 min saatdan çox ictimai işlərin yerinə yetirilməsi təmin edilib. Cərimə və islah işlərinin icrası ilə bağlı dövlət büdcəsinə 2.5 milyon manata yaxın vəsaitin ödənilməsi təmin olunub.

İclasda görülən işlərlə yanaşı, yol verilmiş nöqsan və çatışmazlıqlar qeyd edilib, bununla bağlı nazirliyin məsul işçiləri, yerli icra və probasiya qurumlarının rəhbərləri dinlənilib, problemləri doğuran səbəblər təhlil olunmaqla onların aradan qaldırılması barədə konkret tələblər qoyulub.

Müşavirəyə yekun vuran nazir müavini diqqəti ölkəmizdə korrupsiya hüquqpozmalarına qarşı aparılan barışmaz mübarizəyə cəlb edib, bu cür əməllərin qəti və ciddi şəkildə cəzalandırıldığını, hesabat dövrü ərzində görülmüş intizam və digər hüquqi tədbirlərin bunun bariz nümunəsi olduğunu nəzərə çatdırıb. Bildirib ki, 31 nəfər yerli icra və probasiya qurumlarının əməkdaşları intizam məsuliyyətinə cəlb olunub, onlardan 5 nəfər ədliyyə orqanlarından xaric edilib, o cümlədən 2 nəfər barəsində toplanmış materiallar hüquqi qiymət verilməsi üçün prokurorluq orqanlarına göndərilib.

Həmçinin, hər iki xidmətin fəaliyyət istiqamətləri üzrə qanunla müəyyən edilmiş vəzifələrin icrası, vətəndaşların və hüquqi şəxslərin müraciətlərinə məsuliyyətli və həssas yanaşılması, etik davranış qaydalarına dönmədən əməl olunması, ölkə başçısının müvafiq Sərəncamına əsasən “Könüllülər ili” elan edilmiş cari il ərzində gənc könüllülərin ədliyyə fəaliyyətinə geniş təşviq olunması ilə bağlı zəruri tapşırıqlar verilib.

iacca
iap
Qarabağ Azərbaycandır!
eplc
Ən Tez