IMAGE

Könüllülər Ədliyyə Akademiyasında pulsuz hüquqi yardım fəaliyyətinə cəlb edilirlər

Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən 2020-ci ilin "Könüllülər ili" elan olunması çərçivəsində Ədliyyə Nazirliyi tərəfindən gənclərin könüllü fəaliyyətə geniş təşviq olunması ilə bağlı ardıcıl tədbirlər davam etdirilir.

Ədliyyə sahəsində könüllü fəaliyyət çərçivəsində hüquq fakültələrinin 40 könüllü tələbəsi seçilərək bu günlərdə nazirliyin Ədliyyə Akademiyasında əhalinin aztəminatlı təbəqəsinə pulsuz hüquqi yardımın göstərilməsi işinə cəlb edilib və onlarda praktiki vərdişlərin aşılanması üçün Vəkillər Kollegiyasının üzvü olan təcrübəli vəkillərin iştirakı ilə təlimlərin keçirilməsinə başlanılıb.

İki həftə davam edəcək təlimlərdən sonra 3 ay ərzində tələbələr Akademiyada pulsuz hüquqi yardım fəaliyyətinə cəlb olunacaqlar.

Tədris kursunun proqramına "Vətəndaşlarla müsahibənin aparılması", "Vətəndaşa məsləhət verilməsi", "Prosessual sənədlərin tərtibi", "Hüquqi yazı", "Mülki və inzibati işlər üzrə iddia ərizələrinin tərtibi", "Mülki, ailə-nikah və əmək hüquq münasibətlərindən irəli gələn işlərə dair yaranan mübahisələr üzrə işlərə baxılmasının xüsusiyyətləri" kimi mövzular daxil edilib.

Könüllü tələbələr üçün praktiki təlimin açılışında Ədliyyə Akademiyasının rektor vəzifəsini icra edən Elçin Xələfov çıxış edərək ölkəmizdə pulsuz hüquqi yardımın təşkilindən, dövlətimiz tərəfindən əhalinin bütün, o cümlədən aztəminatlı təbəqəsinə qayğısından bəhs edib, ölkə başçısının tapşırığına uyğun olaraq Akademiyada yaradılmış Hüquq Klinikasının fəaliyyəti barədə məlumat verib.

Bildirilib ki, "Azərbaycan ədliyyəsinin inkişafına dair 2019–2023-cü illər üçün Dövlət Proqramı"na uyğun olaraq beynəlxalq ekspertlərinin iştirakı ilə "Pulsuz hüquqi yardım haqqında" Azərbaycan Respublikası Qanununun layihəsinin hazırlanması əhalinin aztəminatlı təbəqəsinə ödənişsiz hüquqi yardımın göstərilməsi sahəsində fəaliyyətin təkmilləşdirilməsinə xidmət edəcək.

Tədbirdə iştirak edən Avropa İttifaqının Azərbaycan Nümayəndəliyinin əməkdaşı Məryəm Hacı-İsmayılova Ədliyyə Akademiyası ilə səmərəli əməkdaşlığı vurğulayıb, könüllülərin hüquqi yardım işinə cəlb olunmasının həm vətəndaşlara, həm də könüllü tələbələrə faydalı olacağını, bu növ fəaliyyətlərin regionlarda da həyata keçirilməsinin önəmini qeyd edib.


iacca
iap
Qarabağ Azərbaycandır!
eplc
Ən Tez