18-01-2020 | 17:24 1665
Ölkə Prezidenti cənab İlham Əliyevin dövlət qurumları tərəfindən vətəndaşlara yüksək xidmət göstərilməsi, onların müraciətlərinə diqqət və xüsusi həssaslıqla yanaşılması barədə tapşırıqlarına uyğun olaraq Ədliyyə Nazirliyinin rəhbərliyi tərəfindən vətəndaşların bölgələrdə qəbuluna xüsusi diqqət yetirilir.
Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin yerlərdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Ədliyyə nazirinin müavini, Penitensiar xidmətin rəisi ədliyyə general-leytenantı Ceyhun Həsənov 18.01.2020-ci il tarixdə İmişli rayonunda Heydər Əliyev Mərkəzində vətəndaşların qəbulunu keçirmişdir.
Qəbuldan əvvəl İmişli rayonunun mərkəzi meydanında yerləşən Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyulmuş, Ulu Öndərin əziz xatirəsi dərin ehtiramla yad edilmişdir.
Qəbul zamanı hər bir vətəndaş diqqətlə dinlənilmiş, qeyd olunmuş məsələlərin bir qismi elə yerindəcə öz həllini tapmış, digər müraciətlər üzrə isə Penitensiar xidmətin qəbulda iştirak edən aidiyyəti məsul əməkdaşlarına müvafiq tapşırıqlar verilmişdir.
Vətəndaşlar qəbul üçün yaradılmış rahat və əlverişli şəraitdən razılıq etmiş, onlara göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildirmişlər.