16-06-2020 | 09:20 1786
Ölkə Prezidenti cənab İlham Əliyevin cəza siyasətinin humanistləşdirilməsinə dair 2017-ci il 10 fevral tarixli Sərəncamına uyğun olaraq azadlıqdan məhrumetməyə alternativ cəzaların səmərəli icrası məqsədilə Ədliyyə Nazirliyində Probasiya Xidməti yaradılmış və cəzaların icrasında elektron nəzarət vasitələrinin (elektron qolbaqların) tətbiqi təsbit olunmuşdur. Bu məqsədlə Probasiya xidmətində müasir avadanlıqlarla təchiz olunmuş Monitorinq Mərkəzi fəaliyyət göstərir.
Bu gün Probasiya xidməti cərimə, nəqliyyat vasitəsini idarəetmə, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə, ictimai işlər, islah işləri, azadlığın məhdudlaşdırılması növündə cəzaların icrasını və həmin cəzalara məhkum edilmiş, habelə şərti məhkum olunmuş, cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş və ya məhkəmə tərəfindən cəzasının çəkilməsi təxirə salınmış, eləcə də cinayət törətmiş və alkoqolizm və ya narkomaniyadan müalicə məqsədilə barəsində tibbi xarakterli məcburi tədbirlər təyin edilmiş (cəzaçəkmə müəssisələrində cəza çəkən məhkumlar istisna olmaqla), habelə inzibati həbs nəzərdə tutan inzibati xəta törətmiş və barəsində narkomaniyadan məcburi müalicə təyin edilmiş şəxslər üzərində probasiya nəzarətini həyata keçirərək həmin şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin profilaktikasını aparır.
Cəzaların icrası sahəsində həyata keçirilən islahatlar insanların azadlıq hüququnun qorunmasına və məhkum olunan şəxslərin cəmiyyətdən təcrid olunmadan islah edilməsinə və sosial adaptasiyasına xidmət edir.
Son illər azadlıqdan məhrumetməyə alternativ cəzaların daha geniş tətbiq olunması nəticəsində Probasiya Xidmətinin qeydiyyatında olan şəxslərin sayı cari ilin 5 ayı ərzində 18 mini ötmüşdür.
Onlardan 4.800-ə yaxın azadlığın məhdudlaşdırılması, 6.000-dən çox cərimə, islah və ictimai işlər, 2.300 cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş, 2.400 şərti məhkum edilmiş və 156 nəfər cəza çəkməsi təxirə salınmış şəxslərdir. Nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrumetmə cəzasına məhkum olunanların sayı 1.200-ə yaxın, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəzasına məhkum edilənlərin sayı isə 406 nəfər təşkil edilr.
Həmçinin, ictimai işlər növündə inzibati tənbeh tətbiq edilmiş 654 nəfər, alkoqolizm və ya narkomaniyadan müalicə məqsədilə barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilmiş 354 nəfər probasiya nəzarətindədir.
Azadlıqdan məhrumetməyə alternativ cəzaların icrası diqqətdə saxlanılaraq bu dövrdə 3.900-dən çox şəxs cəza müddətinin başa çatması ilə əlaqədar və digər qanuni əsaslarla probasiya qeydiyyatından çıxarılmışdır. Onlardan cəza çəkməkdən boyun qaçıran 206 nəfərin cəzası isə məhkəmələr tərəfindən daha ağır cəza növü, o cümlədən 82 nəfərin cəzası azadlıqdan məhrum etmə cəzası ilə əvəz olunmuşdur.
Eyni zamanda ictimai işlər növündə cəzanın daha səmərəli tətbiqi və icrasına effektiv nəzarətin həyata keçirilməsi ilə bağlı əməli işlər görülmüş, o cümlədən qanunvericilik təkmilləşdirilmiş, yerli icra hakimiyyəti orqanları ilə daha səmərəli qarşılıqlı fəaliyyət qurulmuş, ictimai işlərin keçirildiyi yerlərdə məhkumların işlədikləri vaxtlarda mütəmadi monitorinqlər aparılmışdır. Cari ilin 5 ayı ərzində 262 nəfər barədə ictimai işlər növündə cəzanın və inzibati tənbehin icrası təmin edilmiş, bu növ cəzanın və inzibati tənbehin icrası ilə bağlı 50.675 saat ictimai işlər yerinə yetirilmişdir.
Ötən dövr ərzində 4.684 məhkuma elektron nəzarət vasitələri tətbiq edilmişdir. Cəza müddəti başa çatdığı üçün və qanunvericiliklə müəyyən edilmiş digər əsaslarla 1.536 məhkumdan elektron qolbaqlar çıxarılmışdır. Hazırda elektron qolbaq daşıyan 3.148 nəfər müvafiq cəzalarını çəkir və Monitorinq Mərkəzi tərəfindən onlara fasiləsiz təsirli nəzarət həyata keçirilir.
Qeyd olunmalıdır ki, indiki pandemiya şəraitində koronavirus (COVID-19) infeksiyasına yoluxma hallarının qarşısının alınması məqsədilə Probasiya Xidməti tərəfindən cəzaların icrası və probasiya nəzarətinin həyata keçirilməsi ilə əlaqədar vəzifələrin yerinə yetirilməsi, xüsusilə məhkumların qəbulu, qeydiyyata alınması, elektron nəzarət vasitələrinin tətbiqi, onların dəyişdirilməsi və çıxarılması prosedurları icra edilərkən Ümumdünya Səhiyyə Təşkilatının, habelə Nazirlər Kabineti yanında Operativ Qərargahın qərar və tövsiyələrinə uyğun olaraq zəruri təhlükəsizlik tədbirləri, sanitariya-gigiyena qaydalarına ciddi riayət olunması, qoruyucu tibbi vasitələrdən (maska, əlcək, antiseptik vasitə və s.) istifadə edilməsi, vətəndaşlarla sosial məsafənin saxlanılması ilə bağlı bütün zəruri işlər görülür.