14-11-2020 | 14:35 447
Hörmətli Mehriban xanım!
Sizi möhtərəm Prezidentimiz, müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə qazanılmış Böyük Qələbəmiz münasibətilə təbrik edir, xalqımızın və dövlətimizin rifahı naminə mühüm və gərəkli fəaliyyətinizdə uğurlar arzulayırıq.
Bu gün Azərbaycan Ulu öndər Heydər Əliyevin ən ümdə vəsiyyətini yerinə yetirən dövlətimizin başçısınınuzaqgörən, düşünülmüş siyasəti və müdrik rəhbərliyi ilə tarixinin şanlı günlərini yaşayır. 30 ildir mənfur erməni işğalçılarının əsarətində olan doğma torpaqlarımız, mədəniyyət beşiyi – qədim Şuşa şəhəri ordumuzun döyüş meydanında qəhrəmanlığı və şücayəti sayəsində düşmən tapdağından azad edilib, ərazi bütövlüyümüz bərpa olunub, zəfər rəmzi olan üçrəngli bayrağımız vüqarla ucaldılıb.
Xalqımız üçün çətin və şərəfli olan bu dönəmdə Siz Ali Baş Komandanın ən sadiq silahdaşı kimi yorulmaz fəaliyyət göstərmiş, xalqımızın ədalətli mübarizəsi barədə həqiqətləri dünya ictimaiyyətinin diqqətinə çatdırmış, vətənpərvər çağırışlarınız və müraciətləriniz hər birimizi milli maraqlarımızı qorumaq naminə düşmənlə mümkün platformalarda, o cümlədən informasiya məkanında mübarizəyə səfərbər etmişdir.
Sizin cəbhədə döyüşən igid, yenilməz əsgərlərimizə ünvanlanan dualarınız, yaralılarımıza qayğılı münasibətiniz, düşmənin hərb meydanından xeyli aralıda yerləşən yaşayış yerlərimizə namərd hücumu nəticəndə həlak olmuş günahsız dinc insanlarımızın – körpələrin, qadınların, ahılların ağrı-acısını bölüşüb dərdlərinə şərik olmağınız, hər kəsə doğma və xüsusi həssaslıqla yanaşaraq “Sizin Mehriban” deyə ana, bacı kimi müraciətiniz, bu çətin günlərdə xalqımıza böyük ruh yüksəkliyi və təsəlli olmuş, bir daha nəcib, səmimi, təmkinli, xalqını və Vətənini sonsuz məhəbbətlə sevən əsl Azərbaycan xanımı kimi nümunə yaratmısınız.
Böyük inam və əzmlə Ali Baş Komandanın ətrafında sıx birləşən xalqımız, o cümlədən ədliyyə işçiləri, möhtəşəm qələbələr bəxş edən ölkə rəhbərliyi və ordumuzla həmrəylik nümayiş etdirərək unudulmaz və ölçüyəgəlməz fəxarət yaşayır, Prezidentimizə və Sizə sonsuz minnətdarlıq hissi keçirirlər.
Qəti əminik ki, Siz düşmən işğalından azad olmuş torpaqlarımızdakı gələcək quruculquq işlərinə daha artıq coşqu və səylə dəyərli töhfələrinizi verəcək, yüksək işgüzar keyfiyyətləriniz və təşkilatçılıq qabiliyyətinizlə həmişə olduğu kimi dövlət başçımızın ən yaxın dayağı olacaqsınız.
Hörmətli Mehriban xanım,
Sizi tarixi ədalətin bərpa olunması – Zəfər yürüşümüzdə torpaqlarımızın, mübarizəmizin dönüş nöqtəsi olan Şuşanın işğaldan azad olunması və ölkəmizin həm hərbi, həm siyasi meydanda Böyük Qələbə qazanması münasibətilə bir daha ürəkdən təbrik edir, Sizə, ailənizə, Azərbaycan gəncliyinə örnək olan vətənpərvər övladlarınıza, daim sevinc bəxş edən nəvələrinizə möhkəm cansağlığı, uzun ömür, səadət və xoşbəxtlik diləyirik.
Dərin hörmət və ehtiramla,
Azərbaycan Respublikasının ədliyyə işçiləri adından
Ədliyyə naziri,
Fikrət Məmmədov
11 noyabr 2020-ci il