15-10-2010 | 04:02 1042
Ölkəmizdə ədalət mühakiməsinin səmərəliliyinin artırılması üzrə dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü tədbirlər davam etdirilir.
Məhkəmə sisteminin yüksək hazırlığa və mənəvi keyfiyyətlərə malik hakimlər hesabına komplektləşdirilməsi məqsədilə Azərbaycanda hakimliyə namizədlərin seçiminin ən mütərəqqi və şəffaf qaydaları müəyyən edilmiş, bu prosedurlarla 157 nəfər yüksək hazırlıqlı hüquqşünas seçilərək hakim vəzifələrinə təyin olunmuşlar. 78 nəfər hakimliyə namizəd isə bütün imtahanları, o cümlədən bir ilədək davam etmiş təlim mərhələsini və məhkəmələrdə stajkeçməni uğurla başa vuraraq, hakim vəzifəsinə layiq bilinmişlər.
Hakimliyə namizədlərin seçilməsi qaydasına müvafiq olaraq Məhkəmə-Hüquq Şurasının Fikrət Məmmədovun sədrliyi bir neçə gün davam etmiş iclaslarında həmin namizədlərlə bağlı Hakimlərin Seçki Komitəsinin təkliflərinə baxılmışdır.
Şura tərəfindən hakimliyə namizədlərin ixtisaslaşdırılmasının müəyyən edilməsi məqsədilə onların hər biri ilə fərdi qaydada söhbətlər keçirilmiş, Hakimlərin Seçki Komitəsi tərəfindən seçim prosesi üzrə yaradılmış müsbət təcrübə yüksək dəyərləndirilmişdir.
Şurada həmçinin ölkə prezidentinin cari ilin iyul-avqust tarixli fərmanları ilə məhkəmə quruluşunun təkmilləşdirilməsi, o cümlədən əhalinin məhkəmələrə müraciət imkanlarının asanlaşdırılması və insan haqlarının etibarlı müdafiəsi məqsədilə ölkənin dörd bölgəsində regional ağır cinayətlər məhkəmələrinin, yeddi bölgədə inzibati-iqtisadi məhkəmələrin yaradılması, hakim ştatlarının ümumi sayının xeyli artırılması ilə bağlı görülən təşkilati işlər, həmçinin Ədliyyə Nazirliyi tərəfindən aparılan tədbirlər barədə məlumat dinlənilmiş, mövcud iş yükü nəzərdən keçirilərək hakim ştatlarının məhkəmələr üzrə bölgüsü məsələlərinə baxılmışdır.
Eyni zamanda Şurada hakimlər barədə başlanılmış intizam icraatlarına baxılaraq fəaliyyətində yol verdikləri ciddi qanun pozuntuları və digər nöqsanlara görə Lənkəran rayon məhkəməsinin hakimi Azər Səmədovun intizam qaydasında iş yerinin dəyişdirilməsi barədə qərar qəbul edilmiş, Ağcabədi rayon məhkəməsinin sədri Xanlar Fərhadova irad tutulmuşdur.