Cinayətkarlıqla mübarizədə beynəlxalq əməkdaşlıq səmərə verir

Prezident İlham Əliyevin rəhbərliyi ilə cinayətkarlığa qarşı qəti mübarizə aparılaraq, bu sahədə beynəlxalq əməkdaşlığa mühüm əhəmiyyət verilir. Respublikamız cinayətkarlıqla qlobal mübarizədə fəal iştirak edərək cinayət işləri üzrə hüquqi yardım və ekstradisiya sahəsində konvensiyalardan və ikitərəfli müqavilələrdən irəli gələn öhdəlikləri vicdanla yerinə yetirir.

Ölkəmiz 50 dövlət tərəfindən ratifikasiya olunmuş "Ekstradisiya haqqında" 1957-ci il tarixli Avropa Konvensiyasının iştirakçısı olmaqla Ədliyyə Nazirliyi tərəfindən səlahiyyətli qurum kimi həmin dövlətlərlə, habelə MDB çərçivəsində müvafiq konvensiyalar üzrə səmərəli əməkdaşlıq edilir. Eyni zamanda, nazirlik tərəfindən cinayət törətmiş şəxslərin təslim edilməsinə – ekstradisiyasına dair bir sıra Asiya, Afrika və Ərəb dövlətləri ilə ikitərəfli müqavilələr bağlanılıb. Bütün bunlar cinayətkarların özünü təhlükəsizlikdə hiss etmələrinin qarşısını alan çox mühüm təsirli mexanizm olmaqla cəzanın labüdlüyü prinsipini təmin edir.

Bu sahədə səmərəli beynəlxalq əməkdaşlıq çərçivəsində ötən 5 il ərzində 160-dək cinayətkar şəxslərin Azərbaycana ekstradisiya edilməsinə nail olunub.

Azərbaycan Respublikası ilə Əlcəzair Xalq Demokratik Respublikası arasında imzalanmış ekstradisiya haqqında Sazişin implementasiyası çərçivəsində, özgənin əmlakını ələ keçirərək külli miqdarda ziyan vurmaqla əməl törətmiş və barəsində İnterpolun xətti ilə beynəlxalq axtarışa verilmiş şəxsin Azərbaycana ekstradisiyası ilə bağlı danışıqlar aparılıb, Ədliyyə Nazirliyinin Əlcəzair tərəfinə göndərdiyi sorğu təmin edilərək həmin şəxsin təslim edilməsinə razılıq verilib və o, nazirliyin əməkdaşlarının müşayiəti ilə bu günlərdə ölkəmizə gətirilib.

Nazirlik tərəfindən bu sahədə lazımi tədbirlər bundan sonra da davam etdiriləcəkdir.

iacca
iap
Qarabağ Azərbaycandır!
eplc
Ən Tez