18-01-2011 | 04:02 1094
Respublikamızda aparılan məhkəmə-hüquq islahatları çərçivəsində penitensiar xidmətin təkmilləşdirilməsinə, məhkumların hüquqlarının daha etibarlı təmin olunmasına və saxlanma şəraitinin beynəlxalq standartlara uyğun yaxşılaşdırılmasına, şəffaflığın artırılması məqsədilə bu sahədə ictimai nəzarətin gücləndirilməsinə xüsusi önəm verilir.
Bu məqsədlə 2006-cı ildən penitensiar sistemdə ictimai nəzarəti təmin etməklə səmərəli fəaliyyət göstərən İctimai Komitənin hazırkı tərkibinin növbəti bir illik səlahiyyət müddəti başa çatmışdır.
Ötən dövrdə İctimai Komitə müxtəlif cəzaçəkmə müəssisələrinə 260-dan artıq başçəkmə həyata keçirmiş, məhkumların saxlanma şəraitinin, tibbi-sanitariya təminatının yaxşılaşdırılmasına, onların ictimai faydalı əməyə cəlb olunmasına, asudə vaxtının səmərəli təşkilinə və digər məsələlərə diqqət yetirmişdir. Qeyd olunmalıdır ki, başçəkmələrin nəticələri üzrə hesabatlar Ədliyyə Nazirliyinə təqdim edilmiş, ictimaiyyətə müvafiq açıqlamalar verilmişdir.
Bir illik səlahiyyət müddəti başa çatmış İctimai Komitənin fəaliyyətinin qiymətləndirilməsi, habelə qurumun yeni tərkibinin formalaşdırılması məqsədilə bu il yanvarın 18-də tərkibi millət vəkillərindən, nüfuzlu ictimaiyyət nümayəndələrindən, alimlərdən, din xadimlərindən və aidiyyəti qurumların təmsilçilərindən ibarət olan Seçki Komissiyasının iclası keçirilmişdir.
Komissiyanın iclasında İctimai Komitənin dördüncü tərkibi tərəfindən bir il ərzində görülən işlər haqqında məruzə dinlənilmiş, aparılmış monitorinqlərin daha müntəzəm xarakter alması, qurumun müsbət təcrübəsinin həm yerli, həm də beynəlxalq ictimaiyyətin diqqətindən kənarda qalmadığı, bütövlükdə fəaliyyətinin qənaətbəxş olduğu qeyd edilmişdir. Komitənin qarşısında mühüm vəzifələrin dayandığı vurğulanmış, qarşılıqlı dialoq və əməkdaşlıq şəraitində vətəndaş cəmiyyəti və dövlət orqanları nümayəndələrinin birgə səyləri təqdir edilmişdir.
Tədbirdə Komitə üzvlərinin fəaliyyətinin nəticələri qiymətləndirilmiş və təhlillər aparılmış, qurumun işində iştirak etmək arzusunda olan hüquq-müdafiə, qeyri-hökumət təşkilatlarının Seçki Komissiyasına təqdim etdiyi proqram və təkliflərinə baxılmış, Komitənin yeni tərkibi formalaşdırılmışdır.