06-03-2020 | 17:30 2511
Ölkə Prezidenti cənab İlham Əliyevin dövlət orqanlarının qarşısında qoyduğu əsas vəzifələrdən biri vətəndaşların yerlərdə qəbulunu və müraciətlərinə həssaslıqla yanaşılmasını daim diqqətdə saxlamaqdır. Bununla əlaqədar dövlət başçısının tapşırığına uyğun olaraq mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri və müavinləri tərəfindən şəhər və rayonlarda vətəndaşların mütəmadi qəbulları həyata keçirilir.
Martın 6-da Azərbaycan Respublikası Ədliyyə nazirinin müavini Vilayət Zahirov Yevlax rayonunda Yevlax, Ağdaş və Goranboy rayonlarında yaşayan vətəndaşları qəbul edib.
Qəbuldan öncə ulu öndər Heydər Əliyevin Yevlax şəhərinin mərkəzində ucaldılmış abidəsi ziyarət olunaraq önünə gül dəstələri qoyulub, əziz xatirəsinə dərin ehtiram bildirilib.
Nazir müavininin keçirilmiş növbəti qəbulunda vətəndaşların ədliyyə fəaliyyəti ilə bağlı müraciətlərinə baxılaraq hər bir vətəndaş diqqətlə dinlənilib, qaldırılan məsələlərin bir qismi elə yerindəcə həllini tapıb. Digər müraciətlər üzrə nazirliyin qəbulda iştirak edən aidiyyəti məsul işçilərinə müvafiq tapşırıqlar verilib, həmçinin həlli başqa qurumlara məxsus olan müraciətlər aidiyyəti üzrə göndərilib.
Səfər zamanı nazirliyin Yevlax rayonundakı qurumlarının fəaliyyəti və iş şəraiti, orada vətəndaşların qəbulu işinin təşkili vəziyyəti ilə tanış olunub, həmçinin rayon məhkəməsinə baş çəkilib.
Nazir müavini ədliyyə işçilərinin iştirakı ilə keçirilən görüşdə dövlət başçısının fevralın 3-də regionların sosial-iqtisadi inkişafının yekunlarına dair keçirdiyi konfransda dövlət məmurları qarşısında qoyduğu tələbləri, xüsusi ilə insanlara layiqli xidmət göstərilməsi, qanunun tələblərinə ciddi əməl olunması, şəffaflığın artırılması ilə bağlı verdiyi tapşırıqları, sui-istifadə hallarının və korrupsiyanın yolverilməzliyini diqqətə çatdıraraq etik davranış qaydalarına dönmədən əməl olunmasını vurğulayıb, 2020-ci il "Könüllülər ili" çərçivəsində əhaliyə göstərilən ədliyyə xidmətləri sahəsində gənc könüllülərin cəlb olunmasının vacibliyini qeyd edib.