IMAGE

Penitensiar xidmətin Baş idarəsində əməliyyat müşavirəsi keçirilmişdir

17.01.2020-ci il tarixdə Ədliyyə Nazirliyi Penitensiar xidmətinin Baş idarəsində 2019-cu ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş əməliyyat müşavirəsi keçirilmişdir.

Müşavirədə Xidmətin Baş idarəsinin, eləcə də tabe qurumların rəhbər heyəti və Ədliyyə Nazirliyinin məsul əməkdaşları iştirak etmişlər.

Ədliyyə nazirinin müavini-Penitensiar xidmətin rəisi ədliyyə general-leytenantı Ceyhun Həsənov müşavirəni açaraq ötən il Penitensiar sahədə əldə olunmuş nailiyyətlər, həyata keçirilmiş mühüm yeniliklər və qarşıda duran hədəflər barədə ətraflı məlumat vermişdir.

Nazir müavini hesabat dövründə cəza-icra fəaliyyətini tənzimləyən ölkə başçısının müvafiq fərman və sərəncamlarının, qanunvericilik aktlarının, eləcə də Nazirliyin kollegiya qərarlarında öz əksini tapmış tapşırıqların icrasının nəzarətdə saxlanıldığını, Baş idarənin, tabe qurumların maddi-texniki bazasının inkişafına, həbs edilmiş şəxslərin, məhkumların saxlanma şəraitinin yaxşılaşdırılmasına, fəaliyyətin səmərəliliyinin artırılmasına, nizam-intizamın möhkəmləndirilməsinə, nöqsanların aradan qaldırılmasına xüsusi diqqət yetirildiyini bildirmişdir.

Vurğulanmışdır ki, məhkumların hüquq və mənafelərinin etibarlı qorunması təmin edilmiş, penitensiar müəssisələrə Beynəlxalq Qırmızı Xaç Komitəsi, BMT, Avropa Şurası, Avropa İttifaqı və digər beynəlxalq qurumların, o cümlədən qeyri-hökumət təşkilatlarının, İctimai Komitənin nümayəndələri, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) və onun Milli Preventiv Qrupunun əməkdaşları tərəfindən başçəkmələr həyata keçirilmişdir.

Qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Sərəncamının və 18 dekabr 2018-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan ədliyyəsinin inkişafına dair 2019-2023-cü illər üçün Dövlət Proqramı”nın icrası davam etdirilmiş, aidiyyəti bəndlərinin icrası məqsədi ilə müvafiq tədbirlər görülmüşdür.

Penitensiar xidmətin rəis müavini, ədliyyə general-mayoru Oqtay Məmmədov Xidmətin 2019-cu il ərzindəki fəaliyyətinin yekunlarına dair hesabat məruzəsi ilə çıxış etmişdir.

Bildirilmişdir ki, dövlət başçısının təşəbbüsü əsasında 20 oktyabr 2017-ci il tarixdə Cinayət Məcəlləsinə edilmiş dəyişikliklərlə bağlı qəbul olunmuş Qanunun icrası davam etdirilmiş, 658 məhkum cəza çəkməkdən azad olunmuş, 2591 məhkumun cəza müddəti azaldılmış, 452 məhkumun cəzaçəkmə rejimi dəyişdirilmişdir.

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2019-cu il 16 mart tarixli Əfv sərəncamı vaxtında və dürüst icra edilmiş, 399 məhkumun cəzanın qalan hissəsini çəkməkdən azad edilmiş, 3 məhkumun isə ömürlük azadlıqdan məhrumetmə cəzası müəyyən müddətə azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilmişdir.

Qeyd olunmuşdur ki, 23 dekabr 2019-cu il tarixində bütün ölkədə olduğu kimi, Penitensiar xidmətin tabe qurumlarında da bələdiyyə seçkiləri uğurla keçirilmiş, cəza çəkənlər, habelə hərbi xidmət keçən əsgərlərə ərazi vahidində yerləşən seçki məntəqələrində səs vermələri üçün müvafiq şərait yaradılmışdır.

Diqqətə çatdırılmışdır ki, “Məhkumun cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi, məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilməsi, cəzanın çəkilməmiş hissəsinin daha yüngül cəza növü ilə əvəz edilməsi institutunun tətbiqi ilə bağlı penitensiar müəssisələrin vəzifələrinin icrası üzrə müvəqqəti Qaydalar”ına uyğun yaradılmış Xüsusi Komissiyanın fəaliyyətində şəffaflığın artırılması, korrupsiya və digər neqativ hallarla mübarizənin gücləndirilməsi məqsədilə Komissiyanın iclaslarının virtual formada keçirilməsi üçün tədbirlər görülmüşdür.

Xüsusi Komissiyaya ümumilikdə hesabat dövrü ərzində 3397 məhkumun ərizəsi təqdim edilmişdir.

Müsbət rəylə məhkəmələrə təqdim olunmuş 2970 müraciətdən 2802-si, yəni 94,3%-i təmin edilmişdir.

Hesabat dövründə eyni zamanda penitensiar müəssisələrin əməliyyat aparatlarının məlumatları əsasında 622 cinayətin açılmasına köməklik göstərilmişdir.

Penitensiar müəssisələrdə rejim-nəzarət funksiyasının gücləndirilməsi məqsədilə müvafiq tədbirlər görülmüş, məhkumlar üzərində nəzarət gücləndirilmiş, görülmüş işlərin nəticəsi olaraq məhkum və həbs olunmuş şəxslər tərəfindən törədilmiş rejim pozuntularının sayı əhəmiyyətli dərəcədə azalmışdır.

Penitensiar müəssisələrə qadağan olunmuş əşyaların daxil olunmasının qarşısını almaq məqsədilə həyata keçirilən nəzarət gücləndirilmiş, nəticədə axtarış-baxış, habelə əməliyyat tədbirləri nəticəsində 88 fakt üzrə 125,7 qram narkotik və psixotrop maddə, 85 mobil telefon, habelə 68,5 litr spirtli içkinin penitensiar müəssisələrə keçirilməsinin qarşısı alınmışdır.

Hesabat dövründə eyni zamanda penitensiar müəsssisələrin etibarlı müdafiəsi və mühafizəsi, o cümlədən məhkum və həbs edilmiş şəxslərin təhlükəsiz şəraitdə daşınması yüksək səviyyədə təmin olunmuşdur.

Cinayətkarlıqla mübarizə işində respublikanın hüquq-mühafizə orqanları birgə görülmüş əməliyyat tədbirləri nəticəsində həbs edilmiş şəxslər və məhkumlar tərəfindən könüllü olaraq təqdim olunmuş 6 ədəd tüfəng, 30 ədəd güllə və 1 ədəd soyuq silah (süngü-bıçaq) aşkar edilərək ərazi polis orqanlarına təhvil verilmişdir.

Müşavirədə Penitensiar xidmətin cəzaçəkmə müəssisələrinin rəhbərlərinin çıxışları dinlənilmişdir.

iacca
iap
Qarabağ Azərbaycandır!
eplc
Ən Tez