02-06-2020 | 15:04 2168
Ədliyyə Nazirliyində BMT-nin Uşaq Fondu (UNİCEF) ilə birgə Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş "Uşaqların ədliyyə sisteminə çıxışı" mövzusunda videokonfrans formatında görüş keçirilib.
Tədbirdə Ədliyyə, Daxili İşlər, İqtisadiyyat, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərinin, Baş Prokurorluğun, Ombudsman Aparatının məsul şəxsləri, hakim, Vəkillər Kollegiyasının nümayəndəsi, UNİCEF-in Azərbaycandakı ofisinin proqram rəhbəri və vətəndaş cəmiyyətinin üzvləri iştirak ediblər.
Görüşdə cəmiyyətimizin həssas təbəqəsi olan uşaqların hüquqlarının etibarlı qorunması üzrə ölkəmizdə görülən tədbirlər, bu sahədə aidiyyəti dövlət qurumlarının və vətəndaş cəmiyyətinin qarşılıqlı fəaliyyətinin, UNİCEF-lə əməkdaşlığın perspektivləri müzakirə olunub.
Tədbirdə ümummilli lider Heydər Əliyevin uşaqların hərtərəfli inkişafına daim göstərdiyi yüksək qayğıdan, ölkəmizdə uşaq hüquqlarının etibarlı təmin olmasına xidmət edən qanunvericilik və institusional tədbirlərdən bəhs olunub, dövlət uşaq siyasətinin respublika Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirildiyi, uşaqların sosial təminatının gücləndirilməsi, onların firəvan və sağlam, yüksək mənəvi-əxlaqi mühitdə layiqli şəxsiyyət kimi yetkinləşməsi istiqamətində məqsədyönlü addımların atıldığı vurğulanıb.
Uşaqlara, xüsusilə fiziki imkanları məhdud, kimsəsiz, valideyn himayəsindən məhrum olanlara daim qayğı və həssaslıqla yanaşan Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın balaca soydaşlarımızı əlamətdar gün münasibətilə təbrik etdiyi, onun rəhbərliyi və təşəbbüsü ilə uşaqların təhsili, sağlamlığı ilə bağlı çoxsaylı layihələrin həyata keçirildiyi və yeni müasir sosial infrastrukturun yaradıldığı diqqətə çatdırılıb, bu sahədə Heydər Əliyev Fondunun mühüm fəaliyyəti qeyd olunub.
Bildirilib ki, uşaqların hüquqlarının müdafiəsi ölkəmizin də qoşulduğu BMT-nin "2030-cu ilədək dayanıqlı inkişaf sahəsində Gündəlik"də əks olunan Dayanıqlı İnkişaf Məqsədlərinin vacib hədəflərindəndir. Həmçinin bu sahədə Azərbaycan və UNİCEF sıx əməkdaşlıq edərək yuvenal ədliyyənin inkişafı ilə bağlı birgə tədbirlər həyata keçirir. Eyni zamanda ölkəmiz UNİCEF tərəfindən hazırlanmış BMT-nin "Uşaq hüquqları haqqında" Konvensiyasının yuvenal ədliyyə sahəsindəki öhdəliklərini ehtiva edən "Öhdəlik Bəyannaməsi"nə qoşulub və sənəd bu yaxınlarda Ədliyyə Nazirliyi tərəfindən imzalanıb.
Doğumun qeydiyyatı sahəsində görülən tədbirlərdən bəhs olunaraq bildirilib ki, Ədliyyə Nazirliyinin qeydiyyat şöbələri tərəfindən cari ilin 5 ayı ərzində 48 minə yaxın doğum dövlət qeydiyyatına alınıb, o cümlədən qeydiyyatdan kənarda qalmış uşaqlar müəyyən olunaraq, onlara və səyyar qaydada tibb müəssisələrində ümumilikdə 700-ə yaxın doğum haqqında şəhadətnamə verilib.
Bununla yanaşı, ölkəmizdə sağlamlıq imkanları məhdud olan, xüsusi kateqoriyaya aid uşaqlara sosial xidmətlərin göstərilməsi, onların reabilitasiyası, yeniyetmələrin cinayət işləri üzrə ədalət mühakiməsi həyata keçirilərkən onların hüquqlarının müdafiəsinin gücləndirilməsi, yuvenal ədliyyə sahəsində hüquq-mühafizə orqanları əməkdaşlarının, hakimlərin, vəkillərin təlimi, bu məqsədlə Ədliyyə Akademiyasında treninqlərin təşkili, müxtəlif regionlarda uşaqlar, onların ailə üzvləri üçün hüquqi yardım xidmətlərinin göstərilməsi, vətəndaş cəmiyyəti institutları ilə aidiyyəti dövlət orqanlarının qarşılıqlı fəaliyyətinin genişləndirilməsi və s. ilə bağlı geniş fikir mübadiləsi aparılıb.