06-10-2020 | 17:12 1001
Ümumbəşəri sosial bəla olan vərəm xəstəliyinə qarşı
mübarizə bütün dünyanı narahat edir. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST)
təhlillərinə görə, hər il dünyada vərəmdən 1 milyon 700 min insan vəfat edir,
həbsxanalarda isə vərəmin yayılma riski 100 dəfə daha yüksəkdir. Vərəmə qarşı ÜST tərəfindən tövsiyə edilən strategiyalar bu
xəstəliyi aşkar və müalicə etməyə, yoluxmanın azaldılmasına xidmət edir. Hazırda
son strategiya dünyanın 180-dən artıq ölkəsində uğurla tətbiq edilir.
COVİD-19 qlobal pandemiyasının dünya ölkələrinin
səhiyyə sistemlərində ciddi gərginliyin yaratması, həmçinin əhalinin həssas
təbəqəsi olan məhkumlar arasında vərəm əleyhinə tibbi xidmətlərin
göstərilməsində çətinliklərin yaşanması ilə müşayiət olunur.
Bununla əlaqədar bu ilin əvvəlində ÜST
azadlıqdan məhrumetmə yerlərində COVİD-19-un qarşısının alınması və nəzarətdə
saxlanılması barədə aralıq təlimatı dərc edərək ölkələri həbsxanalarda vərəmin
qarşısının alınması və müalicəsi ilə əlaqəli bütün növ xidmətlərin
göstərilməsini təmin etməyə çağırıb.
Oktyabrın 6-da ÜST Avropa Regional
Bürosunun və Ədliyyə Nazirliyinin birgə təşkilatçılığı ilə "COVİD-19
pandemiyası dövründə azadlıqdan məhrumetmə yerlərində vərəmin müalicəsi və
profilaktikası" mövzusunda videokonfrans formatında qlobal vebinar
keçirilib.
Tədbirin keçirilməsində məqsəd pandemiya
zamanı həbsxanalarda vərəmin qarşısının alınması və müalicəsi üçün əsas
tövsiyələrin nəzərdən keçirilməsi, bu xəstəliyin davamlı, vaxtında və dəqiq
aşkarlanması, diaqnozu, müalicəsi ilə bağlı yaxşı təcrübələrin mübadiləsinin
aparılması olub.
Ümumdünya Səhiyyə Təşkilatının,
"Sərhədsiz həkimlər" Beynəlxalq Tibbi Humanitar Təşkilatın, Azadlıqdan Məhrumetmə Yerlərində Vərəm və Ağciyər Xəstəliklərinə qarşı Beynəlxalq Birliyin
və 26 dövlətin çoxsaylı nümayəndələrinin qatıldığı vebinarı ÜST Avropa
Regional Ofisinin səhiyyə sahəsində təmsilçisi Dr. Masood Dara və Azərbaycanın
Ədliyyə Nazirliyi Tibb baş idarəsinin rəisi Dr. Rəfail Mehdiyev açıb, tədbirin
vərəmlə qlobal mübarizənin gücləndirilməsi, müsbət təcrübələrin öyrənilməsi və
tətbiqi baxımından əhəmiyyətini qeyd ediblər.
Ölkəmizin nümayəndəsi tədbirdə çıxışı zamanı, ilk
öncə, işğalçı Ermənistanın Azərbaycana qarşı törətdiyi hərbi təxribatlara
diqqət çəkərək Azərbaycan Ordusu tərəfindən ölkə Prezidenti, Ali Baş Komandan
cənab İlham Əliyevin rəhbərliyi ilə aparılan uğurlu əks-hücum əməliyyatları
barədə iştirakçıları məlumatlandırıb.
Bildirib ki, 30 ilə yaxındır ərazilərimizi işğal
altında saxlayan, silahlı qüvvələrini qeyd-şərtsiz torpaqlarımızdan çıxarılması
ilə bağlı BMT-nin və digər beynəlxalq təşkilatların qərar və qətnamələrinə
məhəl qoymayan Ermənistanın təcavüzkar siyasətinin nəticəsi olaraq 90-cı
illərin əvvəllərində iqtisadiyyatımızın iflic vəziyyətinə düşməsi sosial
problemlərə səbəb olmaqla vərəmin yayılması üçün əlverişli şərait yaratmışdı.
Ümummilli lider Heydər Əliyevin ölkə rəhbərliyinə
qayıdışından sonra əhalinin rifahının yaxşılaşdırılmasına yönələn məqsədyönlü
tədbirlər həyata keçirilib, vərəmlə mübarizə diqqətdən kənarda qalmayıb. Bu
sahədə ÜST-ün tövsiyələrinə uyğun strategiyalar hazırlanıb, xüsusi qanun qəbul
olunub, beynəlxalq təşkilatlarla birgə proqram və layihələr həyata keçirilir, o
cümlədən penitensiar müəssisələrdə vərəmə qarşı səmərəli mübarizə aparılır.
Ölkə Prezidenti cənab İlham Əliyevin fərman və
sərəncamlarına əsasən penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi,
məhkumların və təqsirləndirilən şəxslərin hüquqlarının qorunması, tibbi və
dərman təminatının yaxşılaşdırılması üzrə ardıcıl tədbirlər görülür,
penitensiar müəssisələr müasir tibb avadanlığı ilə təchiz olunur.
Beynəlxalq Qırmızı Xaç Komitəsi ilə uzun illər
məhkumlara yüksək ixtisaslı tibbi yardımın göstərilməsi sahəsində səmərəli
əməkdaşlıq edilərək məhkumlar arasında vərəmə qarşı mübarizədə müsbət
nəticələrə nail olunub, vərəmin dəqiq diaqnozunu ən qısa vaxtda müəyyən etməyə
imkan verən yeni ekspress-test dünyada ilk dəfə olaraq penitensiar
müəssisələrdə məhz Azərbaycanda tətbiq edilib. Eyni zamanda, vərəmli
məhkumların effektiv müalicəsinin təmin edilməsi, onların saxlanma şəraitinin
yaxşılaşdırılması məqsədilə ixtisaslaşdırılmış müalicə müəssisəsi fəaliyyət
göstərir.
Bütün bunlar penitensiar müəssisələrdə vərəmdən
ölümün və ona yoluxma hallarının sayının ilbəil azalmasına səbəb olub. BQXK ilə
bu sahədə məqsədyönlü fəaliyyətin başlandığı 1995-ci illə müqayisədə
penitensiar müəssisələrdə vərəmdən ölüm 136 dəfəyədək azalıb.
Ölkəmizdə ÜST-ün tövsiyə etdiyi vərəmin uğurlu
müalicəsi üzrə hədəf göstəriciləri aşaraq dərmanlara həssas vərəmli məhkumların
müalicəsi üzrə 95 faiz, müalicəyə çətin tabe olan dərmanlara davamlı formalı
vərəmə düçar olmuş xəstələrin müalicəsi üzrə isə 92 faiz müsbət nəticələrə nail
olunub ki, bu da dünyada ən yüksək göstəricilərdəndir.
Tibb baş idarəsinin rəisi qeyd edib ki,
Azərbaycanın vərəmə nəzarət təcrübəsi ÜST, BQXK və s. beynəlxalq qurumlar
tərəfindən yüksək qiymətləndirilərək müsbət təcrübəmiz dünyada örnək olub,
illik Səhiyyə Mükafatına layiq görülüb. Azərbaycan təcrübəsinin digər
dövlətlərə yayılması və öyrənilməsi üçün Bakıda Təlim Mərkəzi yaradılıb və Ümumdünya
Səhiyyə Təşkilatı ona beynəlxalq status verib. ÜST-ün Baş Direktoru Dr. Tedros
Adhanom Qebreyesus Mərkəzin fəaliyyəti ilə tanış olaraq vərəmlə mübarizədə
müsbət nəticələrə nail olunmasında dövlətimizin güclü siyasi iradəsini və
müsbət təcrübəmizin dünyada daha geniş yayılmasının önəmini vurğulayıb.
Səmərəli fəaliyyət göstərən Mərkəzdə ötən dövrdə Avropa
və digər qitələrdən 20 dövlətin Ədliyyə və Daxili İşlər nazirlikləri,
penitensiar müəssisələrin tibb xidmətləri ilə yanaşı, hətta Səhiyyə
nazirliklərinin çoxsaylı nümayəndələri müsbət təcrübəmizdən bəhrələnib və artıq
bəzi ölkələrdə bizim təcrübəyə uyğun modellər tətbiq olunur.
R.Mehdiyev 2020-ci ildə koronavirus pandemiyası
şəraitində də məhkumların tibbi təminatının, vərəmlə mübarizənin daim diqqətdə
saxlanıldığını, vərəmin profilaktikası və müalicəsi işinə nəzarətin
gücləndirildiyini vurğulayıb, qlobal COVİD-19 infeksiyasına qarşı dövlət
başçısının və respublikamızın Birinci vitse-prezidenti Mehriban xanım
Əliyevanın rəhbərliyi ilə ölkəmizdə görülən qəti tədbirlər çərçivəsində Ədliyyə
Nazirliyi tərəfindən aparılan zəruri tibbi, profilaktik və digər preventiv
işləri qeyd edib.
Tibb xidmətinin fəaliyyətini ÜST-ün tövsiyələrinə
uyğun quraraq işini gücləndirilmiş rejimdə davam etdirdiyi, Səhiyyə Nazirliyi
və TƏBİB ilə sıx əlaqədə məhkumların və təqsirləndirilən şəxslərin koronavirus
və digər infeksiyalara, o cümlədən vərəmə yoluxmasının qarşısının alınması üzrə
ardıcıl tədbirlərin görüldüyü, sanitariya-epidemioloji nəzarət gücləndirilməklə
geniş maarifləndirmə işinin aparıldığı, həkim və digər tibb işçilərinin xüsusi
təlimlərə cəlb olunduğu bildirilib.
Diqqətə çatdırılıb
ki, pandemiya dövründə tibb
xidməti tərəfindən penitensiar müəssisələrdə həyata keçirilən vərəmə nəzarət
tədbirlərinin intensivliyi azaldılmayıb və koronavirus infeksiyası əleyhinə yönəldilmiş
tədbirlərlə paralel aparılıb. Hər iki istiqamətdə uğurla həyata keçirilən işlər
vərəm üzrə statistik epidemioloji göstəricilərin davamlı yaxşılaşması ilə
yanaşı, COVİD-19
infeksiyasının nəzarətdə saxlanmasına və idarə olunmasına xidmət edir.
Onlayn konfransda müxtəlif dövlətlərin təmsilçiləri
tərəfindən çıxışlar edilib, Azərbaycanın vərəmlə mübarizədə müsbət təcrübəsinə
böyük maraq göstərilərək, ölkəmizin nailiyyətlərinin digər dövlətlərdə
yayıldığı vurğulanıb, faydalı müzakirələr aparılıb, iştirakçıların sualları
cavablandırılıb.
Ədliyyə Nazirliyi Mətbuat xidmətinin məlumatı