IMAGE

Ədliyyə Nazirliyi tərəfindən “Probasiya Xidmətinin fəaliyyəti” mövzusunda onlayn ictimai müzakirə keçirilib

Bakı, 26 avqust, AZƏRTAC

Vətəndaşların ədliyyə orqanlarına əlçatanlığının təmin olunması, əhalinin ədliyyə fəaliyyəti barədə mütəmadi məlumatlandırılması məqsədilə həm vətəndaş cəmiyyəti nümayəndələrinin, həm də kütləvi informasiya vasitələrinin, eləcə də Ədliyyə Nazirliyinin rəsmi saytlarının və sosial şəbəkələrdə səhifələrinin imkanlarından geniş istifadə olunması işi davam etdirilir. Dövlətimizin başçısının tapşırıqlarının icrası istiqamətində xüsusi karantin rejimi dövründə nazirliyin rəsmi “Facebook” səhifəsində ədliyyənin ayrı-ayrı fəaliyyət istiqamətləri üzrə canlı yayımların keçirilməsi də əhalinin hüquqi maarifləndirilməsi işində mühüm rol oynayır.

AZƏRTAC xəbər verir ki, bu istiqamətdə həyata keçirilən növbəti tədbirlər çərçivəsində avqustun 26-da Ədliyyə Nazirliyi tərəfindən “Azadlıqdan məhrumetməyə alternativ cəzaların icrası, Probasiya Xidmətinin fəaliyyəti” mövzusunda onlayn qaydada ictimai müzakirə təşkil olunub.

İctimai müzakirədə iştirak edən Ədliyyə Nazirliyinin Probasiya Xidmətinin rəis müavini Musa Hümbətov, Elektron Monitorinq İdarəsinin baş məsləhətçisi Nəvai Əlizadə Xidmətin əsas fəaliyyət istiqamətləri və onun təşkili barədə ətraflı məlumat verib.

Qeyd edilib ki, Prezident İlham Əliyevin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 2017-ci il 10 fevral tarixli Sərəncamı ilə Ədliyyə Nazirliyinin strukturunda Probasiya Xidməti yaradılıb və bu yeni təsisat həmin ilin dekabrın 1-dən rəsmi fəaliyyətə başlayıb. Probasiya Xidməti cərimə, nəqliyyat vasitəsini idarəetmə, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə, ictimai işlər, islah işləri, azadlığın məhdudlaşdırılması növündə cəzaların icrasını və həmin cəzalara məhkum edilmiş, habelə şərti məhkum olunmuş, cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş və ya məhkəmə tərəfindən cəzasının çəkilməsi təxirə salınmış, eləcə də cinayət törətmiş və alkoqolizm və ya narkomaniyadan müalicə məqsədilə barəsində tibbi xarakterli məcburi tədbirlər təyin edilmiş, inzibati həbs nəzərdə tutan inzibati xəta törətmiş və barəsində narkomaniyadan məcburi müalicə təyin edilmiş şəxslər üzərində probasiya nəzarətini həyata keçirərək həmin şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin profilaktikasını aparır.

Bildirilib ki, Prezident İlham Əliyevin Sərəncamına əsasən cəzaların icrası zamanı müasir informasiya-kommunikasiya texnologiyalarından istifadəni təmin etmək məqsədilə elektron nəzarət vasitələrinin tətbiq olunması ilə bağlı müvafiq tapşırıq verilib. Həmin Sərəncamın icrası çərçivəsində 2018-ci ilin mayından ölkəmizdə cəzaların icrası zamanı elektron nəzarət vasitələrinin tətbiqinə başlanılıb. Bu nəzarət vasitələri məhkəmənin qanuni qüvvəyə minmiş qərarına əsasən azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum olunub, şərti məhkum edilmiş və cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş şəxslərə tətbiq edilir. Əsas yeniliklərdən biri azadlığın məhdudlaşdırılması növündə cəzanın icrasının bilavasitə elektron nəzarət vasitələri tətbiq edilməklə həyata keçirilməsidir. Bu cəza növündə məhkumun müəyyən məhdudiyyətlər çərçivəsində sərbəst hərəkət etmək hüququ vardır.

Nəzərə çatdırılıb ki, elektron nəzarət vasitələri tətbiq edilmiş məhkumların izlənilməsi Probasiya Xidmətinin Monitorinq Mərkəzində 24 saat ərzində fasiləsiz həyata keçirilir. Məhkumlara tətbiq edilən elektron nəzarət vasitələrinin komplekti üç hissədən ibarətdir. Bunlar mobil nəzarət qurğusu, elektron qolbaq və ev siqnal ötürücüsüdür. Mobil nəzarət qurğusu məhkumun yaddaş kitabçası rolunu oynayır və elektron qolbaqdan daxil olan məlumatları “ŞANS” Elektron Monitorinq Sisteminə ötürür. Elektron qolbaq məhkumun ayağına, topuqdan yuxarı hissəyə birdəfəlik istifadə üçün nəzərdə tutulmuş kəmər vasitəsilə bağlanır və məhkumun yer dəyişməsi ilə bağlı məlumatları mobil qurğuya ötürür. Ev siqnal ötürücüsü məhkumun yaşayış yerində yaşayış yerinin ölçülərindən və şəraitindən asılı olaraq iki, üç və daha artıq sayda quraşdırılır.

Məlumat verilib ki, azadlığın məhdudlaşdırılması cəzası və məhkumların elektron nəzarət vasitələri ilə izlənilərək daim nəzarətdə saxlanılmaları onların islah olunmasında və təkrar cinayət törətmələrinin qarşısının alınmasında səmərəli vasitədir. Buna misal olaraq elektron nəzarət vasitələri tətbiq edilmiş məhkumlar tərəfindən təkrar cinayətlərin törədilmə hallarının azalma dinamikasında özünü göstərir. Ötən dövrdə 5 min nəfərdən çox məhkuma elektron nəzarət vasitələri tətbiq edilib. Hazırda Monitorinq Mərkəzində elektron nəzarət vasitələri tətbiq edilmiş 3 mindən artıq şəxs izlənilməkdədir.

Vurğulanıb ki, 2020-ci il iyunun 29-da ictimai işlər növündə cəzanın və inzibati tənbehin icrası zamanı elektron nəzarət vasitələrinin tətbiqi ilə bağlı Cəzaların İcrası və İnzibati Xətalar məcəllələrinə müvafiq dəyişikliklər edilib və avqustun 10-dan həmin qanunların tətbiqi ilə bağlı Prezident İlham Əliyev müvafiq fərmanlar imzalayıb. Əsas mahiyyət ondan ibarətdir ki, ictimai işlərin icrasına daha səmərəli və elektron qaydada nəzarət həyata keçiriləcək. Bu dəyişiklikdən sonra ictimai işlərin icrasına nəzarət zamanı insan faktoru azalacaq.

Qeyd olunub ki, Ədliyyə Nazirliyinin Probasiya Xidməti qarşısında qoyulmuş vəzifələr uğurla həyata keçirilir. Son dövrlərdə penitensiar müəssisələrdə və istintaq təcridxanalarında saxlanılan şəxslərin sayı azalıb. Probasiya Xidmətinin 2018-ci ildə qeydiyyatına götürülmüş şəxslərin sayı 24,6 faiz artıb. Ötən il artım tendensiyası davam edib, Xidmətdə 7,5 faiz çox məhkum qeydiyyata alınıb. Bu ilin yeddi ayında da Probasiya Xidmətinin qeydiyyatında olan şəxslərin sayı 7,2 faiz artıb.

Onlayn ictimai müzakirədə, elektron nəzarət vasitələri əyani nümayiş etdirilib, bu avadanlığın tətbiqi təcrübəsindən danışılıb, sosial şəbəkə istifadəçilərinin suallarına aydınlıq gətirilib.

iacca
iap
Qarabağ Azərbaycandır!
eplc
Ən Tez