27-05-2020 | 10:11 1173
Ölkə Prezidenti cənab İlham
Əliyevin rəhbərliyi ilə aparılan mütərəqqi hüquqi islahatlar çərçivəsində
Ədliyyə Nazirliyi tərəfindən beynəlxalq hüquqi əməkdaşlığın genişləndirilməsinə
böyük önəm verilir.
Belə ki, nazirlik 40 ikitərəfli müqavilələrin, o cümlədən
cinayət və mülki işlər üzrə hüquqi yardım, ekstradisiya, məhkumların verilməsi
üzrə öhdəliklərin icrasını həyata keçirir, 33 ölkənin Ədliyyə nazirlikləri ilə
ikitərəfli sazişlər çərçivəsində əməkdaşlıq edir, 17 çoxtərəfli konvensiya üzrə
isə səlahiyyətli orqan qismində çıxış edir.
Bunun nəticəsində beynəlxalq hüquqi yardımla bağlı nazirliyə
daxil olan sorğuların sayı dəfələrlə artaraq ötən ildə 20 minə çatıb.
Beynəlxalq hüquq əməkdaşlığı çərçivəsində məhkumların verilməsi
sahəsində işin dairəsi də genişlənib. Belə ki, bir sıra dövlətlərlə, o cümlədən
Rusiya, Ukrayna, Litva, İran, Pakistan və Çin ilə bu sahədə müqavilələr
bağlanılıb, eləcə də dövlətimiz Avropa və MDB-nin müvafiq konvensiyalarının
iştirakçısıdır. Həmin sənədlər əcnəbi məhkumların cəzalarının qalan hissəsini çəkmək
üçün vətəndaşı olduqları ölkələrə verilməsini təsbit etməklə onların
hüquqlarının təmin olunması baxımından mühüm əhəmiyyət kəsb edir.
Son 5 il ərzində Ədliyyə Nazirliyi tərəfindən 161 əcnəbi məhkumun
təhvil verilməsinə, xaricdə cəza çəkən 143 soydaşımızın isə Azərbaycana gətirilməsinə
nail olunub. Bu tədbirlər, ilk növbədə, məhkumların və onların ailə üzvlərinin
mənafelərinin təmin olunmasına, vətəndaşlarımızın ailələrinə yaxın ərazidə cəza
çəkmələrinə, yaxınları ilə görüşmək imkanlarının asanlaşdırmasına və sosial
adaptasiyasına kömək etməklə həmin məhkumların islah olunaraq sonradan cəmiyyətə
normal qovuşmasına xidmət edir.
Azərbaycan və İran Ədliyyə nazirlikləri arasında hüquqi sahədə
həyata keçirilən səmərəli əməkdaşlıq çərçivəsində mübarək Ramazan bayramının
qeyd olunduğu günlərdə - mayın 27-də ölkəmizdə cəza çəkən 19 nəfər iranlı məhkum
xüsusi karantin rejiminin tələblərinə əməl edilməklə öz ölkəsinə təhvil verilib.
Ədliyyə Nazirliyi beynəlxalq hüquq əməkdaşlığının dərinləşdirilməsi
istiqamətində bundan sonra da lazımi tədbirləri davam etdirəcəkdir.