31-01-2020 | 15:55 1755
Ölkə Prezidenti cənab İlham Əliyevin "Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi" haqqında 2019-cu il 3 aprel tarixli Fərmanına uyğun olaraq, məhkəmə hakimiyyətinə ictimai etimadın gücləndirilməsi, məhkəmə fəaliyyətində şəffaflığın artırılması, geniş ictimaiyyətin məlumatlandırılması üzrə işlər davam etdirilir. Bu müstəvidə kütləvi informasiya vasitələri ilə qarşılıqlı əlaqələr genişləndirilib, Məhkəmə-Hüquq Şurasının qərarı ilə məhkəmələrdə media ilə işləyəcək spiker-hakimlər ayrılıb, eləcə də, Şuranın özündə məsul şəxs müəyyən edilib, onların siyahısı Şuranın saytında yerləşdirilib. Çoxsaylı KİV rəhbərlərinin və jurnalistlərin iştirakı ilə görüş təşkil olunaraq spiker-hakimlər KİV təmsilçilərinə təqdim olunub, habelə hakimlər və jurnalistlər üçün təlim və seminarlar təşkil edilib.
Davam edən tədbirlər çərçivəsində Ədliyyə Akademiyasında spiker-hakimlər üçün "Məhkəmə fəaliyyətində aşkarlıq" mövzusunda təlim keçirilib.
Tədbirdə Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasının rektor vəzifəsini icra edən Elçin Xələfov açılış nitqi edib. Nazirliyin İnsan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Aynur Sabitova və Azərbaycan Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli mövzu üzrə mühazirələrlə çıxışlar edərək, spiker-hakim institutunun yaradılmasının məhkəmə sistemində şəffaflığın və aşkarlığın artırılmasına, cəmiyyətdə yüksək nüfuza malik ədalət mühakiməsinin səmərəliliyinin yüksəldilməsinə, əhalinin məhkəmə fəaliyyəti ilə bağlı obyektiv və qərəzsiz işıqlandırılmasına xidmət etdiyini vurğulayıblar.
Həmçinin spiker-hakimlərin qarşısında duran vəzifələrdən danışılıb, dinləyiciləri maraqlandıran suallar cavablandırılıb.
Təlimə dəvət olunmuş beynəlxalq media eksperti, professor Juan (Joan) Barata Mirin "Hakimlərin kütləvi informasiya vasitələri ilə qarşılıqlı əlaqəsi" mövzusunda məruzəsi dinlənilib.