Dünya Bankı ilə səmərəli əməkdaşlıq davam edir

Sentyabrın 14-də ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov Dünya Bankının ölkəmizdə səfərdə olan vitse-prezidenti Filip Le Ueru ilə görüşmüşdür.

Dünya Bankının ölkəmizlə səmərəli əməkdaşlığını vurğulayan nazir dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın analoqu olmayan iqtisadi inkişaf sürətinə nail olduğunu bildirmiş, məhkəmə və ədliyyə sisteminin müasirləşdirilməsi üzrə aparılan genişmiqyaslı islahatlar, o cümlədən vətəndaşların hüquqlarının etibarlı təmin edilməsi və əhalinin müraciət imkanlarının artırılması üçün yeni regional məhkəmələrin yaradılmasını, inzibati ədliyyənin formalaşdırılmasını, hakimlərin sayının 2 dəfə artırılmasını və digər mütərəqqi tədbirləri vurğulamışdır.

Görüş zamanı Dünya Bankı ilə birgə həyata keçirilən “Ədliyyə sisteminin müasirləşdirilməsi” Layihəsinin mühüm əhəmiyyəti qeyd edilərək, ədliyyə və məhkəmə infrastrukturunun gücləndirilməsinə və müasir texnologiyaların tətbiqinə, bu sahədə həyata keçirilmiş tədbirlər və görüləsi işlərə, o cümlədən yeni məhkəmə binalarının layihələrinə dair prezentasiya filmi nümayiş etdirilmişdir .

Qonaq ölkəmizin son illər ərzində iqtisadi və hüquqi sahədə yüksək uğurlarını təqdir etmiş, digər dövlətlərin on illər ərzində əldə etdikləri nailiyyətləri Azərbaycanın qısa müddətdə qazandığını bildirərək ölkəmizdə baş verən bu nəhəng dəyişikliklərə heyranlığını ifadə etmişdir. O, aparılan genişmiqyaslı işlərə böyük maraq göstərərək ədliyyə və məhkəmə sistemində həyata keçirilən islahatlara bundan sonra da hər cür dəstək göstərmək üçün səylərini əsirgəməyəcəyini söyləmişdir.

Layihə çərçivəsində Yasamal rayon məhkəməsinin yeni inşa edilən inzibati binasına baş çəkdiyi zaman, tikintinin böyük sürətlə və yüksək keyfiyyətlə aparılmasının şahidi olduğunu qeyd edən qonaq, Layihənin icrasında ədliyyə işçilərinin peşəkar fəaliyyətinə və nailiyyətlərə görə Azərbaycan tərəfini təbrik etmişdir.

Faydalı fikir mübadiləsi şəraitində keçən görüşdə əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilmişdir.

iacca
iap
Qarabağ Azərbaycandır!
eplc
Ən Tez