IMAGE

"Könüllülər ili" çərçivəsində Ədliyyə Nazirliyində gənclərlə görüş keçirilib

Müasir Azərbaycan gəncliyinin hərtərəfli inkişafı, dövlət gənclər siyasətinin formalaşması ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Gənclərə daim qayğı ilə yanaşan Ulu Öndər tərəfindən bu sahədə mühüm qanunvericilik və institusional tədbirlər görülüb, Gənclər və İdman Nazirliyi yaradılıb, 1996-cı ilin 2 fevral tarixində Azərbaycan Gənclərinin I Forumu keçirilib, Ümummilli Liderin Sərəncamı ilə Gənclər Günü təsis olunub. Dövlət orqanlarının diqqətini gənclərlə bağlı problemlərin həllinə yönəltmək məqsədilə "Dövlət gənclər siyasəti" haqqında Fərman və xüsusi Qanun qəbul olunub.

Gənclərlə aparılan məqsədyönlü işlər möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə davamlı olaraq həyata keçirilərək, 2007-ci il Azərbaycanda "Gənclər ili" elan olunub, müvafiq normativ hüquqi baza təkmilləşdirilib, dövlət proqramları və "2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası" təsdiq edilib.

Bu gün ölkəmizdə sağlam düşüncəli, mənəvi cəhətdən saf və dövlətçilik ideyalarına sadiq, vətənpərvər yeni nəsil formalaşır, gənclərin cəmiyyətdə fəallığı, idarəetmədə rolu artır, onlara mühüm rəhbər vəzifələr etibar olunur, seçkili orqanlarda iştirak üçün geniş imkanlar yaradılır.

Son illər gənclərimizin həyat tərzinə çevrilmiş insanları vahid niyyət ətrafında birləşdirən, cəmiyyət və dövlətin birgə fəaliyyətinin uğurlu formatı olan könüllülər hərəkatı geniş vüsət alıb, ölkə başçısının təşəbbüsü ilə "Könüllü fəaliyyət haqqında" Qanun qəbul olunub, müxtəlif təşkilatlarda, eləcə də hüquq mühafizə orqanlarında, o cümlədən "ASAN Könüllüləri" şəbəkəsində on minlərlə gənci birləşdirən könüllü qrupları formalaşıb.

Gənclərin fərdi inkişafına təkan vermək, onlarda sosial məsuliyyət hissini artırmaq, gəncliyin potensialından xalqın rifahı və ölkəmizin dayanıqlı inkişafı üçün səmərəli istifadə etmək məqsədilə möhtərəm Prezidentimiz cənab İlham Əliyevin 2019-cu il 30 dekabr tarixli Sərəncamı ilə 2020-ci il Azərbaycanda "Könüllülər ili" elan edilib.

"Könüllülər ili" və 2 fevral – Azərbaycan Gəncləri Günü münasibətilə Ədliyyə Nazirliyində 100-dən çox gənc əməkdaşlar, könüllülər və istehsalat təcrübəsinə başlayacaq Bakı Dövlət Universitetinin hüquq fakültəsinin tələbələri ilə görüş keçirilib.

Tədbirdə Ədliyyə, Gənclər və İdman nazirlərinin müavinləri, BDU-nun Hüquq fakültəsinin və bir sıra qeyri-hökumət təşkilatlarının rəhbərləri iştirak ediblər.

Gənc ədliyyə işçiləri və könüllüləri əvvəlcə Fəxri Xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edərək, önünə əklil qoyub, Ulu Öndərin əziz xatirəsinə ehtiramlarını bildiriblər.

Görüşdən öncə ədliyyə sahəsində dövlət gənclər siyasətinə həsr olunmuş video-çarx nümayiş etdirilib.

Çıxış edən ədliyyə nazirinin müavini Toğrul Musayev gəncləri nazir Fikrət Məmmədovun adından qarşıdan gələn bayram münasibətilə təbrik edib, Ümummilli Liderin dövlət gənclər siyasətindən və möhtərəm Prezidentimiz tərəfindən gənclərlə bağlı aparılan davamlı işlərdən bəhs edib, bu ilin "Könüllülər ili" elan olunmasını dövlət başçısının Azərbaycan gəncliyinə dəstəyinin və etimadının növbəti təzahürü olduğunu vurğulayıb, ölkə rəhbərinin bu yaxınlarda Davos İqtisadi Forumu çərçivəsində keçirilən panel iclasında Azərbaycanda gənclər və könüllü fəaliyyətlə bağlı səsləndirdiyi çox önəmli fikirləri iştirakçıların diqqətinə çatdırıb. İstedadlı gənclərin dəstəklənməsində, onların innovativ potensiallarının və bacarıqlarının üzə çıxarılmasında Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın mühüm fəaliyyətini xüsusilə qeyd edib.

Ədliyyə orqanlarında gənclərlə, o cümlədən könüllülərlə aparılan işin səmərəli təşkilindən bəhs edən nazir müavini gənclərin işlə təminatına daim diqqətlə yanaşıldığını, ötən dövrdə şəffaf müsabiqələr əsasında əksəriyyəti gənclər olan 3.000-ə yaxın şəxsin qulluğa qəbul edildiyini, hazırda ədliyyə orqanları işçilərinin təxminən yarısını, nazirliyin əksər xidmətlərinin kadr korpusunun 70 faizə qədərini isə qulluğa qəbul edilən yeni nəsil ədliyyə işçiləri təşkil etdiyini bildirib.

Məmnunluqla qeyd olunub ki, bu gün 200-dən çox yüksək nəzəri biliyə və peşə hazırlığına malik gənc ədliyyə işçiləri vəzifədə irəli çəkilərək hakimiyyətin hər üç qolunda məsul və rəhbər vəzifələrdə təmsil olunurlar.

Nazirlik tərəfindən, həmçinin tələbələrin istehsalat təcrübəsi keçmələrinə xüsusi önəm verildiyi, son 5 ildə ali təhsil müəssisələrinin 1.700-dən çox tələbəsinin ədliyyə orqanlarında və məhkəmələrdə təcrübə keçdiyi diqqətə çatdırılıb. Hazırda Bakı Dövlət Universitetinin hüquq fakültəsinin, habelə SABAH qruplarında təhsil alan daha 420 nəfər tələbənin fevral-may aylarında istehsalat təcrübəsi keçmələri nəzərdə tutulur.

Eyni zamanda, ölkə gənclərini ədliyyə fəaliyyəti ilə yaxından tanış etmək və işləməyə həvəsləndirmək, məşğulluğunun təmin olunmasına şərait yaratmaq və ədliyyə orqanlarının kadr ehtiyatını formalaşdırmaq məqsədilə könüllülük institutununun geniş təşviq olunduğu, bu məqsədlə nazirliyin Kollegiyası tərəfindən 2016-cı ildə "Ədliyyə orqanlarında könüllülər institutunun təşviqi üzrə əlavə tədbirlər barədə" xüsusi qərar qəbul edildiyi, ölkəmizin ali təhsil müəssisələri və tələbə-gənclər təşkilatları, eləcə də Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə səmərəli əlaqələr qurulduğu qeyd olunub.

Vurğulanıb ki, ölkə başçısının ötən ilin fevralında gənclərlə keçirdiyi respublika toplantısında verdiyi tapşırıqlara və çağırışlara uyğun olaraq gənclərin ədliyyə sahəsində könüllü fəaliyyətə daha geniş cəlb olunması məqsədilə tədbirlər planı təsdiq edilib, ədliyyə orqanları və könüllülər arasında münasibətləri tənzimləyən nümunəvi müqavilə, həmçinin müraciət formaları hazırlanıb.

Nazirliyin internet saytında xüsusi bölmə yaradılaraq zəruri məlumatlar yerləşdirilib və könüllülərə birbaşa elektron qaydada müraciət etmək imkanları yaradılıb. Onların müvafiq reyestri aparılaraq, bu institutun təşviqi üzrə zəruri tədbirlər görülür.

Ali təhsil müəssisələri ilə əlaqələr genişləndirilərək, tələbələrlə mütəmadi görüşlər keçirilib və ötən bir ildə 1.400-ə yaxın könüllü ədliyyə orqanlarında, o cümlədən "ASAN School" proqramı çərçivəsində 45 nəfər müvafiq məhkəmələrdə könüllü fəaliyyətə cəlb olunub, onların bir qismi üçün Ədliyyə Akademiyasında xüsusi təlimlər təşkil edilib.

Bu gün 450-ə yaxın könüllü nazirliyin müxtəlif qurumlarında, o cümlədən aparatında fəaliyyət göstərirlər. Onlar həmçinin, müvafiq geyim formaları və metodiki vəsaitlərlə təmin edilirlər.

Könüllülərlə aparılan səmərəli işin nəticəsidir ki, Ədliyyə Nazirliyi ADA Universiteti tərəfindən tələbələrin istedadının gələcək inkişafına verdiyi dəyərli töhfəyə görə sertifikata layiq görülüb. Həmçinin, təkcə ötən il ərzində 90-dək gənc könüllü müxtəlif vəzifələrə işə götürülüb, o cümlədən 31 nəfər açıq müsabiqələrdə uğur qazanaraq daimi qulluğa qəbul olunub.

Görüşdə dövlət başçısının 2020-ci ilin "Könüllülər ili" elan olunması barədə Sərəncamı ilə verdiyi tapşırıqlara əsasən hazırlanmış müvafiq tədbirlər planına dair geniş təkliflərin aidiyyəti üzrə təqdim edildiyi diqqətə çatdırılıb, ədliyyə sahəsində könüllü fəaliyyətə cəlb olunmuş bir qrup gənclərin təşəbbüsü ilə təsis edilmiş "Ədliyyə Könüllüləri" İctimai Birliyin təqdimatı keçirilib. Nazir müavini tərəfindən qurumun dövlət qeydiyyatına alınmasına dair şəhadətnamə ictimai birliyin sədri, əvvəllər könüllü kimi fəaliyyət göstərmiş Ədliyyə Akademiyasının əməkdaşı Fatimə Zərbiyevaya təqdim edilib.

Təşkilatın sədri nazirliyin rəhbərliyi tərəfindən belə bir addımın dəstəklənməsini məmnunluqla qeyd edib, qurumun məqsəd və vəzifələri barədə məlumat verib, birliyin öz sıralarında dövlətçiliyə sadiq, sağlam düşüncəli gəncləri birləşdirərək ədliyyə orqanlarının dayanıqlı inkişafına dəyərli töhfələrini verəcəklərini vurğulayıb.

Tədbirdə çıxış edən gənclər və idman nazirinin müavini Fərhad Hacıyev Azərbaycanda gənclər siyasətinin dövlətimizin əsas prioritetlərindən olduğunu, ölkədə geniş vüsət alan könüllülük hərəkatının əsas aparıcı və çevik qüvvəsinin məhz gənclər təşkil etdiyini bildirib. Qeyd edib ki, könüllü fəaliyyət gənclərin potensiallarının, dünyagörüşlərinin artırılmasında, məşğulluğunun təmin olunmasında, dövlətin müxtəlif sahələrində aktiv iştirakında mühüm əhəmiyyət kəsb edir.

BDU-nun Hüquq fakültəsinin dekanı Əmir Əliyev, ədliyyə naziri yanında İctimai Komitənin üzvü Sahib Məmmədov və "ASAN Könüllüləri" Təşkilatının sədri Səbinə

Cabarova ictimai-siyasi həyatın bütün sahələrində gənclərə əlverişli imkanların yaradıldığını, dövlət idarəçiliyinə yeni, savadlı, müasir dünyagörüşlü mütəxəssislərin irəli çəkildiyini, ölkə gənclərinin könüllülər hərəkatına fəal qoşulduğunu vurğulayıb, gənclərlə iş sahəsində Ədliyyə Nazirliyinin çoxşaxəli fəaliyyətini, o cümlədən qulluğa qəbul prosesində hər zaman şəffaflığa, ictimai iştirakçılığa böyük önəm verildiyini, gənclərə gələcək karyeralarını qurmalarına xüsusi qayğı ilə yanaşıldığını qeyd edib, könüllülərə tövsiyələrini veriblər.

Eyni zamanda, ədliyyə könüllülərinin fəaliyyət göstərdikləri sahələr üzrə təşəbbüsləri, innovativ ideyaları və təklifləri dinlənilib, gənclər dövlət başçısının rəhbərliyi ilə müstəqil Azərbaycanımızın hərtərəfli inkişafı naminə sədaqətlə və əzmkarlıqla çalışacaqlarını, görülən işlərdə fəal mövqe tutacaqlarını vurğulayıblar.

Görüşə yekun vuran nazir müavini T.Musayev gənclərə zəruri təcrübə toplamaları, milli və vətənpərvərlik ruhunda tərbiyə almaları, xalqa və dövlətə bağlılığı, müstəqilliyimizin möhkəmləndirilməsi, ədliyyə idarəçiliyində şəffaflığın və vətəndaş məmnunluğunun artırılmasında, ictimai nəzarətin həyata keçirilməsində yaxından iştirak etmələri barədə tövsiyələr verib, onları gənclər günü münasibətilə bir daha təbrik edib, fəaliyyətlərində uğurlar arzulayıb.

Həmçinin böyük potensiala malik olan könüllülüyün 2020-ci ildə ədliyyə və məhkəmə fəaliyyətinə daha geniş təşviq olunması və könüllülərin imkanlarından səmərəli istifadə olunması ilə bağlı aidiyyəti üzrə tapşırıqlar verilib.

Gənclərə Azərbaycan gəncliyinin inkişafı ilə bağlı hazırlanmış əsas sənədlər toplusu və digər metodiki vəsaitlər təqdim olunub, xatirə şəkli çəkdirilib.

2 fevral - Gənclər Günü münasibətilə, həmçinin Ədliyyə tarixi muzeyində nazirlik tərəfindən dövlət gənclər siyasətinə uyğun həyata keçirilən tədbirləri əks etdirən yeni guşə yaradılıb, gənc könüllülərin muzeylə tanışlığı olub, kinozalda filmlər, eləcə də foto-slaydlar nümayiş etdirilib.

iacca
iap
Qarabağ Azərbaycandır!
eplc
Ən Tez