01-09-2020 | 17:40 1926
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin çoxpartiyalı sistemin inkişafı, siyasi partiyaların ölkəmizin ictimai həyatında əhəmiyyətinin artırılması, bu sahədə münasibətlərin sağlam zəmində və qarşılıqlı əməkdaşlıq əsasında qurulmasına dair səsləndirdiyi fikirlər daim diqqət mərkəzində saxlanılır.
Milli Cəbhə Partiyası (MCP) və Respublikaçı Alternativ (REAL) Partiyasının dövlət qeydiyyatına alınması üçün Ədliyyə Nazirliyinə ünvanlanmış müraciətlərinə əsasən təsis sənədlərinin qanunvericiliyin tələblərinə uyğunluğu məsələsi öyrənilmiş və partiyaların qeydiyyata alınması barədə nazirlik tərəfindən qərar qəbul edilmişdir.
Sentyabr ayının 1-də Ədliyyə nazirinin müavini Toğrul Musayev partiya sədrləri ilə görüşü zamanı onlara dövlət qeydiyyatı haqqında şəhadətnamələr təqdim edərək, dövlət başçısının iradəsilə ölkəmizdə siyasi sistemin və vətəndaş cəmiyyətinin inkişafı istiqamətində önəmli addımların atılmasını xüsusi vurğulamış, son aylar artıq bir neçə partiyanın qeydiyyatdan keçməsini qeyd etmişdir.
Partiya rəhbərləri Razi Nurullayev (MCP) və İlqar Məmmədov (REAL) siyasi islahatların aparılmasını, demokratik təsisatların inkişaf etdirilməsi sahəsində görülən işləri, başlanmış siyasi dialoqu dəstəklədiklərini, bunların dövlətimizin tərəqqisinə müsbət təsir edəcəyinə dair əminliklərini bildirmişlər.