Ölkəmiz Beynəlxalq Notariat İttifaqı ilə səmərəli əməkdaşlıq edir

Bu il 3-6 oktyabr tarixlərində Mərakeş Krallığının Mərakeş şəhərində keçirilən XXVI Beynəlxalq Notariat İttifaqının Konqresində ölkəmizi ədliyyə nazirinin müavini Toğrul Musayevin rəhbərliyi ilə nümayəndə heyəti təmsil etmişdir.

Dünyanın 82 dövlətinin notariat assosiasiyalarının üzv olduğu Beynəlxalq Notariat İttifaqı bu təsisatın təkmilləşdirilməsinə yönəldilmiş müxtəlif layihələri həyata keçirir, notariusların təliminə dəstək verir, müvafiq qanunvericiliyin və təcrübənin öyrənilməsini və təhlilini, qarşılıqlı əməkdaşlığın genişləndirilməsini təmin edir və notariat sisteminin inkişaf etdirilməsi istiqamətində digər tədbirlər görür.

Bütün qitələrdən təqribən iki min iştirakçının qatıldığı bu mühüm tədbirin açılış mərasimində Mərakeş Krallığının dövlət rəsmiləri də iştirak etmiş və ədliyyə nazirinin səlahiyyətli nümayəndəsi öz çıxışında Konqresin Mərakeş Kralı VI Məhəmmədin dəstəyi ilə təşkil olunduğunu xüsusi vurğulamışdır.

Açılış mərasimi zamanı Bosniya və Hersoqovina, Mavritaniya, Mavriki, Tunis və Koreya Respublikasının notariat təşkilatları Beynəlxalq Notariat İttifaqının yeni üzvləri qismində təntənəli təqdim olunmuşlar.

Konqresdə “Müasir dövrün problemləri qarşısında notariat institutunun rolu” və “Notariat əqdləri - sərmayə qoyuluşlarının təminatı” mövzularında İttifaqın üzv ölkələrinin 90-dan artıq məruzəsi dinlənilmiş, notariusların öz xidməti vəzifələrini həyata keçirərkən üzləşdiyi başlıca çətinliklərlə bağlı məsələlər müzakirə olunmuşdur.

Beynəlxalq Notariat İttifaqının prezidenti
cənab Eduardo Qallino ilə görüş

Oktyabr ayının 4-də Beynəlxalq Notariat İttifaqının prezidenti cənab Eduardo Qallino və 2011-ci ilin yanvar ayında bu vəzifənin icrasına başlayacaq yeni prezidenti cənab Jan Pol Dekorpsla keçirilən rəsmi görüşdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə bütün sahələrdə olduğu kimi məhkəmə-hüquq sistemində də həyata keçirilən əsaslı islahatlar barədə məlumat verilmişdir.

Respublikamızın bu nüfuzlu beynəlxalq təşkilata üzv qəbul olunması məsələsinin müzakirəsi zamanı son illər ərzində ölkəmizdə notariat sahəsində aparılan islahatlar çərçivəsində qanunvericiliyə qabaqcıl beynəlxalq standartlara uyğun olaraq əsaslı dəyişikliklərin edilməsi, “Notariat sənədlərinin elektron məlumat bankı” informasiya sisteminin yaradılması, şəffaf prosedurlarla keçirilmiş müsabiqə əsasında yeni notariuslar korpusunun formalaşdırılması, o cümlədən xüsusi notariusların fəaliyyətə başlaması qarşı tərəfin nəzərinə çatdırılmış, onların çoxsaylı sualları ətraflı cavablandırılmışdır. Bununla yanaşı İttifaqın rəhbər şəxslərinə ölkəmiz,

Azərbaycanın
nümayəndə heyəti

o cümlədən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barədə və Ədliyyə Nazirliyinin fəaliyyəti ilə bağlı məlumat xarakterli materiallar təqdim olunmuşdur.

Cənubi Qafqaz regionunda lider mövqeyini tutan ölkəmizin Beynəlxalq Notariat İttifaqına qəbul olunmasının xüsusi əhəmiyyətini qeyd edən qurumun rəhbərliyi Azərbaycanın notariat sistemində tərəqqinin müşahidə edildiyini vurğulamış, bunun nəticəsində beynəlxalq təşkilatda təmsil olunması təşəbbüsünü dəstəklədiyini və növbəti tədbirlərin birində respublikamızın müvafiq notariat təşkilatını İttifaqın yeni üzvü qismində təqdim etməsindən şərəf duyacağını bildirmişdir.

Səfər çərçivəsində bir sıra ölkələrin, o cümlədən Mərakeş Krallığı, Rusiya Federasiyası, Argentina, Fransa, Seneqal, Polşa və Kanadanın Kvebek əyalətinin notariat qurumlarının nümayəndələri ilə görüşlər keçirilmişdir.

Tədbirdə nümayəndə heyəti ilə birgə Azərbaycanın Mərakeş Krallığında fövqəladə və səlahiyyətli səfiri Sabir Ağabəyov də iştirak etmişdir.

iacca
iap
Qarabağ Azərbaycandır!
eplc
Ən Tez