Ədliyyə orqanlarında 20 Yanvar faciəsinin iyirmi birinci ildönümünə həsr olunmuş anım mərasimləri keçirilir

Ədliyyə Nazirliyində və onun bütün struktur qurumlarında 20 Yanvar- ümumxalq hüzn günü ilə bağlı geniş tədbirlər keçirilərək şəhidlərimiz ehtiramla anılmış, xalqımızın müstəqillik yolunda keçdiyi keşməkeşli tarixə nəzər salınmışdır.

Nazirlikdə keçirilmiş mərasimdə şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra çıxış edənlər bu qəhrəmanlıq salnaməsinin xalqımızın qəlbində əbədi həkk olunmasından, Bakı şəhərində və respublikamızın bir neçə rayonunda sovet ordusunun hərbi hissələrinin törətdiyi qırğının acı nəticələrindən, dinc əhaliyə amansız divan tutulmasından danışmış, qanlı faciəni törədənlərə dərin nifrət ifadə olunmuş, vətəninin müstəqilliyini qorumaq üçün xalqımızın şəhid olmaq əzmini bütün dünyaya nümayiş etdirdiyini vurğulamışlar.

Tədbirdə iştirak edən, hadisənin bilavasitə iştirakçısı olmuş “20 Yanvar” Cəmiyyətinin nümayəndəsi faciə ilə bağlı xatirələrini ədliyyə işçiləri ilə bölüşmüş, hərbi təcavüz zamanı xalqımızın haqq işinin müdafiəsi naminə küçələrə çıxmış yüzlərlə günahsız insanların yaralanması və qəddarcasına qətlə yetirilməsi ilə bağlı konkret faktlar səsləndirmiş, şəhidlərimizin fədakarlığının gələcək nəsillər üçün qəhrəmanlıq məktəbi olacağını qeyd etmişdir .

Çıxış edənlər 20 Yanvar hadisələrinə ilk olaraq Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən prinsipial münasibət bildirilməsini, qanlı cinayətin səbəblərinin araşdırılmasını və siyasi-hüquqi qiymət verilməsini, şəhidlərimizin xatirəsinin əbədiləşdirilməsi məqsədilə ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən ötən il “20 Yanvar” dairəsində ucaldılmış memorial abidə kompleksinin açıldığını, habelə “20 yanvar faciəsinin iyirmi birinci ildönümünün keçirilməsinə dair tədbirlər planı”nın qəbul olunduğunu xüsusi vurğulamışlar.

Nazirlikdə 20 Yanvar faciəsi ilə bağlı arxiv və foto materiallardan ibarət xüsusi stend hazırlanmış, ədliyyə işçiləri bu hadisələrdən bəhs edən sənədli filmlərə tamaşa etmişlər.

iacca
iap
Qarabağ Azərbaycandır!
eplc
Ən Tez