13-02-2020 | 15:05 1921
Rusiya Federasiyası Prezidenti yanında Rusiya xalq təsərrüfatı və dövlət xidməti akademiyasında cari ilin yanvar ayının 15, 16-da Moskva şəhərində keçirilmiş “Rusiya və dünya: Yeni onilliyin çağırışları” XI Qaydarov beynəlxalq forumu çərçivəsində “Yeni iqtisadi şəraitdə rusiya notariatının transformasiyası” ekspert sessiyasının işində Qeydiyyat və notariat baş idarəsi Notariat idarəsinin böyük məsləhətçisi, ədliyyə müşaviri Vidadi Mayıl və Bakı şəhəri 11 saylı notariat ofisinin xüsusi notariusu İlqar Məmmədov iştirak etmişlər.
Tədbirdə Rusiya Federasiya Şurasının qanunvericilik və dövlət quruculuğu Komitəsinin sədri A.Klişas, Risuya Federasiyası ədliyyə nazirinin müşaviri M.Melnikova, Rusiya Federal notariat palatasının prezidenti K.Korsik, İngiltərənin London şəhərinin notariusu A.Qrafton və digər şəxslər rəqəmsal iqtisadiyyata keçid prosesində mülki dövriyyənin sabitliyini təmin edən notariusun yeri və əhəmiyyəti, hüquqların və əmlak maraqlarının müdafiəsi mövzuları üzrə çıxış etmişlər.
Məlumat verilmişdir ki, rəqəmsallaşma bütün dünyada sosial inkişafın əsas istiqamətlərindən biri olmaqla rəqəmsal mühit fiziki və hüquqi şəxslərin hüquqlarının notariat vasitəsilə qorunması və təhlükəsizliyinin təminatına tələbatı kəskin şəkildə artırır.
Bununla bağlı Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Rusiya Federal Məclisinə müraciətində qeyd etmişdir ki, "gələcəyi müəyyən edən sahələrdə, o cümlədən rəqəmsal texnologiyalarda öz texnologiyalarımızı və standartlarımızı yaratmalıyıq".
“Rəqəmsal iqtisadiyyat” milli proqramı çərçivəsində notariat fəaliyyətinin rəqəmsallaşması, fiziki və hüquqi şəxslərin hüquqlarının notariat müdafiəsinə tələbatın artırılması məqsədi ilə ötən ilin dekabr ayında “Rusiya Federasiyasının notariat haqqında qanunvericiliyin əsasları”na dəyişiklik edilməsi haqqında Qanun qəbul olunmuşdur.
İnformasiya texnologiyalarının tətbiqi notariat prosesinin sürətini və keyfiyyətini artırmış, yeni növ notariat hərəkətlərinin yaradılmasına imkan vermişdir. Eyni zamanda informasiya texnologiyaları sahəsində cinayətkarlığın artması ciddi təhlükəsizlik tədbirlərinin həyata keçirilməsini labüd etmişdir.
Rusiya notariatının rəqəmsallaşmasında həmin ölkənin notariat palatasının rəhbərliyi və notariuslarının təşəbbüsü və iştirakı ilə Bakı şəhərində təşkil olunan beynəlxalq seminarlarda əldə olunmuş Azərbaycan notariatının təcrübəsindən də istifadə edilmişdir.