IMAGE

Qeydiyyat və notariat baş idarəsində əməliyyat müşavirəsi keçirilmişdir

Ədliyyə Nazirliyinin Qeydiyyat və notariat baş idarəsində 2019-cu ildə görülmüş işlər və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş müşavirə keçirilib.

Baş idarənin fəaliyyət istqamətləri üzrə çıxış edən baş idarə rəisi İlqar Məmmədov qeydiyyat əməliyyatları və notariat hərəkətləri üzrə artan statistik göstəriciləri səsləndirməklə bu sahədə tətbiq olunan yeniliklər, o cümlədən innovativ həllər barədə ətraflı məlumat vermişdir.

Bildirilib ki, hesabat dövründə qeyri-kommersiya qurumlarının qeydiyyatı 19,5%, uçota alınmış mətbu nəşrlərin sayı 17,9%, “Fərdi elektron pəncərə” elektron məlumat sisteminə yerləşdirilən məlumatların sayı 21,5% artmışdır.

Azərbaycan Respublikası Prezidentinin həyata keçirdiyi tədbirlər nəticəsində təmin olunan davamlı iqtisadi inkişafın təzahürü kimi mülki dövriyyənin artması əmlak hüquqlarının həyata keçirilməsində yardımçı olan notariat xidmətlərinin genişləndirilməsinə də təsir etmişdir. Belə ki, 2018-ci illə müqayisədə notariat hərəkətlərinin sayı 21,2% artmışdır.

Bununla yanaşı, iqtisadiyyatın kreditləşdirilməsində bankların rolunun artırılması üzrə ölkə başçısının 2019-cu ilin sentyabr ayında keçirdiyi iqtisadi müşavirədə verdiyi tapşırıqların icrası ilə bağlı Ədliyyə Nazirliyində görülmüş tədbirlər çərçivəsində 01.11.2019-cu il tarixində Azərbaycan Banklar Assosiasiyası və bank nümayəndələrinin iştirakı ilə baş idarədə keçirilmiş müşavirədə bankların səsləndirdiyi təkliflərin nəzərə alınması və həyata keçirilməsi üzrə görülmüş tədbirlər barədə məlumat verilmişdir.

Qeyd edilib ki, müqavilə üzrə bankların kreditor hüquqlarının daha rahat şəkildə məhkəmədən kənar qaydada həyata keçirilməsini mümkün etmiş notariusun icra qeydinin avtomatlaşdırılması nəticəsində 10 000-dən artıq müraciətin elektron qaydada icraya yönəldilməsi təmin olunub.

Azərbaycan Respublikası Prezidentinin qanunvericilik təşəbbüsünə əsasən “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Qanunun tələblərinə uyğun hesabat dövrü ərzində keçirilmiş yoxlamaların 14,2% azalmasının ölkəmizdə biznes və invesitisiya mühitinin davamlı yaxşılaşdırılmasında əhəmiyyəti xüsusi vurğulanıb.

Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Dünya Bankının hesabatında öz əskini tapan “əmlakın qeydiyyatı” indikatoru üzrə əmlak hüquqlarının qeydiyyatında operativliyin təmin edilməsinə xidmət edən bir sıra qanunverici və praktiki tədbirlər barədə də məlumat verilib.

Həmçinin bildirilib ki, daşınmaz əmlakın özgəninkiləşdirilməsi üzrə notariusun vergi agenti qismində tutduğu verginin məbləği 6,3% artaraq 53 milyon manat təşkil etmişdir.

“ASAN xidmət” mərkəzlərində göstərilən ədliyyə xidmətləri səsləndirilərək qeydiyyat əməliyyatlarının 15,9%, notariat əməliyyatlarının isə 32,3% artmaqla bu mərkəzlərdə verilmiş sənədlərin xeyli hissəsini təşkil etdiyi qeyd edilmişdir. Həmçinin 2019-cu ildə Şamaxı, Tovuz, Kürdəmir “ASAN xidmət” mərkəzlərində ədliyyə xidmətlərinin təşkili məqsədi ilə müvafiq kadrların seçilməsi və qurumların zəruri texniki kommunikasiya və informasiya resursları ilə təmin edilməsi barədə məlumat verilib.

Notariusların fəaliyyətinin daha səmərəli şəkildə təşkili üçün yeni imkanların yaradılması, əhalinin məsafədən xidmətlərə tələbatını nəzərə alan notariat prosedurlarının müəyyən edilməsi, rəqəmsallaşma dövründə elektron notariatın geniş tətbiqinin hüquqi əsaslarını müəyyən edən, ölkə başçısının təşəbbüsü ilə “Notariat haqqında” Qanuna edilmiş institusional dəyişikliklər Azərbaycan notariatının yeni inkişaf mərhələsi kimi qiymətləndirilmişdir.

Məzh bu yeniliklərdən biri kimi notariusların peşə ixtisasının artırılması və notariat sahəsində beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi məqsədini daşıyan Azərbaycan Notariat Palatasının təsis edilməsi ilə bağlı Ədliyyə Nazirliyində Təşkilat Komitəsi formalaşdırılmış və 2019-cu ilin 8 iyul tarixidə ədliyyə nazirinin müavini cənab Toğrul Musayevin iştirakı ilə Palatanın təsis yığıncağı keçirilmişdir.

Baş idarənin sosial sahədə də həyata keçirdiyi tədbirlər barədə məlumat verilərək qeyd olunub ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş hərbi qulluqçuların ailə üzvlərində birdəfəlik ödəmələrin verilməsi, habelə aztəminatlı ailələrin müavinətlərlə operativ təmin edilməsi üzrə verilmiş vərəsəlik şəhadətnamələrinin və rəsmiləşdirilməklə aidiyyəti üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə göndərilmiş müraciətlərin sayı ümumilikdə 141 613 olmuşdur.

Sosial yönümlü tədbirlər sırasında həmçinin ailə institutunun qorunub saxlanılması və nikah pozulmalarına qarşı qeyri-hökumət təşkilatları ilə əməkdaşlıq çərçivəsində qeydiyyat şöbərində təşkil edilmiş psixoloq xidmətlərinin əhəmiyyəti də səsləndirilmişdir. Belə ki, bu xidmətdən yararlanan şəxslərin 36%-i nikahın pozulması fikrindən daşınmışdır.

Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı, habelə yeni nəsil şəxsiyyət vəsiqələrinin verilməsi ilə bağlı şəxslərin FİN-lə təmin edilməsi üzrə aparılan əməliyyatların və verilən sənədlərin sayı təxminən yarım milyona yaxın olmuşdur.

Bununla yanaşı, nazirliyin rəhbərliyinin tapşırığına uyğun olaraq “Dayanıqlı İnkişaf Məqsədləri”ndə öz əksini tapmış doğumun qeydiyyatının tam təmin edilməsi hədəfinə nail olunması üçün 3 min yarıma qədər doğum səyyar qaydada bilavasitə doğum evlərində aparılmış, habelə uzaq bölgələrdə yaşayan uşaqların doğumunun qeydiyyatına köməklik göstərilmişdir.

Ədliyyə xidmətlərinə əlçatanlığın təmin edilməsi məqsədini daşıyan Heydər Əliyev adına hava limanında quraşdırılmış və məsafədən fasiləsiz xidmət göstərən elektron ədliyyə köşkünün, mobil cihazlar üçün yaradılmış “Mobil notariat” proqramı, bu proqram çərçivəsində tətbiq olunan mobil notariat qovluğu və ədliyyə işçilərinin peşə bayramı günündə əhalinin istifadəsinə verilmiş mobil etibarnamə xidmətlərinin vətəndaş məmnunluğunun təmin edilməsində əhəmiyyəti vurğulanıb. Həmçinin notariat ofislərinə gələ bilməyən şəxslərə iş və ya yaşayış yerini tərk etmədən notariat xidmətlərindən yararlanması məqsədilə müasir avadanlıqla təchiz olunmuş və “Elektron notariat” informasiya sisteminə birbaşa çıxışı olan xüsusi səyyar çantaların notariusların istifadəsinə verilməsi barədə də məlumat verilib.

Bildirilib ki, baş idarənin təşkil etdiyi elektron xidmətlərdən istifadə edənlərin sayı 1,5 milyonu, mobil tətbiqi telefonlarına yükləmiş istifadəçilərin sayı isə 30.000-i ötmüşdür.

Təsadüfi deyil ki, xidmət sahəsində tətbiq olunan innovativ həllərin öyrənilməsi məqsədi ilə Bakıda keçirilən beynəlxalq seminarlar artıq bir ənənəyə çevrilmişdir.

Əhalinin hüquqi maarifləndirilməsi fəaliyyəti baş idarənin işində mühüm  əhəmiyyət kəsb etmişdir. Bu sahədə baş idarənin və yerli qurumların əməkdaşları tərəfindən müxtəlif istiqamətləri əhatə edən ümumilikdə 1200-ə yaxın təbliğat və maarifləndirmə tədbirləri görülmüşdür.

Bununla yanaşı, 2019-cu ildə qanunvericiliyin təkmilləşdirilməsinə yönəldilmiş müəyyən tədbirlər də qeyd edilmişdir. Belə ki, “Azərbaycan ədliyyəsinin inkişafına dair 2019-2023-cü illər üçün Dövlət Proqramı”nın, Azərbaycan Respublikası Prezidentinin “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Fərmanının və Ədliyyə Nazirliyinin İş Planının icrası məqsədi ilə baş idarə tərəfindən hazırlanmış layihələr əsasında 9 normativ hüquqi aktda dəyişikliklər edilmiş, 2 normativ hüquqi akt Ədliyyə Nazirliyi Kollegiyasının qərarı ilə təsdiq edilmiş, daha 18 normativ hüquqi akta dəyişikliklərə dair təkliflər hazırlanaraq aidiyyəti üzrə təqdim olunmuşdur.

Eyni zamanda, yerli qeydiyyat və notariat orqanları işçilərinin peşə ixtisasının artırılması məqsədi ilə il ərzində müxtəlif mövzularda təlimlər keçirilmiş, yardımçı vəzifələrdə çalışan əməkdaşların təlim üzrə qiymətləndirilməsi aparılmışdır. Bu tədbirin cari ildə də davam etdirilməsi nəzərdə tutulur.

Tədbirin sonunda qarşıda duran vəzifələrin icrasına daha məsuliyyətlə yanaşılması, icra intizamına dönmədən əməl edilməsi, habelə işin daha səmərəli təşkili üçün təşəbbüs səylərinin artırılmasına dair tapşırıqlar verilib.

iacca
iap
Qarabağ Azərbaycandır!
eplc
Ən Tez