27-10-2010 | 04:02 1664
Beynəlxalq hüquqi əməkdaşlığın genişləndirilməsi məqsədilə ölkəmiz tərəfindən xarici dövlətlərlə bu sahədə ikitərəfli münasibətlərin qurulmasına böyük önəm verilir. Bu məqsədlə Səudiyyə Ərəbistanı Krallığı Ədliyyə Nazirliyinin nümayəndə heyəti ölkəmizdə səfərdə olmuş, mülki və ticarət işləri üzrə məhkəmə və ədliyyə əməkdaşlığı haqqında dövlətlərarası Müqavilə, habelə iki ölkənin Ədliyyə nazirlikləri arasında əməkdaşlıq haqqında Saziş layihələri üzrə danışıqlar keçirilmişdir.
Ədliyyə Nazirliyində görüş |
Məsləhətləşmələrin davamı olaraq, bu günlərdə Azərbaycan Ədliyyə Nazirliyinin nümayəndə heyəti Səudiyyə Ərəbistanı Krallığında səfərdə olmuşdur. Nazirliyin Beynəlxalq əməkdaşlıq idarəsinin rəisi Zavər Qafarovun başçılıq etdiyi nümayəndə heyətinə idarənin əməkdaşları Sənan Hacıyev və Erkin Əlixanov daxil olunmuşdur.
Səfər zamanı Krallığın Ədliyyə və Daxili İşlər nazirliklərində qarşılıqlı anlaşma və dostluq şəraitində keçirilmiş danışıqlar nəticəsində ekstradisiya və məhkumların verilməsi, habelə məhkəmə və hüquq əməkdaşlığı haqqında Müqavilələr, iki ölkənin Ədliyyə Nazirlikləri arasında əməkdaşlıq haqqında Saziş layihələri razılaşdırılmış, əməkdaşlığın prioritetlərinə dair faydalı fikir mübadiləsi aparılmışdır.
Daxili İşlər Nazirliyində görüş |
Nümayəndə heyəti həmçinin, Səudiyyə Ərəbistanı Krallığının ədliyyə naziri Dr. Şeyx Məhəmməd bin Əbdul Kərim Əl-Essa tərəfindən qəbul edilmişdir. İki ölkə arasında hüquqi əlaqələrin möhkəmləndirilməsi üçün geniş imkanların olduğunu vurğulayan nazir Azərbaycanda həyata keçirilən mütərəqqi məhkəmə-hüquq islahatları barədə məlumatlı olduğunu və bu sahədə təcrübə mübadiləsinin aparılması ilə bağlı niyyətini bildirərək, razılaşdırılmış sənədlərin yaxın gələcəkdə imzalanması üçün müvafiq tədbirlərin görüləcəyini qeyd etmişdir. Krallığın ədliyyə naziri ölkəmizin ədliyyə naziri Fikrət Məmmədovun salamlarına görə minnətdarlığını bildirmiş, onun da salamlarını azərbaycanlı həmkarına çatdırmağı xahiş etmişdir.
Tədbirlərdə ölkəmizin Səudiyyə Ərəbistanı Krallığındakı Fövqəladə və Səlahiyyətli Səfiri Tofiq Abdullayev iştirak etmişdir.