IMAGE

Cinayət mühakimə icraatında innovasiyalar tətbiq olunur

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin davamlı və sabit inkişafının təmin olunması üzrə məqsədyönlü addımlar atılır. Dünyada tüğyan edən və insanların sağlamlığını təhdid edən COVİD-19 qlobal pandemiyasına qarşı qəti tədbirlər görülərək xalqımız dövlət başçısının və Azərbaycanın Birinci-vitse prezidenti Mehriban xanım Əliyevanın bu bəla ilə mübarizədə çağırışlarına qoşularaq sosial həmrəylik nümayiş etdirirlər.

Son günlər Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində Ermənistanın növbəti hərbi təxribatı nəticəsində baş verən toqquşmalar və qanlı döyüşlər, hərbçilərimizin şücaəti dövlətimizin, ordumuzun gücünü, xalqımızın ölkə Prezidenti, Ali Baş Komandanın ətrafında sıx səfərbər olmasını göstərir.

Cari ildə dövlət başçısı tərəfindən yeni çağırışlara uyğun aparılan hərtərəfli islahatlar çərçivəsində ədliyyə və məhkəmə sisteminin təkmilləşdirilməsi üzrə də ardıcıl və məqsədyönlü tədbirlər davam etdirilib.

"Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında" 2019-cu il 3 aprel tarixli Fərmana əsasən dövlət başçısının humanist siyasətinin təzahürü olaraq bu il mayın 1-də qəbul olunmuş Qanunla cinayət qanunvericiliyinə edilmiş dəyişikliklərlə bəzi əməllər dekriminallaşdırılıb, zərərçəkmiş şəxslə barışma və ziyanın ödənilməsi şərti ilə cinayət məsuliyyətindən azad etmə müəyyən olunub. Bununla əlaqədar nazirlik tərəfindən yeni Qanunun tətbiqinin təmin edilməsi məqsədilə artıq 600 məhkumun işləri öyrənilib və onların qanunun təsiri altına düşməsi təhlil edilib.

Fərmanın icrası çərçivəsində həmçinin, hazırlanaq qəbul olunmuş Cinayət Prosessual Məcəlləsinə edilmiş dəyişikliklərlə cinayət işlərində videokonfransın keçirilməsi imkanı yaradılıb.

Belə ki, qanunvericilikdəki yeniliklərlə cinayət mühakimə icraatının "Elektron məhkəmə" informasiya sistemi vasitəsilə aparılması qaydası, cinayət prosesi iştirakçılarının məhkəmə və istintaq orqanına gəlmədən məsafədən prosesdə iştirakı, məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparılması və s. müəyyən olunub.

Həmçinin, məhkəmə icraatı uzadılmadan hazırlıq iclasında cinayət təqibinə xitam verilməsi imkanları genişləndirilib, kassasiya şikayəti (protesti) verilməsi müddətləri qısaldılıb, habelə onların verilməsi və baxılması proseduru təkmilləşdirilib, eləcə də xarici dövlətlərin məhkəmələrinin hökmlərinin və ya digər yekun qərarlarının tanınması üzrə icraatın aparılması qaydası təsbit edilib.

COVİD-19 pandemiyası ilə əlaqədar xüsusi karantin rejiminin elan olunduğu indiki dövrdə bu innovasiyanın tətbiqi xüsusi əhəmiyyət kəsb etməklə, ədalət mühakiməsinin səmərəliliyinin artırılmasına və əlçatanlığın asanlaşdırılmasına, tərəflərin təhlükəsizliyinin və məsafədən dindirilməsinin təmin olunmasına, əlavə vaxt itkisinin və xərclərin, süründürməçiliyin qarşısının alınmasına xidmət edir.

15.07.2020-ci il tarixdən yeni Qanunun qüvvəyə minməsi ilə əlaqədar Ədliyyə Nazirliyi tərəfindən dərhal zəruri tədbirlər görülüb və məhkəmələrin karantin rejiminə uyğun fəaliyyət göstərməsi nəzərə alınaraq iyulun 16-dan cinayət işləri üzrə məhkəmə proseslərinin videokonfrans formatında onlayn qaydada keçirilməsinə başlanılıb.

Nazirliyin vətəndaş cəmiyyəti institutlarının təmsil olunduğu Komissiyasının rəyləri nəzərə alınmaqla göndərdiyi təqdimatlara məhkəmələr tərəfindən təxirəsalınmadan onlayn qaydada baxılaraq 70 nəfərə yaxın şəxs vaxtından əvvəl cəzadan azad olunub və ya daha yüngül rejimli müəssisəyə keçirilib.

Eyni zamanda cəza siyasətinin humanistləşdirilməsinə dair yeni Qanunun təsiri altına düşən məhkumlarla bağlı təqdimatlara baxılaraq artıq 130 nəfərə yaxın şəxs müxtəlif cəzadan azad olunub və ya cəzası azaldılıb.

İndiki pandemiya şəraitində belə bir humanist institutlarının innovasiyalardan istifadə edilməklə tətbiqi dövlətimizin insanların sağlamlığına, hüquq və mənafelərinə qayğılı münasibətinin təzahürüdür.

Qeyd olunmalıdır ki, pandemiya dövründə vətəndaşların mülki hüquqlarının məhkəmə müdafiəsinin yaxşılaşdırılması məqsədilə "Elektron məhkəmə" informasiya sistemi vasitəsilə aprel ayından etibarən qeyri-cinayət işləri üzrə məhkəmə proseslərinin videokonfrans formatında keçirilməsi imkanı da yaradılıb.

iacca
iap
Qarabağ Azərbaycandır!
eplc
Ən Tez