19-02-2020 | 17:35 1719
19.02.2020-ci il tarixdə Avropa Şurasının ekspertləri – Con MkQakin, Yorq Pont və Avropa Şurasının Bakı ofisinin nümayəndəsi Aynur Quliyevadan ibarət nümayəndə heyəti Penitensiar xidmətin Baş idarəsində qəbul edilmişdir.
Qonaqları salamlayan Penitensiar xidmətin rəis müavini ədliyyə general-mayoru Orxan Qasımov məhkumların və həbs edilmiş şəxslərin hüquqlarının və qanuni mənafelərinin etibarlı müdafiəsinin, onların sağlamlıqlarının qorunmasının ölkə rəhbərliyinin diqqət mərkəzində olduğunu bildirmişdir. Beynəlxalq əməkdaşlıq sahəsində nəzərə çarpacaq müsbət dəyişikliklərin əldə edildiyi, beynəlxalq qurumların nümayəndələrinin mütəmadi olaraq cəza çəkənlərin saxlanma şəraiti ilə yaxından tanış olduqları qeyd olunmuşdur.
Nəzərə çatdırılmışdır ki, Penitensiar xidmət mötəbər beynəlxalq təşkilatlarla fəal əməkdaşlıq edir, çoxsaylı beynəlxalq tədbirlərdə təmsil olunur və qabaqcıl təcrübənin öyrənilməsində maraqlıdır.
Ölkəmizin beynəlxalq təşkilatlarla əməkdaşlığı nəticəsində əldə olunmuş müsbət nəticələri yüksək qiymətləndirən xidmətin rəis müavini səhiyyə xidmətlərinin və cəzaçəkmə müəssisələrinin idarə olunması mövzusunu əhatə edən “Azərbaycanda Penitensiar İslahata Dəstək-2” (SPERA-2) layihəsi çərçivəsində penitensiar müəssisələrin rəisləri ilə müxtəlif mövzularda seminar və təlimlərin keçirildiyini, xidmətin əməkdaşlarının İspaniya və İsveç Krallığında tanışlıq səfərlərində olduqlarını qeyd etmişdir. Cəzaçəkmə müəssisələrində uğurla tətbiq olunan pilot layihənin gələcəkdə öz töhfəsəni verəcəyindən əminliyini vurğulamışdır.
Həmçinin qeyd edilmişdir ki, humanizm siyasətinin təzahürü olan şərti azad etmə institutunun ölkəmizdə yüksək səviyyədə tətbiq olunur, bu isə öz növbəsində cinayət törətmiş şəxslərin islah olunma prosesinin sürətlənməsinə, onların sosial adaptasiyasına geniş imkan yaradır. Bununla yanaşı, O.Qasımov bu sahənin təkmilləşdirilməsi məqsədilə beynəlxalq təcrübənin öyrənilməsinin hələ də maraq doğurduğunu vurğuladı.
Səmimi qəbula və əməkdaşlığa görə Penitensiar xidmət rəhbərliyinə minnətdarlığını bildirən Avropa Şurasının eksperti Con MkQakin cəzaçəkmə müəssisələrində səhiyyə xidmətinin təşkili, cəzaçəkmə müəssisələrinin idarə olunması və keçmiş məhkumların cəmiyyətə inteqrasiyasını qabaqcıl Avropa standartlarına və təcrübəsinə uyğunlaşdırmaq, Azərbaycanda məhkumların müdafiəsini gücləndirmək məqsədi daşıyan “SPERA-2” layihəsinin Azərbaycanda uğurla təbiq olunduğunu diqqətə çatdırmışdır. O, layihənin cəzaçəkmə müəssisələrində səhiyyə xidmətlərinin təşkili, psixi sağlamlıq və cəzaçəkmə müəssisələrinin idarə olunmasına dair üç qiymətləndirmə hesabatının nəticələri və tövsiyələri əsasında ərsəyə gəldiyini bildirirmiş, səhiyyə xidmətinin təkmilləşdirilməsi məqsədilə müxtəlif rejimli cəzaçəkmə müəssisələrində pilot layihələrin həyata keçirilməsi baxımından mühüm əhəmiyyət kəsb etdiyini nəzərə çatdırmışdır.
Layihə üzrə əlaqələndirici Aynur Quliyeva proqramın əhatə etdiyi əsas istiqamətlər barədə iştirakçılara geniş məlumat vermişdir.
Daha sonra ekspertlərin coxsaylı sualları cavablandırılmış, mövzu ətrafında konstruktiv və səmərəli fikir mübadiləsi aparılmış, yeni tədbirlər planı müzakirə olunmuşdur.