11-09-2020 | 08:45 1251
Bakı, 10 sentyabr, AZƏRTAC
Əhalinin ədliyyə fəaliyyəti barədə mütəmadi məlumatlandırılması, vətəndaşların ədliyyə orqanlarına əlçatanlığının təmin olunması məqsədilə həm kütləvi informasiya vasitələrinin, həm də vətəndaş cəmiyyəti nümayəndələrinin iştirakı, eləcə də Ədliyyə Nazirliyinin rəsmi saytlarının və sosial şəbəkələrdə səhifələrinin imkanlarından geniş istifadə olunması işi davam etdirilir. Dövlətimizin başçısının tapşırıqlarının icrası istiqamətində xüsusi karantin rejimi dövründə nazirliyin rəsmi “Facebook” səhifəsində ədliyyənin müxtəlif fəaliyyət istiqamətləri üzrə canlı yayımların təşkili də əhalinin hüquqi maarifləndirilməsində mühüm əhəmiyyətə malikdir.
AZƏRTAC xəbər verir ki, sentyabrın 10-da Ədliyyə Nazirliyi tərəfindən təşkil edilən növbəti onlayn ictimai müzakirə “Məhkəməyə elektron müraciət və sahibkarlara açılan imkanlar” mövzusuna həsr olunub. İctimai müzakirədə iştirak edən “Elektron məhkəmə” informasiya sistemi üzrə işçi qrupun üzvü Xəyyam Bayramov bu istiqamətdə ədliyyə fəaliyyəti barədə məlumat verib.
Qeyd edilib ki, məhkəmələrin müasir İKT-lərlə təchizatı məhkəmə infrastrukturunun müasirləşdirilməsi tədbirləri ilə paralel aparılıb. Dövlətimizin başçısının “Elektron məhkəmə” informasiya sisteminin yaradılması haqqında” 2014-cü il 13 fevral tarixli Sərəncamı ölkəmizdə məhkəmə fəaliyyətinin elektronlaşdırılması sahəsində inqilabi dəyişikliyin əsasını qoyub. Prezident İlham Əliyevin “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında" 2019-cu il 3 aprel tarixli Fərmanı isə “Elektron məhkəmə” informasiya sistemi ilə bağlı təşkilatı işlərin yekunlaşdırılmasına və onun funksionallığının artırılmasına yönəlib.
Bildirilib ki, “Elektron məhkəmə” informasiya sisteminin üstünlüyü məhkəmə hakimiyyətinin və ədalət mühakiməsinin işini asanlaşdırmasıdır. Bu sistem vətəndaşın məhkəməyə müraciət hüququnun yaradılmasından məhkəmə qərarının icrasının tamamlanmasınadək bütün prosesi əhatə edir. Sistemə daxil olan vahid məhkəmə portalı, məhkəmə prosesi iştirakçısının elektron kabineti, elektron icra, məhkəmə qərarının vahid bazası və digər sistemlər vətəndaşlara və hüquqi şəxslərə geniş imkanlar yaradır. Tətbiq olunan bu yeniliklər vətəndaşlara məhkəmələrə elektron qaydada müraciət etmək, sistemdə şəxsi kabinetə sahib olmaq, sənədləri elektron formatda ötürmək, məhkəmə işinin materialları ilə tanış olmaq, proseslər barədə məhkəməyə gəlmədən xəbər tutmaq, apelyasiya və kassasiya şikayətlərinin verilməsi kimi çoxsaylı imkanlar verir.
Vurğulanıb ki, “Elektron məhkəmə” informasiya sistemi sahibkarlar üçün məhkəmələrə əlçatanlığın asanlaşdırılmasına müsbət təsir edir. Son illər məhkəmə-hüquq sistemində aparılan islahatlar nəticəsində sahibkar və məhkəmə arasında kommersiya mübahisələri üzrə ünsiyyət və icraat tamamilə elektron müstəvidə tənzimlənib. Sahibkar “Elektron kabinet” vasitəsilə məhkəməyə getmədən iddia ərizəsinin və digər sənədlərin təqdim olunmasını, həmçinin alınmasını elektron qaydada həyata keçirə bilər. Bundan başqa, kiçik iddialar üzrə sadələşdirilmiş icraatın yaradılmasında yenilik var. Onun adi iddiadan fərqi odur ki, qeyd olunun icraatda mübahisə məbləği on min manatdan az olan iddialara məhkəmə tərəfindən yazılı, yəni işə tərəflərin təqdim etdiyi sənədlər və sübutlar əsasında 30 gün ərzində baxılmasıdır. Qeyd olunan yenilik sahibkarlara vaxta qənaət etmək və əlavə xərcin qarşısını almaq üçün yaradılan imkandır. Ümumiyyətlə, işlərin “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə avtomatik bölgüsü onun keyfiyyətini və məhkəməyə inamı artırır.
Məlumat verilib ki, pandemiya dövründə tətbiq olunan yeniliklərdən biri distant məhkəmələrin mümkünlüyüdür. Belə ki, sahibkarlar məhkəməyə gəlmədən kompüterlərindən məhkəməyə qoşularaq mövqeyini bildirirlər. Əgər vətəndaşın məhkəmə qərarlarından şikayəti varsa və o, hər hansı ərizə ilə müraciət etdikdə, həmin şəxs elektron kabinetdən qeydiyyatdan keçməlidir. Sahibkarlar üçün qurumuna aid elektron imzanın olması da vacibdir. Elektron sistemin eyniləşdirmə üsullarından biri FİN və vergi ödəyicisinin eyniləşdirmə nömrələridir. Bu məlumatlar həmin elektron imzada saxlanılır. Bundan əlavə, vətəndaşlar “Elektron kabinetə” “ASAN loqin” vasitəsilə də daxil ola bilərlər. Lakin məhkəmə ilə elektron mübadilə üçün mütləq qaydada elektron imza əldə etmək lazımdır. Sistemə daxil olduqda həmin şəxsə və ya quruma aid məhkəmə işinin olub-olmaması avtomatik yoxlanılır. Əgər iş mövcuddursa, iddiaçının şəxsi kabinetində məlumatlar əks olunur. “Elektron kabinet”ə sahib olan şəxs məhkəmə işinə baxılması vəziyyətini həm SMS, həm də elektron poçtla öyrənə bilər. Onun əhəmiyyəti ondan ibarətdir ki, vətəndaş ona qarşı gələcəkdə qaldırılacaq iş barədə əvvəlcədən bildirişlər vasitəsilə məlumatlandırılır.
Diqqətə çatdırılıb ki, “Elektron icra” və “Elektron məhkəmə” informasiya sistemləri arasında inteqrasiya təmin olunub. Məhkəmə aktı icraya yönəldilibsə və “Elektron icra” informasiya sistemində əks olunubsa, həmin iş barədə məlumat elektron kabinetdəki icra işləri bölməsində əks edilir. Sahibkar və ya istənilən vətəndaş ona aid məhkəmə aktının icrasını oradan izləyə bilər.
Onlayn ictimai müzakirədə, həmçinin “Mobil elektron məhkəmə” tətbiqi və digər məsələlərə toxunulub, sosial şəbəkə istifadəçilərinin sualları ətraflı cavablandırılıb.