IMAGE

Xocalı soyqırımı qurbanlarının xatirəsi ədliyyə orqanlarında yad edilib

Bəşər tarixinə ən dəhşətli faciələrdən biri kimi daxil olmuş Xocalı soyqırımından 28 il ötür. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri bütün beynəlxalq hüquq normalarını pozaraq Xocalı üzərinə ağır hərbi texnika yeritmiş, yerlə yeksan etdikləri şəhərin dinc əhalisinə misli görünməmiş qəddarlıqla divan tutmuşlar.

Faciənin ildönümü ilə əlaqədar Ədliyyə Nazirliyində və struktur qurumlarda anma mərasimləri keçirilərək soyqırımı qurbanlarının xatirəsi dərin hüznlə yad edilib, erməni qəsbkarlarının azərbaycanlılara qarşı əsrlər boyu həyata keçirdiyi etnik təmizləmə siyasətindən, o cümlədən Xocalı soyqırımının ağır nəticələrindən bəhs olunub, kinozalda filmlər, eləcə də foto-slaydlar nümayiş etdirilib, ədliyyə işçiləri tərəfindən mətbuatda çıxışlar edilib.

Tədbirlər çərçivəsində Ədliyyə Akademiyasında "Ədliyyə Könüllüləri" ictimai birliyi ilə birgə gənc ədliyyə işçilərinin və könüllülərinin iştirakı ilə "Xocalını unutma" adlı ədəbi-tarixi tədbir keçirilib.

Gənclər əvvəlcə paytaxtın Xətai rayonunda Xocalı soyqırımı abidəsini ziyarət edərək önünə gül dəstələri qoyublar.

Faciə qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayan yığıncaqda Xocalı hadisələrindən bəhs olunaraq bu bəşəri cinayətlərə ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra siyasi-hüquqi qiymət verildiyi vurğulanıb. Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən bu kütləvi qırğının acı həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması, dünya birliyi tərəfindən soyqırımı aktı kimi tanınması üzrə mühüm addımların atıldığı, Heydər Əliyev Fondunun təşəbbüsü ilə məqsədyönlü və ardıcıl tədbirlərin keçirildiyi, bu istiqamətdə "Xocalıya ədalət!" kampaniyasının önəmi xüsusilə qeyd edilib.

"Xocalı soyqırımının beynəlxalq səviyyədə tanınması ilə bağlı görülmüş tədbirlər" və "Xocalı soyqırımı: tarixi-hüquqi aspektdə" mövzusunda çıxışlar edilərək Xocalıda törədilmiş dəhşətli qətliamın beynəlxalq hüquqa görə, sülh və bəşəriyyət əleyhinə yönələn ən ağır beynəlxalq cinayət olduğu diqqətə çatdırılıb, soyqırımı törədənlərin layiqli cəzalarını alacaqlarına əminlik ifadə edilib.

Həmçinin faciə ilə bağlı həqiqətlərin indiki və gələcək nəsillərə çatdırılmasının, eləcə də dünyada tanıdılmasının milli, vətənpərvər ruhda formalaşan və ölkədə geniş vüsət alan könüllülük hərəkatının aparıcı qüvvəsi olan müasir Azərbaycan gəncliyinin müqəddəs vəzifəsi olduğu vurğulanıb. Gənclər bu istiqamətdə görülən işlərdə layiqli töhfələr vermək əzmində olduqlarını söyləyərək dövlət başçısının elan etdiyi bu il "Könüllülər ili"ndə daha fəal olacaqlarını bildiriblər.

Sonra bədii hissədə Azərbaycan Dillər Universitetinin tələbələri tərəfindən Azərbaycan və ingilis dillərində Xocalıya həsr olunmuş şeirlər, musiqi əsərləri səsləndirilib, təqdimatlar izlənilib.

iacca
iap
Qarabağ Azərbaycandır!
eplc
Ən Tez