IMAGE

Ədliyyə Nazirliyində ötən ilin yekunlarına həsr olunmuş kollegiya iclası keçirilib

Müstəqil respublikamız ulu öndər Heydər Əliyevin müəyyən etdiyi tərəqqi yolu ilə gedərək ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə daha da inkişaf edir və möhkəmlənir, iqtisadiyyatımızın güclənməsinə, xalqımızın sosial rifahının yüksəlməsinə, dövlət idarəçiliyinin təkmilləşməsinə xidmət edən mütərəqqi islahatlar aparılır.

Ölkəmizin hərtərəfli inkişafı çərçivəsində ədliyyə və məhkəmə sistemi də dövlət başçısının tapşırıqlarına uyğun müasirləşir.

Fevralın 14-də ədliyyə naziri Fikrət Məmmədovun sədrliyi ilə nazirliyin geniş kollegiya iclası keçirilib.

Vətəndaş cəmiyyəti nümayəndələrinin iştirakı ilə keçirilən iclasda çıxış edən nazir ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə respublikamızın sosial-iqtisadi sahədə əldə etdiyi mühüm nailiyyətləri qeyd edib, fevralın 9-da azad, ədalətli və şəffaf şəraitdə keçirilmiş parlament seçkilərinin xalqımızın gələcək inkişaf kursu ətrafında həmrəyliyinin, təzahürü olduğunu vurğulayıb.

Bildirib ki, ötən il ədliyyə və məhkəmə-hüquq sistemi üçün dərin islahatlar ili kimi yadda qalıb. Ölkə başçısının 2018-ci ilin dekabrında təsdiq etdiyi "Azərbaycan ədliyyəsinin inkişafına dair 2019-2023-cü illər üzrə Dövlət Proqramı", "Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında" 2019-cu il 3 aprel tarixli Fərmanı ədliyyə və məhkəmə sisteminin inkişafının mühüm "yol xəritəsi" olmaqla islahatların müasir çağırışlara uyğun yeni mərhələdə aparılmasına rəvac verib. Müstəsna əhəmiyyət kəsb edən Dövlət Proqramının və Fərmanın icrası çərçivəsində 2019-cu ildə xeyli işlər görülüb.

Kollegiyada dövlət başçısının tapşırıqlarına uyğun olaraq həyata keçirilən islahatlar, ədliyyə fəaliyyətinin ayrı-ayrı istiqamətləri üzrə görülən tədbirlər ətraflı təhlil olunub, cari ildə qarşıda duran vəzifələr müzakirə edilib.

Məlumat verilib ki, ölkə Prezidentinin iqtisadiyyatın davamlı inkişafının təmin edilməsi, insanların sosial təminatının yaxşılaşdırılması və dövlət idarəetmə mexanizmlərinin yeni çağırışlara uyğun təkmilləşdirilməsi barədə tapşırıqlarına əsasən 2019-cu ildə Nazirlik tərəfindən əvvəlki illə müqayisədə 30 faiz çox - 2.300-dək normativ hüquqi akt layihəsi hazırlanıb, 3.800-dən artıq akt hüquqi ekspertizadan keçirilib. Əhali üçün daim açıq olan Hüquqi Aktların Dövlət Reyestrinin saytına (www.huquqiaktlar.gov.az) və milli qanunvericiliyin elektron bazasına (www.e-qanun.az) ümumilikdə 4.800-dən çox sənəd daxil edilib. İnsanların böyük marağının nəticəsidir ki, həmin elektron resurslara başçəkmələrin sayı il ərzində 50%-dən çox artaraq 2 milyona çatıb.

Ədliyyə fəaliyyəti barədə insanların geniş məlumatlandırılması, şəffaflığın artırılması, məqsədilə nazirlik tərəfindən aparılan 11 internet saytın interaktiv rejimdə fəaliyyəti təmin olunub, vətəndaşlara göstərilən 31 elektron xidmətdən istifadənin sayı 3 milyonu ötüb. "Elektron hökumət" portalında ən çox istifadə olunan 10 elektron xidmətdən 2-si nazirliyin "Borclunun ölkədən getmək hüququnun məhdudlaşdırılması" və "Fərdi identifikasiya nömrəsi barədə məlumatın əldə edilməsi" ilə bağlı e-xidmətləridir.

Dövlətimizin başçısının vətəndaşların müraciətlərinə qayğı və həssaslıqla yanaşılması ilə bağlı tapşırıqları diqqətdə saxlanılaraq 18 minə yaxın vətəndaş nazirlikdə, bölgələrdə və "virtual qəbul" məntəqələri vasitəsilə qəbul edilib, qaldırılan məsələlərlə bağlı zəruri tədbirlər görülüb.

İqtisadi proseslərin və hüquq münasibətlərinin tənzimlənməsində mühüm rol oynayan notariat institutunun yeni çağırışlara uyğun təkmilləşdirilməsi üzrə tədbirlər görülüb, ölkəmizdə ilk dəfə olaraq notariusların müstəqil özünüidarə orqanı olan Notariat Palatası yaradılaraq fəaliyyətə başlayıb.

2019-cu ildə ölkə iqtisadiyyatının inkişafı və mülki dövriyyənin artması nəticəsində notariat ofislərində əvvəlki illə müqayisədə 21% çox – 5,3 milyondan artıq notariat hərəkəti rəsmiləşdirilib, həmçinin vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı ilə bağlı 327 minə yaxın əməliyyat aparılıb. Bu əməliyyatlarla bağlı 10 milyon manatdan artıq vəsait, daşınmaz əmlakla əlaqədar müqavilələr üzrə isə 53 milyon manatdan çox vergi dövlət büdcəsinə köçürülüb.

"ASAN xidmət" mərkəzlərində fəaliyyət göstərən ədliyyə qurumları tərəfindən rəsmiləşdirilən əməliyyatlar 2019-cu ildə bu mərkəzlərdə verilmiş hazır sənədlərin 45%-ni təşkil edib.

İnnovasiyaların tətbiqi, vətəndaş məmnunluğunun artırılması məqsədilə ədliyyə sahəsində məsafədən xidmət göstərən elektron ədliyyə köşkünün, "Mobil notariat"ın funksionallığı artırılıb, o cümlədən nəqliyyat vasitələrinə dair etibarnamələrin fasiləsiz rejimdə elektron rəsmiləşdirilməsi xidməti istifadəyə verilib.

Qeyd olunub ki, vətəndaş cəmiyyətinin inkişafına dövlət dəstəyinin təzahürü olaraq 2019-cu ildə 200-dən çox qeyri-kommersiya qurumu dövlət qeydiyyatına alınıb, 70-dək mətbu nəşr uçota götürülüb. Hazırda qeyri-kommersiya təşkilatlarının ümumi sayı 4.600-ə yaxın, mətbu nəşrlərin sayı isə təxminən 5.300 təşkil edir.

Ölkə başçısının tapşırıqlarına uyğun olaraq ədalət mühakiməsinin səmərəliliyinin artırılmasında mühüm rol oynayan məhkəmə qərarlarının icrası işinin yaxşılaşdırılması üzrə ardıcıl tədbirlər davam etdirilərək ötən il 485 min icra sənədinin icrası təmin edilib, hüquqi və fiziki şəxslərə 1,74 milyard manata yaxın, vergi borcları ilə bağlı dövlət büdcəsinə isə 14,3 milyon manat vəsait ödətdirilib.

Azadlıqdan məhrumetməyə alternativ cəzaların səmərəli icrası diqqətdə saxlanılaraq azadlığın məhdudlaşdırılması və digər cəzalara məhkum olunmuş 2.400-dən çox şəxsə elektron qolbaq tətbiq edilib, cərimə və islah işlərinin icrası ilə bağlı dövlət büdcəsinə 2,5 milyon manata yaxın vəsaitin ödənilməsi təmin olunub.

Nazirlik tərəfindən ədalət mühakiməsi əleyhinə, o cümlədən məhkəmə qərarlarının icra olunmaması və digər cinayətlərlə bağlı 572 iş üzrə ibtidai istintaq tamamlanıb, bu zaman fiziki və hüquqi şəxslərə vurulmuş 4,7 milyon manat məbləğində ziyan istintaqın gedişində ödətdirilib.

Ölkə Prezidentinin məhkəmə ekspertizası fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tapşırıqlarına uyğun olaraq bu sahədə qanunvericilik əsaslı surətdə yenilənib, Məhkəmə ekspertizası mərkəzinin infrastrukturunun müasirləşdirilməsi üzrə tədbirlər görülüb. 2019-cu ildə Mərkəzdə 41 ekspert ixtisası üzrə 35.000-ə yaxın işə baxılıb, ekspertlər 816.000-dən çox suala cavab verməklə qaldırılmış məsələlərin 99,6%-ni həll ediblər.

Yerli demokratiyanın inkişafında mühüm rol oynayan bələdiyyələrin fəaliyyətində qanunçuluğun təmin olunması, həmçinin yeni seçilmiş bələdiyyə üzvləri və qulluqçularına metodoloji yardımın gücləndirilməsi diqqətdə saxlanılıb, 2019-cu ildə 78.500-ə yaxın bələdiyyə aktı üzrə inzibati nəzarət həyata keçirilib, 2.800-dək akt nazirliyin təklifləri əsasında ləğv edilib və ya dəyişdirilib, habelə qanunsuz verilmiş 7.000 hektardan çox torpaq sahəsi geri qaytarılıb. Pozuntulara yol verən 130-dan çox bələdiyyə sədri barəsində inzibati xəta haqqında protokollar məhkəmələrə, cinayət xarakterli 24 fakt üzrə materiallar isə prokurorluğa göndərilib.

Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin həyata keçirilməsi ilə bağlı 2019-cu il üzrə İllik Məruzə hazırlanaraq Milli Məclisə təqdim olunub.

Kollegiyada bildirilib ki, ötən il nazirliyin beynəlxalq hüquq əməkdaşlığının genişləndirilməsi üzrə tədbirlər görülüb, Səudiyyə Ərəbistanına ikitərəfli səfərlər edilərək, hüquqi sahədə mühüm sənədlər imzalanıb. Bununla yanaşı, cinayətkarlığa qarşı mübarizədə beynəlxalq əməkdaşlığa mühüm önəm verilərək ölkə başçısının Sərəncamı ilə verilmiş səlahiyyətlərə əsasən ədliyyə naziri tərəfindən Strasburqda "Ekstradisiya haqqında" Avropa Konvensiyasına Dördüncü Əlavə Protokol imzalanıb.

İclasda ölkə Prezidentinin 2019-cu il 3 aprel tarixli Fərmanının icrası çərçivəsində görülmüş işlər qeyd olunub, ədliyyə və məhkəmə fəaliyyətini tənzimləyən 40-dək yeni qanun layihələrinin hazırlanması və dövlət başçısının qanunvericilik təşəbbüsü ilə artıq bir sıra mühüm qanunların qəbul olunduğu vurğulanıb.

Bildirilib ki, sahibkarlıqla bağlı mübahisələrə dair yeni kommersiya, habelə inzibati məhkəmələr yaradılaraq cari ilin əvvəlindən fəaliyyətə başlayıb, hakimlərin sosial təminatı əhəmiyyətli dərəcədə yaxşılaşdırılıb. Fərmana uyğun olaraq ekspertizanın alternativ mexanizmləri, özəl ekspertiza institutu yaradılıb.

Eyni zamanda, "Elektron məhkəmə" informasiya sisteminin tətbiqinin genişləndirilməsi və funksionallığının artırılmasına, məhkəmə infrastrukturunun müasirləşdirilməsi üzrə və digər əməli tədbirlərə toxunulub.

Kollegiya iclasına dəvət olunmuş QHT nümayəndələri çıxış edərək ədliyyə fəaliyyətinin təkmilləşdirilməsi üzrə görülən işləri yaxından izlədiklərini, bu sahədə nailiyyətlərin və yeniliklərin cəmiyyətdə maraqla qarşılandığını qeyd edib, Ədliyyə Nazirliyi tərəfindən şəffaflığa, ictimai iştirakçılığa hər zaman xüsusi önəm verildiyini və ötən il vətəndaş cəmiyyəti nümayəndələrinin nazirliklə səmərəli əməkdaşlığının genişləndiyini vurğulayıb, ədliyyə naziri yanında İctimai Komitənin fəaliyyətinin örnək olduğunu bildiriblər.

İclasda görülmüş işlərlə yanaşı, ədliyyə fəaliyyətində yol verilmiş nöqsan və çatışmazlıqlar müzakirə edilib, ölkə Prezidentinin regionların sosial-iqtisadi inkişafının yekunlarına dair fevralın 3-də keçirilmiş konfransda dövlət məmurları qarşısında qoyduğu tələblər, xüsusilə insanlara qayğılı münasibət göstərilməsi, qanunun tələblərinə ciddi əməl olunması, şəffaflığın artırılması ilə bağlı tapşırıqları diqqətə çatdırılaraq, nizam-intizama, etik davranış qaydalarına dönmədən riayət edilməsi, sui-istifadə, korrupsiyaya şərait yaradan halların yolverilməzliyi, vətəndaş məmnunluğunun yüksəldilməsinin zərurəti vurğulanıb.

Eyni zamanda, ədliyyənin inkişafına dair Dövlət Proqramının və məhkəmə-hüquq islahatlarının dərinləşdirilməsinə dair Fərmanın icrasının daim diqqətdə saxlanılması qeyd olunub, fəaliyyətin dövlət başçısının tələbləri səviyyəsində müasirləşdirilməsi, o cümlədən məhkəmə qərarlarının icrası, istintaq, penitensiar, məhkəmə ekspertizası sahəsində işin səmərəliliyinin artırılması, yerli qurumlara tələbkarlığın və nəzarətin gücləndirilməsi, regional ədliyyə idarələrinin işinin təkmilləşdirilməsi, elektron sənəd dövriyyəsinin tətbiqinin sürətləndirilməsi, habelə 2020-ci ilin "Könüllülər ili" elan edilməsi ilə əlaqədar ədliyyə və məhkəmə fəaliyyətinə könüllülərin daha geniş cəlb olunması və onların imkanlarından səmərəli istifadə edilməsi ilə bağlı aidiyyəti tapşırıqlar verilib.

Kollegiyada həmçinin, bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin təşkilinə dair Təlimata dəyişikliklər edilib, cari və digər məsələlərə baxılıb, bir sıra qeyri-kommersiya hüquqi şəxslər dövlət qeydiyyatına alınıb.

iacca
iap
Qarabağ Azərbaycandır!
eplc
Ən Tez