Azərbaycan ədliyyəsinin 90 illik yubileyi yüksək səviyyədə qeyd olunur

22 noyabr - ədliyyə işçilərinin peşə bayramı günü bu il xüsusilə əlamətdar olmuşdur. 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması ilə bir gündə təsis olunan Ədliyyə Nazirliyi 90 illik tarixi dövr ərzində zəngin, kəşməkəşli bir yol keçərək müasir inkişaf mərhələsinə çatmış, dövlətin hüquq siyasətini həyata keçirən orqana çevrilmiş, səlahiyyətləri xeyli genişlənmiş, cəmiyyətdə nüfuzu daha da yüksəlmişdir.
Azərbaycan ədliyyəsinin 90 illik yubileyi ərəfəsində ədliyyə işçiləri, hakimlər Fəxri xiyabana gələrək, müstəqil Azərbaycan dövlətinin qurucusu, ümummilli liderimiz Heydər Əliyevin xatirəsinə dərin ehtiramlarını bildirmiş, məzarı önünə əklil qoymuşlar.
Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarının üstünə də tər güllər düzülmüşdür.
Ədliyyə işçiləri Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarında keçmiş Vətən övladlarının məzarlarını da ziyarət etmişlər.
Sonra tədbir Ədliyyə Nazirliyində davam etdirilmişdir. Rəsmi tədbirdən əvvəl əbədiyaşar liderimizin nazirliyin binasındakı büstü önünə tər çiçəklər düzülmüş, ulu öndərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Azərbaycan ədliyyəsinin 90 illik yubileyi münasibətilə keçirilən təntənəli yığıncaqda ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov çıxış edərək, bu qurumun keçdiyi şanlı tarixi inkişaf yolundan, ümummilli liderimiz Heydər Əliyevin Azərbaycana rəhbərliyinin bütün dövrlərində Ədliyyə Nazirliyinə göstərdiyi diqqət və qayğıdan, Prezident İlham Əliyevin rəhbərliyi ilə son illər respublikamızda ədliyyə və məhkəmə sahəsində həyata keçirilən mütərəqqi islahatlardan, dövlətimizin başçısının ədliyyə orqanları qarşısında qoyduğu mühüm vəzifələrin icrası sahəsində görülən tədbirlərdən, yubiley günlərində ölkəmizin rəhbəri tərəfindən nazirliyin rəsmi embleminin, Ədliyyə Akademiyası Nizamnaməsinin və Penitensiar Xidmətin mühafizə alayının bayrağının təsdiq olunmasından, ədliyyə işçilərinin maddi-sosial rifahının yaxşılaşdırılmasından, bir qrup ədliyyə işçisi və hakimlərin dövlət təltiflərinə layiq görülməsindən danışmışdır.
Tədbir çərçivəsində ədliyyə nazirinin əmrinə əsasən bir sıra işçilərə ilkin və yüksək rütbələr verilmiş, müsabiqə əsasında müvəffəqiyyət qazanmış bir qrup gənc mütəxəssis ədliyyə orqanlarına qulluğa qəbul olunmuş, notariat fəaliyyəti ilə peşəkarcasına məşğul olmaq istəyən namizədlərə şəhadətnamələr verilmiş, fəaliyyətində fərqlənmiş əməkdaşlara mükafatlar təqdim olunmuşdur.
Ədliyyə işçiləri, gənc mütəxəssislər çıxış edərək, öz fəaliyyətlərini ölkəmizin Prezidentinin tapşırıqlarına əsasən müasir tələblər səviyyəsində quraraq, ümummilli liderimizin müəyyən etdiyi xəttin həyata keçirilməsində və ölkəmizin hərtərəfli tərəqqisində dövlətimizin başçısına bundan sonra da layiqli yardımçı olacaqlarını bildirmişlər.
Yığıncaqda Azərbaycan Respublikasının Prezidentinə müraciət qəbul edilmişdir.
Azərbaycan ədliyyəsinin 90 illik yubileyi ilə əlaqədar tədbirlər davam edir.

iacca
iap
Qarabağ Azərbaycandır!
eplc
Ən Tez