04-09-2020 | 18:00 5109
Bakı, 4 sentyabr, AZƏRTAC
Vətəndaşların ədliyyə orqanlarına əlçatanlığının təmin olunması, əhalinin ədliyyə fəaliyyəti barədə mütəmadi məlumatlandırılması məqsədilə həm vətəndaş cəmiyyəti nümayəndələrinin, həm də kütləvi informasiya vasitələrinin, eləcə də Ədliyyə Nazirliyinin rəsmi saytlarının və sosial şəbəkələrdə səhifələrinin imkanlarından geniş istifadə olunması işi davam etdirilir. Dövlətimizin başçısının tapşırıqlarının icrası istiqamətində xüsusi karantin rejimi dövründə nazirliyin rəsmi “Facebook” səhifəsində ədliyyənin ayrı-ayrı fəaliyyət istiqamətləri üzrə canlı yayımların keçirilməsi də əhalinin hüquqi maarifləndirilməsi işində mühüm rol oynayır.
AZƏRTAC xəbər verir ki, bu istiqamətdə həyata keçirilən növbəti tədbirlər çərçivəsində sentyabrın 4-də Ədliyyə Nazirliyi tərəfindən “Məhkəmə qərarlarının icrası işinin təşkili” mövzusunda onlayn qaydada ictimai müzakirə təşkil olunub.
İctimai müzakirədə iştirak edən Ədliyyə Nazirliyinin İnsan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Aynur Sabitova, nazirliyin İcra baş idarəsinin rəis müavini Fərid Əfəndiyev və idarənin kredit borcları şöbəsinin rəis əvəzi Emin Veysov icra xidmətinin əsas fəaliyyət istiqamətləri, bu sahədəki yeniliklər barədə məlumat verib, müvafiq statistik göstəriciləri diqqətə çatdırıblar.
Qeyd edilib ki, Baş idarə və onun yerli icra qurumları məhkəmələrin mülki, iqtisadi mübahisələrə və inzibati xətalara dair işlər üzrə qərarlarının, mülki iddianın və vurulmuş ziyanın ödənilməsi hissəsində hökmlərin, məhkəmə əmrlərinin icrasını, qanunvericiliklə icrası icra məmurlarına həvalə edilmiş digər sənədlərin icrasını təmin edir və qanunvericiliklə müəyyənləşdirilmiş digər istiqamətlərdə fəaliyyət göstərir. Baş idarə fəaliyyətini insan və vətəndaş hüquqları və azadlıqlarına hörmət, qanunçuluq və humanizm prinsipləri əsasında qurur.
Bildirilib ki, İcra xidməti son iyirmi ildə çox inkişaf edib. İcra məmurlarının fəaliyyəti əsas “İcra haqqında” Qanunla tənzimlənir ki, ötən müddətdə ona 130-dək dəyişiklik edilib. Hazırda Azərbaycanda 600-dək icra məmuru fəaliyyət göstərir və onlar işlərini qanun çərçivəsində yerinə yetirirlər. Ədliyyə Nazirliyinin mühüm fəaliyyət istiqamətlərindən olan məhkəmə qərarlarının icrası sahəsində də iş həcmi ilbəil artır. Bu ilin birinci yarısının hesabatına əsasən, İcra baş idarəsinin icraatında 710 mindən çox iş olub. Ümumilikdə 71 yerli, 3 ixtisaslaşdırılmış icra qurumu fəaliyyət göstərir. Bölgələrdə bir icra məmuruna təxminən 1400 iş düşür. Böyük şəhərlərdə isə bu rəqəm daha çoxdur. Prezident İlham Əliyevin ötən ilin aprelin 3-də imzaladığı “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Fərmanında özəl icra məmurları ilə bağlı məsələ də əks olunub. Ədliyyə nazirinin müvafiq göstərişinə əsasən, bu məsələ ilə bağlı müvafiq İşçi Qrupu yaradılıb, “Özəl icra məmurları haqqında” Qanun layihəsi işlənib hazırlanır. Layihəyə görə müəyyən səlahiyyətlər özəl və dövlət icra məmurları arasında bölünəcək. Azərbaycanda bu məsələ vətəndaşın seçiminə veriləcək. Özəl icra məmurları ilə bağlı şikayətlərə baxan İntizam komissiyası olacaq və onlarla bağlı tələblər müəyyənləşdiriləcək. Ümumiyyətlə icra məmurlarının sayının artması bu sahədə səmərəliliyi artıracaq.
Məlumat verilib ki, Ədliyyə naziri Fikrət Məmmədovun 2020-ci il 21 fevral tarixli əmri ilə İcra baş idarəsinin tərkibində kredit borcları şöbəsi yaradılıb. Ölkəmizin iqtisadi inkişafı fonunda maliyyə resurslarının aktivləşməsi bu sahədə məhkəmə çəkişmələrinin artmasına, məhkəmə qərarları ilə borclu və tələbkar tərəfin müəyyənləşdirilməsinə gətirib çıxarıb. Hazırda icraatda olan işlərin böyük əksəriyyəti təxminən 350 mindən çox iş kredit borcları ilə bağlıdır. Bu növ məhkəmə qərarlarının icrasında səmərəliliyin və operativliyin artırılması məqsədilə kredit borcları şöbəsi yaradılıb. Şöbə qarşıya qoyulan tapşırıqların icrası istiqamətində mühüm məqsədlərə nail olub. Əvvəlcə şöbənin kadr potensialı gücləndirilib. Bununla yanaşı kredit borcları ilə bağlı qarşıya çıxan icra sənədləri, habelə çoxsaylı müraciətlər ümumiləşdirilib və onların həlli istiqamətində işlər görülüb. Məhkəmə qərarlarının icrası proseslərinin sürətləndirilməsi məqsədilə Ədliyyə Nazirliyi və aidiyyəti maliyyə institutları ilə birlikdə yaradılan işçi qrupuna İcra baş idarəsinin əməkdaşı da daxil edilib. İşçi qrupunun hazırladığı tədbirlər planına kredit öhdəliklərinin məhkəmədən kənar icrasının alternativ üsullarla tənzimlənməsi vəziyyətinin araşdırılması, habelə icra mexanizmi ilə əlaqədar beynəlxalq təcrübənin öyrənilməsi kimi tədbirlər daxil edilib.
Bildirilib ki, icra işi üzrə tərəflər daha çox qiymətləndirmə və hərrac təşkilatlarının işləri ilə bağlı müraciət edir. Buna görə də həmin sahələrin tam olaraq elektronlaşdırılması hədəflənib. Bununla həmin sahədə şikayətlərin sayının azaldılmasına və vətəndaş məmnunluğuna nail olunacaq. Ümumilikdə isə texnoloji innovasiyalardan istifadə etməklə məmur-vətəndaş münasibətlərinin minimuma endirilməsi qarşıya məqsəd kimi qoyulub.
Kredit borclarına dair məhkəmə qərarlarının könüllü icrası üçün borclulara güzəştlərin edilməsi ilə bağlı qeyd edilib ki, əvvəl icra işlərinin təmin olunması istiqamətində məhkəmə qərarı ilə borclu tərəf olan şəxslərə könüllü müddət verilir. Lakin bu müddətdə işlərin təmin olunması statistikaya baxılanda çox az faiz təşkil edir. Belə olan halda icra məmuru qanunun tələblərinə əsasən məcburi icra tədbirlərinin yerinə yetirməyə başlayır. “Fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Prezidentinin 2019-cu il 28 fevral tarixli fərmanı ilə bir daha vətəndaşlara böyük güzəşt edilib və bir çox işlər həllini tapıb. Dövlətimizin başçısının müvafiq Fərmanına uyğun olaraq problemli kreditlərin restrukturizasiyası ilə bağlı təxminən 100 minə yaxın işə xitam verilib.
Nəzərə çatdırılıb ki, ölkədə tətbiq edilən karantin rejimi ilə əlaqədar bu ilin martından Azərbaycanda boşanmış ailələrdə valideynlərin uşaqları ilə ünsiyyətinə məhdudiyyətlər qoyulmuşdu. Lakin bu müddətdə valideynlərin övladları ilə virtual ünsiyyətinə kömək göstərilib. Artıq müəyyən yumşalmalar, o cümlədən hərəkət məhdudiyyəti aradan qaldırıldığı üçün həmin valideynlərin uşaqları ilə görüşməsinə də şərait yaradılıb.
Vurğulanıb ki, bu ilin birinci yarısında alimentlə bağlı məhkəmələrdə təxminən 88 mindən çox iş olub. Onların böyük əksəriyyəti həll edilib. Lakin bəzən borclu şəxslər könüllü şəkildə alimenti ödəmək istəmirlər. Bununla belə, işlərin 70 faizində aliment müntəzəm ödənilir. Amma bunlar məcburi ödəmələrdir. Borcun könüllü ödənilməsi müxtəlif üsullarla təşviq edilsə də, təxminən 1 faiz təşkil edir.
Qeyd edilib ki, icra xidmətində əmək və icra intizamını pozan, vətəndaşlara qarşı laqeyd münasibət göstərən icra məmurları ilə bağlı da ciddi tədbirlər görülür. Təkcə bu ilin altı ayında nöqsanlara yol verən 12 icra məmuru ilə bağlı qanunauyğun tədbirlər görülüb və bu işlər hazırda davam etdirilir.
Onlayn ictimai müzakirədə, həmçinin elektron icra xidməti və digər məsələlərə toxunulub, sosial şəbəkə istifadəçilərinin sualları cavablandırılıb.