30-10-2020 | 16:40 862
Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu tərəfindən düşmənin hərbi təxribatlarının qarşısı qətiyyətlə alınır.
Döyüş meydanında məğlubiyyətə uğrayan işğalçı Ermənistanın qəsdən mülki əhaliyə hədəflənən qeyri-insani əməllərindən əl çəkməyərək beynəlxalq hüququn qadağan etdiyi kasset bombaları və ballistik raketlərlə Bərdədə qətliam törətməsi ilə bağlı Ədliyyə naziri Fikrət Məmmədov tərəfindən xarici ölkələrin ədliyyə nazirlərinə xüsusi müraciət ünvanlanıb.
Müraciətdə beynəlxalq ictimaiyyətin lazımi reaksiya göstərmədiyindən daha da azğınlaşan Ermənistanın ölkəmizə qarşı terror və hərbi təxribatlarının, xüsusilə Bərdədə törədilmiş hadisələrin dəhşətləri barədə məlumat verilib.
Oktyabrın 28-də münaqişə zonasından onlarla kilometr uzaqda yerləşən Bərdə rayonunun əhalinin sıx hərəkətdə olduğu hissəsinə raket zərbələrinin endirilməsi nəticəsində 21 mülki şəxsin həlak olduğu və 70-dən çox insanın yaralandığı, ölən və xəsarət alanlar arasında insanlara humanitar yardım göstərən Azərbaycan Qızıl Aypara Cəmiyyətinin 3 nəfər könüllüsünün olduğu bildirilərək, ermənilərin törətdikləri bu vəhşiliklərin heç bir insanlığa sığmadığı vurğulanıb.
Qeyd olunub ki, hərbi toqquşma başlayandan ötən bir ay ərzində bütövlükdə 11-i uşaq olmaqla 90-dan çox dinc insan həlak olub, 400-dək şəxs yaralanıb, 3.000-ə yaxın yaşayış binası və mülki obyekt dağıdılıb və ya ciddi ziyan dəyib. Həmçinin, Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayan neft kəmərləri atəşə tutulur.
Ermənistanın həmin zərbələri öz ölkəsinin ərazisindən endirməklə münaqişəni beynəlmiləlləşdirmək və üçüncü ölkələri cəlb etmək məqsədi daşıdığı xüsusilə qeyd olunub.
Vurğulanıb ki, BMT-nin Baş katibi və Avropa İttifaqı əhalinin yaşadığı bölgələrə edilən hücumları qınayan və onların tam qəbuledilməzliyini qeyd edən bəyanatlarla çıxış edərək bildiriblər ki, mülki şəxslərin və obyektlərin atəşə tutulmasına son qoyulmalıdır.
Lakin bu çağırışları məhəl qoymayan Ermənistanın mülki əhaliyə qarşı törədilən namərd hücumlarının ölən və yaralanan şəxslərin sayının durmadan artmasına səbəb olduğu qeyd edilib, xarici həmkarların diqqəti erməni terroruna məruz qalan şəhərləri ziyarət edən hətta diplomatik korpus üzvlərinin də artilleriya atəşinə tutulması faktına xüsusilə cəlb olunub.
Bundan əlavə, Ermənistanın Çikaqo Konvensiyasının tələblərini pozaraq, humanitar yardım bəhanəsi ilə mülki aviasiyadan istifadə etməklə ölkəsinə qanunsuz silah daşınması ilə məşğul olduğu və bununla əlaqədar Azərbaycan tərəfindən Beynəlxalq Mülki Aviasiya Təşkilatına (ICAO) müraciət edildiyi diqqətə çatdırılıb.
Bildirilib ki, Ermənistandan fərqli olaraq, doğma torpaqları uğrunda və yalnız öz ərazisində heç bir kənar dəstək olmadan öz gücü ilə vuruşan Azərbaycan döyüş meydanında açıq üstünlüyə malik olmasına baxmayaraq, insanların həyatını xilas etmək naminə qan tökülməsini istəmir və münaqişənin siyasi yolla həlli üçün sülh danışıqlarının aparılmasının tərəfdarıdır.
Ədliyyə naziri xarici həmkarlarının diqqətini yenidən bu problemə yönəltməklə mülki əhalinin həyatını qorumaq naminə təsirli tədbirlər görəcəklərinə ümidvar olduğunu bildirib.
Ədliyyə Nazirliyi Mətbuat xidmətinin məlumatı