Məhkumların hüquqlarının qorunması diqqət mərkəzindədir

Son illər ölkə başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə ədliyyə, o cümlədən penitensiar sistemdə köklü islahatlar aparılır, cəza siyasəti humanistləşdirilərək məhkumların hüquqları və imtiyazları xeyli genişləndirilmiş, saxlanma şəraiti, ərzaq və tibb təminatı yaxşılaşdırılmış, ictimai nəzarət gücləndirilmiş, müasir penitensiar infrastrukturun yaradılması üzrə məqsədyönlü işlər görülür.

Bununla belə penitensiar sistemdə hələ bəzi problemlər qalmaqdadır. Belə ki, islah işinin və əməyə cəlb etmənin səmərəsinin artırılması, residiv cinayətkarlığın qarşısının alınması üzrə əlavə tədbirlər görülməli, cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə kimi mühüm humanist institutun tətbiqi qaydası təkmilləşdirilməlidir. Bu sahədə nöqsanların aradan qaldırılması üzrə tədbirlər ədliyyə naziri Fikrət Məmmədovun sədrliyi ilə keçirilmiş iclasda müzakirə edilmişdir. Tədbirdə nazirliyin və Penitensiar xidmətin rəhbər heyəti, hakimlər, Məhkəmə-Hüquq Şurasının üzvləri və Baş prokurorluğun rəhbər işçiləri iştirak etmişlər.

Müşavirədə islah prosesinin səmərəsində vacib əhəmiyyət kəsb edən cəzadan şərti olaraq vaxtından əvvəl azad etmənin tətbiqində ciddi nöqsanlar, o cümlədən sənədləşdirmədə qüsurlar, süründürməçilik halları, bəzən proseslərin formal keçirilməsi, əsaslandırılmamış qərarların qəbul olunması kimi pozuntular və onları doğuran səbəblər ətraflı və prinsipial müzakirə olunmuşdur.

Qeyd edilmişdir ki, respublika Ali Məhkəməsi tərəfindən bu sahədə məhkəmə təcrübəsi ümumiləşdirilərək ötən ay Plenum iclasında müzakirə olunmuş və qanun pozuntularına yol verilmiş hakimlər barədə intizam icraatının başlanılması üçün materiallar Məhkəmə-Hüquq Şurasına göndərilmişdir.

İclasda bu sahədə vəziyyətin yaxşılaşdırılması üçün ciddi tədbirlərin görülməsinin vacibliyi qeyd edilərək konkret vəzifələr müəyyən olunmuş, o cümlədən beynəlxalq təcrübə öyrənilməklə müvafiq prosedurların sadələşdirilməsi, şəffaflığın və obyektivliyin gücləndirilməsi üzrə işin əlaqələndirilməsi üçün aidiyyəti qurumların nümayəndələrindən ibarət işçi qrupun yaradılması qərara alınmışdır.

iacca
iap
Qarabağ Azərbaycandır!
eplc
Ən Tez