Ədliyyə Nazirliyinin Kollegiyası keçirilmişdir

Son illər ölkə başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə məhkəmə, ədliyyə, o cümlədən penitensiar sistemdə aparılmış genişmiqyaslı islahatlar Ədliyyə Nazirliyinin kollegiya iclasında müzakirə olunmuşdur.

Ədliyyə naziri Fikrət Məmmədovun sədrliyi ilə keçirilən iclasda məhkəmə quruluşunun təkmilləşdirilməsi, hakimlərin sayının artırılması, məhkəmələrin yeni yurisdiksiyası ilə əlaqədar nazirlik tərəfindən görülmüş işlər barədə məlumat dinlənilmiş, yeni yaradılan məhkəmələrin növbəti ildən fəaliyyətlərini təmin etmək üçün əlavə tədbirlər müəyyən edilmişdir.

Eyni zamanda, penitensiar sahədə qanunvericiliyin təkmilləşdirilməsi, məhkumların hüquqlarının xeyli genişləndirilməsi, yeni müasir penitensiar infrastrukturun yaradılması üzrə tədbirlər qeyd edilmişdir. Yeni qanunvericiliyə əsasən penitensiar müəssisələrin fəaliyyətini tənzimləyən “Cəzaçəkmə müəssisələrinin Daxili İntizam Qaydaları”nın təkmilləşdirilməsinə zərurət yarandığı bildirilmişdir. Bununla əlaqədar Avropa Penitensiar Qaydaları, İşgəncələrin qarşısının alınması üzrə Avropa Komitəsi, BQXK və penitensiar müəssisələrin fəaliyyətinə ictimai nəzarəti həyata keçirən İctimai Komitənin tövsiyələri nəzərə alınmaqla məhkumların hüquqlarının, o cümlədən təhlükəsizliyinin daha etibarlı təmin olunması, saxlanma şəraitinin beynəlxalq normalara uyğunlaşdırılması, islah işinin müasirləşdirilməsi, görüş imkanlarının və həvəsləndirmə tədbirlərinin genişləndirilməsi, məhkumların asudə vaxtlarının daha səmərəli keçirməsi və digər mühüm məsələlərə dair dəyişikliklər edilmişdir. Əsaslı surətdə yeniləşmiş bu qaydalar kollegiyada hərtərəfli və geniş müzakirə olunaraq bəyənilmişdir.

İclasda həmçinin, məhkumlara göstərilən tibbi yardımla bağlı məsələlər müzakirə olunaraq, son illər tibb xidmətinin fəaliyyətinin təkmilləşdirilməsi çərçivəsində tibbi yardım və dərman təminatının yaxşılaşdırılması, müalicə müəssisələrinin yeni müasir tibbi avadanlıqlarla təchiz olunması qeyd edilmişdir. Vərəmlə mübarizə sahəsində BQXK ilə birgə 1995-ci ildən cəzaçəkmə müəssisələrində 10 mindən artıq məhkum müalicə olunmuş, vərəmin ən ağır və təhlükəli formalarının səmərəli müalicəsi aparılmış, nəticədə ölüm hallarının sayı 30 dəfə azalmış, məhkumlar arasında bu xəstəliyin səviyyəsi xeyli aşağı enmişdir.

Bildirilmişdir ki, vərəmlə ən müasir üsullarla mübarizə sahəsində Azərbaycanda əldə olunmuş nailiyyətlərə beynəlxalq aləmdə maraq artaraq, ölkəmizin müsbət təcrübəsi ilə tanış olmaq üçün Tacikistanın nümayəndə heyəti bu ilin iyununda ölkəmizdə səfərdə olmuş, bu məqsədlə Qırğızıstan Respublikasının Cəzaların İcrası Dövlət Xidmətinin yüksək səviyyəli nümayəndə heyəti ölkəmizə səfərə gəlmişdir.

Eyni zamanda, ədliyyə orqanlarında şəffaflığın təmin olunması daim diqqətdə saxlanılaraq, tibb xidmətində vakant vəzifələrin zəruri peşə hazırlığına malik kadrlarla komplektləşdirilməsi məqsədilə 2004-cü ildən işə qəbul açıq müsabiqə yolu ilə aparılaraq 170 tibbi mütəxəssis qulluğa qəbul edilmişdir.

Həmin prosesdə aşkarlığı və səmərəliliyi artırmaq məqsədilə qəbulu həyata keçirən Müsabiqə Komissiyasının tərkibi genişləndirilərək bu işə aidiyyəti beynəlxalq və yerli qeyri-hökumət təşkilatların nümayəndələrinin cəlb olunması qərara alınmışdır.

İclasda həmçinin, bir sıra qeyri-kommersiya hüquqi şəxslər dövlət qeydiyyatına alınmışdır.

iacca
iap
Qarabağ Azərbaycandır!
eplc
Ən Tez