20-11-2020 | 14:00 2927
Ümummilli lider Heydər Əliyevin bəxş etdiyi 22 noyabr – ədliyyə işçilərinin peşə bayramı günü bu il xalqımızın şanlı Qələbəsi ilə xüsusilə əlamətdar olmaqla ikiqat sevinc hissi ilə qeyd olunur.
Sentyabrın 27-də Ermənistanın hərbi təxribatlarına qarşı əks-hücum əməliyyatı ilə başlayan və noyabrın 10-da düşmənin təslim olması ilə nəticələnən İkinci Qarabağ müharibəsində ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev xalqımızın zəfər salnaməsini yazdı.
Dövlət başçısının qəti iradəsi və müdrik xarici siyasəti, müzəffər ordumuzun qəhrəmanlığı və şücaəti, xalqımızın birliyi və həmrəyliyi nəticəsində erməni işğalçıları həm hərbi, həm də siyasi meydanda ağır məğlubiyyətə uğradıldı, Böyük Qələbə qazanılaraq tarixi ədalət bərpa olundu, xalqın inamı özünə qaytarıldı.
30 ildir BMT Təhlükəsizlik Şurasının işğalçı qüvvələrin torpaqlarımızdan dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən qətnamələri ordumuzun inamlı qələbəsi ilə icra edildi, doğma torpaqlarının həsrətini çəkən, qayıdacaqları günü səbirsizliklə gözləyən insanlarımızın arzuları reallığa çevrildi.
Cəsur Azərbaycan hərbçiləri düşmənin işğal altındakı ərazilərimizdə otuz ilə yaxın müddətdə qurduqları istehkamları, hərbi texnikasını və infrastrukturunu, çoxsaylı canlı qüvvəsini darmadağın edərək torpaqlarımızı qarış-qarış, kəndbəkənd, şəhərbəşəhər əsarətdən xilas etdi. 44 günlük zəfər yürüşündə 300-dən çox şəhər, kənd və qəsəbələrimiz işğaldan azad edildi, Silahlı Qüvvələrimiz tərəfindən Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı şəhərlərində və digər doğma torpaqlarımızda üçrəngli şanlı bayrağımız ucaldıldı.
Ölkə Prezidentinin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusu tərəfindən noyabrın 8-də dahilər ocağı, hər daşı bir tarix olan, Qarabağın tacı Şuşanın işğaldan azad olunması xalqımıza hədsiz qələbə sevinci yaşatdı. "Şuşasız bizim işimiz yarımçıq olar", - deyən Ali Baş Komandan ulu babalarımızın miras qoyduğu qiymətli əmanəti azad etməklə müasir müstəqil dövlətimizin banisi, ulu öndər Heydər Əliyevin ən ümdə vəsiyyətini şərəflə yerinə yetirdi. Həmin gün Fəxri xiyabanı ziyarət edərək sanki Ümummilli Liderimizə bu barədə hesabat verən cənab Prezident Vətənimizin azadlığı uğrunda şəhid olmuş qəhrəman övladlarımızın əziz xatirəsini Şəhidlər Xiyabanında ehtiramla yad etdi və oradan xalqımıza Şuşanın azad olunması müjdəsini verdi.
Nüfuzlu hərbi ekspertlər təsdiq edirlər ki, çətin keçilən relyefə malik olan və üç tərəfdən sıldırım qayalıqla əhatə olunan alınmaz qala Şuşa uğrunda Azərbaycan Ordusunun xüsusi şücaətlə həyata keçirdiyi döyüşlər müstəsna olmaqla dünya hərb tarixinə unikal əməliyyat kimi düşəcək, hərb elminə dair dərsliklərə salınacaqdır.
Şuşanın işğaldan qurtarılaraq üçrəngli bayrağımızın sancılması Vətən müharibəsində dönüş nöqtəsi oldu, dövlətimizin başçısı düşməni təslim olmağa məcbur edərək Ermənistanın kapitulyasiya aktı olan birgə bəyanatla qalan digər torpaqlarımızın – Kəlbəcər, Laçın və Ağdam rayonlarının qan tökülmədən Azərbaycana qaytarılmasına, ərazi bütövlüyümüzün bərpasına nail oldu.
Bununla da dövlət başçısı cənab İlham Əliyev xalqımızın qəlbində Milli qəhrəmana çevrilərək, onun adı tariximizə qızıl hərflərlə həkk olundu. Möhtərəm Prezidentimiz görkəmli dövlət xadimi kimi müdrik siyasəti nəticəsində uzun sürən savaşa son qoyaraq sülhü bərqərar etməklə, bəşəriyyətdə sülh naminə mühüm xidmətlər göstərdi.
Danılmaz həqiqətdir ki, ölkəmizin şanlı Qələbə qazanmasının təməlində Azərbaycan Prezidenti cənab İlham Əliyevin 17 ildə həyata keçirdiyi uzaqgörən, düşünülmüş və müstəqil siyasəti dayanır. Dövlətimizin başçısı bu illər ərzində respublikamızın iqtisadiyyatını gücləndirmiş, ordu quruculuğunu, müdafiə sənayesini inkişaf etdirərək Azərbaycan Ordusunu, Vətən müharibəsində bütün dünyaya nümayiş etdirildiyi kimi, 5-ci nəsil müasir silah və hərbi texnika ilə təchiz olunmaqla dünyanın ən güclü 50 ordusundan birinə çevirmişdir.
Ölkənin bütün ərazisində hərbi vəziyyət və qismən səfərbərlik elan olunduğu, bütün xalqımızın böyük həmrəylik nümayiş etdirdiyi bu şərəfli dönəmdə ölkə Prezidenti hər kəsin səbirsizliklə gözlədiyi və həyəcanla dinlədiyi xalqa müraciətlərində, dünyanın nüfuzlu medialarına müsahibələrində diplomatik məharəti ilə milli maraqlarımızı uğurla müdafiə etdi, yalan və feyk xəbərlər üzərində qurulan erməni təbliğatını tam ifşa etdi.
Bu dövrdə həmçinin, BMT-nin Təhlükəsizlik Şurasında Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı aparılmış müzakirələrdə Qoşulmama Hərəkatının və eyni zamanda, hazırda Təhlükəsizlik Şurasının üzvü olan ölkələrin beynəlxalq hüquq normalarına sadiq qalmaqla Azərbaycanın haqlı mövqeyinin müdafiəsində prinsipiallıq göstərərək dəstəyi ölkəmizin beynəlxalq aləmdə yüksək nüfuzunun və hörmətinin əyani təzahürü oldu.
Ali Baş Komandanın ən sadiq silahdaşı olan respublikamızın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın ölkəmizin ədalətli mübarizəsi barədə həqiqətlərin beynəlxalq birliyə çatdırılması ilə bağlı vətənpərvər çağırışları hər bir azərbaycanlını informasiya platformalarında mübarizəyə səfərbər etdi. Cəbhədə döyüşən igid əsgərlərimizə duaları ilə, yaralılarımıza, həlak olan günahsız dinc insanlarımızın ağrı-acısına şərik olaraq bir ana, bacı kimi doğma və qayğılı münasibəti ilə Birinci vitse-prezident xalqımıza təsəlli oldu.
Cənab Prezidentin və birinci xanımın işğaldan azad olunduqdan sonra Füzuli və Cəbrayıl şəhərlərinə, Xudafərin körpüsünə səfəri, Füzuli-Şuşa avtomobil yolunun təməlinin qoyulması xalqımızın o torpaqlara qayıdışının təntənəsi oldu. Bayrağımızı ucaldan dövlət başçısı erməni vandallarının torpaqlarımızda törətdikləri vəhşiliklərə, o cümlədən bu günlərdə Kəlbəcər və Ağdam rayonlarının boşaldılması zamanı evlərin və digər mülki obyektlərin dağıdılaraq yandırılmasına, törədilən ekoloji fəlakətə görə Ermənistanın beynəlxalq müstəvidə cavab verəcəyi ilə bağlı mühüm mesajlar verdi.
Şübhəsiz ki, Ermənistanın işğalçılıq siyasəti, müharibə və insanlıq əleyhinə cinayətləri onun beynəlxalq hüquqi məsuliyyətini doğurur və qeyd edilən cinayətlərin törədilməsində iştirak etmiş şəxslərin məsuliyyətə cəlb olunmasını zəruri edir.
Bununla əlaqədar Ədliyyə Nazirliyi tərəfindən Ermənistanın ölkəmizə qarşı müharibə cinayətlərinin dünya ictimaiyyətinin diqqətinə dolğun və hərtərəfli çatdırılması istiqamətində məqsədyönlü işlər həyata keçirilmişdir.
Belə ki, tərəfimizdən 70-ə yaxın dövlətin ədliyyə nazirlərinə, dünya prokurorlarına, sıx tərəfdaşlıq etdiyimiz nüfuzlu beynəlxalq təşkilatlara, o cümlədən 140 ölkəni birləşdirən Beynəlxalq Antikorrupsiya Orqanları Assosiasiyası, Dünya Bankı, UNICEF, Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresi, Almaniyanın Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti, Ümumdünya Səhiyyə Təşkilatı və digər qurumlara, habelə Beynəlxalq Hakimlər Assosiasiyasına müraciətlər ünvanlanmış, xarici ölkələrin səfirləri ilə görüşlər təşkil olunmuş, ərazilərimizin 20 faizinin işğal olunaraq azərbaycanlıların etnik təmizləməyə və soyqırıma məruz qalması, dədə-baba yurdlarından didərgin salınması, xalqımıza qarşı törədilmiş müharibə və insanlıq əleyhinə cinayətləri vurğulanmışdır.
Həmçinin, bu günlərdə Avropa Şurası ədliyyə nazirlərinin videoformatda keçirilmiş konfransında Ermənistanın qeyri-insani əməlləri və müharibə cinayətlərinin dəhşətləri təfsilatı ilə Avropa Şurası Baş katibinin, Avropa Şurası Parlament Assambleyasının, Avropa İnsan Hüquqları Məhkəməsinin və digər ixtisaslaşmış qurumlarının rəhbərlərinin, habelə Avropa İttifaqı ədliyyə komissarının və bütün üzv dövlətlərin ədliyyə nazirlərinin diqqətinə çatdırılmışdır.
Müraciətlərdə və tədbirlərdə Ermənistanın münaqişənin ATƏT-in Minsk Qrupu çərçivəsində danışıqlar yolu ilə həllini dəfələrlə müxtəlif bəhanələrlə pozması, silahlı qüvvələrinin işğal altında olan ərazilərimizdən çıxarılmasını tələb edən BMT Təhlükəsizlik Şurasının, Avropa Şurası Parlament Assambleyasının, Qoşulmama Hərəkatının, İslam Əməkdaşlıq Təşkilatının və digər beynəlxalq təşkilatların sənədlərinin icrasına məhəl qoymaması, ona sərf edən status-kvonu davam etdirərək işğal altındakı ərazilərimizin zəngin təbii ehtiyatlarını istismar etməsi və qeyri-qanuni iqtisadi fəaliyyət göstərməsi, qanunsuz məskunlaşdırma həyata keçirməsi, dövlət və xüsusi mülkiyyətin talan edilməsi, tarixi, mədəni və dini abidələrimizin dağıdılması və ya saxtalaşdırılması, məscidlərimizin təhqir olunması xüsusilə vurğulanmışdır.
Qeyd olunmuşdur ki, çoxsaylı dinc insanların, o cümlədən uşaq, qadın və ahılların həlak olması, yaralanması, minlərlə mülki infrastruktura, həmçinin ədliyyə və məhkəmə binalarına ciddi ziyan dəyməsi ilə nəticələnən Ermənistanın qeyri-insani əməlləri beynəlxalq insan hüquqları və humanitar hüquq normalarının, xüsusilə 1949-cu il Cenevrə Konvensiyalarının və onlara Əlavə Protokollardan irəli gələn öhdəliklərin kobudcasına pozulması deməkdir. Bununla əlaqədar dünya dövlətləri və beynəlxalq təşkilatlar ədalət naminə bu məsələdə prinsipiallıq göstərərək səslərini ucaltmalıdırlar, çünki insanlıq əleyhinə və müharibə cinayətləri törədən Ermənistan beynəlxalq müstəvidə məsuliyyətə cəlb olunaraq cavab verməlidir.
İşğalçı Ermənistanın ölkəmizə qarşı hərbi təxribatlara başladığı andan qardaş Türkiyə Respublikasının Prezidenti cənab Rəcəb Tayyib Ərdoğan başda olmaqla türk xalqının Azərbaycanın yanında olduğu, yüksək səviyyəli rəsmi şəxslərin ölkəmizə dəstəkverici səfərlər etdiyi, ədliyyə naziri cənab Abdulhamit Gülün telefonla zəng edərək, həmçinin rəsmi müraciət ünvanlayaraq xalqımızın haqq davasında tərəddüdsüz dəstəyi və Qələbə münasibətilə səmimi təbrik etməsi, tvitter hesabı ilə ürək sözlərini söyləməsi xüsusilə vurğulanmalıdır.
Bu dövrdə həmçinin, ədliyyə işçiləri Birinci vitse-prezidentin çağırışlarına fəal qoşularaq sosial şəbəkələrdə vətəndaş mövqeyindən çıxış etməklə ermənilərin yalan təbliğatının və dezinformasiyalarının qarşısının alınması məqsədilə müxtəlif dillərdə çoxsaylı məlumatlar və digər materiallar paylaşmışlar.
Bununla yanaşı, nazirlik tərəfindən Azərbaycan həqiqətlərinin təbliği və geniş yayılması məqsədilə "Qarabağ Azərbaycandır!" elektron məlumat platforması (http://justice.gov.az/categories/1148) yaradılmışdır.
Üç dildə (Azərbaycan, ingilis və rus) olan, daim yenilənən və interaktiv rejimdə fəaliyyət göstərən platformada Ali Baş Komandan İlham Əliyevin xalqa müraciətləri və Ermənistanın işğalçılıq siyasəti, Azərbaycanın dinc əhalisinə qarşı yönələn müharibə cinayətləri ilə bağlı dünyanın nüfuzlu medialarına müsahibələri, Birinci vitse-prezident Mehriban Əliyevanın sosial çağırışları və çıxışları, dövlət başçısının və birinci xanımın azad edilmiş rayonlarımıza səfərləri və digər rəsmi xəbərlər, qanun və fərmanlar, tarixi sənədlər yerləşdirilmişdir. Həmçinin burada zəfərlərimizə, Azərbaycan Bayrağının doğma torpaqlarımızda ucaldılması mərasimlərinə dair video-materiallar, əzəli torpağımız olan Qarabağ və ətraf yeddi rayonun tarixi, mədəni və dini abidələri barədə fotoqalereya, bu sahədə hüquqi maarifləndirməyə dair nazirliyin məlumatları mövcuddur. Digər saytlara da inteqrasiya olunmuş platformadan artıq minlərlə istifadəçi yararlanmışdır.
Eyni zamanda, işğaldan azad olunmuş ərazilərdə müvəqqəti xüsusi idarəetmənin təşkilinə dair dövlət başçısının tapşırıqlarına uyğun olaraq Ədliyyə Nazirliyi tərəfindən qarşıda duran vəzifələrin mütəşəkkil və operativ icrasının təmin olunması məqsədilə nazirliyin rəhbərliyindən və aidiyyəti məsul şəxslərindən ibarət Qərargah yaradılmışdır. Ermənistanın müharibə və insanlıq əleyhinə cinayətləri, işğalçılığa və separatçılığa dəstək xarakteri daşıyan iqtisadi və digər qeyri-qanuni fəaliyyəti ilə bağlı milli və beynəlxalq qanunvericiliyin təhlili, işğaldan azad olunmuş ərazilərdə ədliyyə və məhkəmə infrastrukturuna dəymiş ziyanın dəqiqləşdirilməsi və bu orqanların fəaliyyətinin təmin olunması məqsədilə zəruri tədbirlərin görülməsi, habelə ədliyyə orqanlarının qarşısında duran digər vəzifələr müəyyən edilmiş və onların mütəşəkkil icrası məqsədilə yeni Qarabağ regional ədliyyə idarəsi təsis olunmuşdur.
Qeyd edilməlidir ki, böyük inam və əzmlə Ali Baş Komandanın ətrafında sıx birləşərək həmrəylik nümayiş etdirən ədliyyə işçiləri və hakimlər müharibənin ilk günlərindən ordumuza dəstək məqsədilə könüllü olaraq öz əmək haqları fondundan Silahlı Qüvvələrə Yardım Fonduna 1 milyon 600 min manat köçürmüşlər. Təbii ki, gündəlik dövlət qayğısı ilə əhatə olunan və ən yüksək səviyyədə təchiz edilən Azərbaycan Ordusu üçün edilən bu təşəbbüs hərbçilərimizlə həmrəylik nümayişi kimi mənəvi borc hesab olunmuşdur. Peşə bayramı ərəfəsində işçilərimiz və hakimlər tərəfindən növbəti dəfə əmək haqlarından 900 min manatdan çox ianə edilmişdir.
Həmçinin ədliyyə və məhkəmə orqanlarının 100-dək əməkdaşı hərbi xidmətə, o cümlədən könüllü kimi yollanaraq, yüksək vətənpərvərlik nümunəsi göstərmişlər. Döyüşlərdə iştirak edən əməkdaşlarımız arasında təəssüf ki, yaralanan və qəhrəmancasına şəhid olanlar da var. Nazirlik tərəfindən onların hər birinin və ailə üzvlərinin qayğıları ilə maraqlanılaraq zəruri tədbirlər görülür. Eyni zamanda, cəbhəboyu şəhər və rayonlarda təhlükəli və gərgin şəraitdə fəaliyyət göstərən işçilərə əlavə maddi dəstək göstərilmişdir.
Vətən müharibəsində ordumuzun uğuru, torpaqlarımızın işğaldan azad olunması ilə bağlı dövlətimizin başçısının xoş müjdəli xəbərləri, o cümlədən tvitter hesabı ilə xalqa çatdırdığı zəfərlər ədliyyə orqanlarında sevinc hissi ilə qarşılanmışdır. Bu münasibətlə nazirlikdə keçirilən tədbirlərdə torpaqlarımızın azad edilməsi böyük coşqu ilə qeyd olunmuş, ərazi bütövlüyümüzün bərpası uğrunda şəhid olmuş Vətən övladlarının əziz xatirəsi ehtiramla anılmışdır.
Xalqımıza unudulmaz və hədsiz fəxarət hissləri yaşatdığı üçün ölkə rəhbərliyinə minnətdarlıq ifadə olunmuş, tarixi qələbələrimiz münasibətilə Azərbaycan Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevə və respublikamızın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya müraciətlər qəbul olunmuş, işğaldan azad olunmuş torpaqlarımızın tezliklə dirçələcəyinə, bərpa-quruculuq və abadlıq işləri aparılaraq yenidən orada həyat qaynayacağına qəti əminlik vurğulanmışdır.
Bu il dövlətimiz təkcə döyüş meydanında deyil, həm də arxa cəbhədə digər təhlükəli düşmənlə – bütün dünyanı bürüyən COVID-19 qlobal pandemiyası ilə mübarizə aparmışdır. Dövlət başçısının və Birinci vitse-prezidentin rəhbərliyi ilə görülmüş qəti tədbirlər sayəsində Azərbaycan pandemiyanın ilk və olduqca təhlükəli mərhələsini ən az sayda itki ilə başa vurmuş dövlətlər sırasındadır və bu bəla ilə mübarizədə nümunəvi ölkə kimi dəyərləndirilir.
Pandemiyanın iqtisadi çətinliklərinə baxmayaraq, iqtisadi sabitlik, makroiqtisadi və maliyyə dayanıqlığının təmin edilməsi, işsizlik probleminin həlli məqsədilə 2 milyard dollar həcmində iqtisadi-sosial yardım paketi təqdim edilmiş, sosial dəstək tədbirləri ölkə əhalisinin təqribən yarısını əhatə etmişdir.
Ədliyyə Nazirliyi də pandemiyaya qarşı mübarizəyə fəal qoşulmuşdur.
Belə ki, nazirlik tərəfindən koronavirusun qarşısının alınması ilə bağlı ədliyyə qurumlarında və məhkəmələrdə zəruri profilaktik və digər preventiv işlər aparılmış, pandemiya şəraitində ədliyyəyə əlçatanlığın təmin olunması məqsədilə nazirliyin internet saytının və sosial şəbəkə səhifələrinin imkanları və interaktivliyi artırılmış, saytda yeni - "Vətəndaşlar üçün əlaqə", "İnteraktiv əlaqə" və "KİV üçün əlaqə" bölmələri yaradılmış, innovasiyaların tətbiqi genişləndirilərək "Mobil notariat"ın funksionallığı yüksəldilmiş, bir sıra etibarnamələrin mobil qaydada verilməsi təmin edilmişdir.
Vətəndaşların müasir İKT-lərin köməyi ilə nazirlikdə videoqəbulu Qaydası müəyyən edilmiş və müxtəlif bölgələrin, o cümlədən Vətən müharibəsi dövründə cəbhəyə yaxın rayonların 250-dək sakini videoformatda qəbul edilmiş, habelə nazirliyin icra xidməti tərəfindən borclu şəxslərə aliment və digər icra ödənişlərin onlayn qaydada aparılması, uşaqla ünsiyyətin video-əlaqə vasitəsilə həyata keçirilməsi təmin olunmuşdur.
Qlobal pandemiya şəraitində ədalət mühakiməsinin həyata keçirilməsi məsələləri də diqqətdə saxlanılmış, məhkəmə proseslərinin videoformatda keçirilməsi məqsədilə xüsusi proqram modulu hazırlanaraq tətbiqinə başlanılmış, habelə cinayət işlərinə də video-əlaqə ilə baxılmasının təmin edilməsi üçün dövlət başçısının təşəbbüsü ilə qanunvericiliyə mühüm dəyişikliklər edilmişdir.
Məhkumların və təqsirləndirilən şəxslərin həyat və sağlamlıqlarının qorunması ciddi nəzarətdə saxlanılmış, dövlət başçısının humanist siyasətinin təzahürü olaraq imzaladığı əfv Sərəncamı ilə virusa yoluxması daha riskli olan yaşı 65-dən yuxarı məhkumların əksəriyyəti azadlığa buraxılmış, 2.300-ə yaxın məhkum cəzadan şərti olaraq vaxtından əvvəl azad olunmuş və ya yüngül rejimli müəssisəyə keçirilmiş, 740 nəfər isə ev dustaqlığı və digər alternativ qətimkan tədbirlərinin tətbiqi nəticəsində həbsdən azad edilmişlər.
Cəza siyasətinin humanistləşdirilməsi ilə bağlı yeni qanunvericiliyə əsasən 2.000-dən çox məhkum cəzadan tamamilə azad edilmiş, 3.200-dən artıq məhkumun cəza müddəti azaldılmış, habelə xarici dövlətlərdən olan bir çox məhkumlar karantin rejiminə əməl edilməklə öz ölkəsinə təhvil verilmişdir.
Fəaliyyətin pandemiya şəraitində təşkilinə baxmayaraq, Azərbaycan ədliyyəsinin inkişafı üzrə tədbirlər də davam etdirilmiş, hüquq mühafizə orqanlarının və məhkəmələrin fəaliyyəti ilə bağlı dövlət başçısının göstəriş və tövsiyələrindən irəli gələn vəzifələr nazirliyin videoformatda keçirilən Kollegiya iclaslarında, ölkənin bütün məhkəmələrini əhatə edən müşavirələrdə geniş müzakirə olunaraq ədliyyə və məhkəmə sahəsində idarəçiliyin müasirləşdirilməsi, şəffaflığın artırılması, korrupsiyanın qarşısının alınması, ictimai iştirakçılığın təşviqi, innovasiyaların tətbiqi ilə bağlı əməli tədbirlər həyata keçirilmiş, yüksək hazırlıqlı kadrlar rəhbər vəzifələrə irəli çəkilmiş, o cümlədən nazirliyin və struktur qurumların, yüksək məhkəmələrin rəhbərliyi möhkəmləndirilmişdir.
Cari ildə nazirlik tərəfindən 1.600-dən çox qanunvericilik aktı layihəsi hazırlanmış, 2.800-dən artıq normativ sənəd layihəsinə rəy verilmiş, 3,4 milyonadək notariat hərəkəti rəsmiləşdirilmiş, 230 mindən çox vətəndaşlıq vəziyyəti aktları dövlət qeydiyyatına alınmış, bu əməliyyatlarla bağlı 6,5 milyon manat vəsait dövlət büdcəsinə köçürülmüşdür.
Məhkəmə qərarlarının icrasının səmərəliliyinin artırılması üzrə tədbirlər davam etdirilmiş, alternativ mexanizmlərin, o cümlədən özəl icranın tətbiqi imkanları nəzərdən keçirilmiş, bu sahədə zəruri təhlillər aparılmış və xarici təcrübə öyrənilmiş, beynəlxalq təşkilatlarla səmərəli əlaqələr qurulmuşdur. Cari ildə 375 min icra sənədinin icrası təmin edilmiş, 610 milyon manat vəsait fiziki və hüquqi şəxslərə, habelə vergi borcları üzrə büdcəyə ödətdirilmiş, ədalət mühakiməsi əleyhinə, o cümlədən məhkəmə qərarlarının icra olunmamasına dair 370-dən çox iş üzrə ibtidai istintaq tamamlanmışdır.
Məhkəmə ekspertizası mərkəzində 41 ekspert ixtisası üzrə 24 min rəy və arayış verilmiş, bələdiyyələrin 67 mindən çox aktı inzibati nəzarət qaydasında yoxlanılmış, qanunsuz ayrılmış 7.600 hektardan artıq torpaq sahələri geri qaytarılmış, cinayət xarakterli pozuntularla bağlı 24 fakt üzrə materiallar prokurorluğa göndərilmişdir.
Beynəlxalq hüquqi əlaqələrin genişləndirilməsinə xüsusi önəm verilərək cari ildə Səudiyyə Ərəbistanı, Bosniya və Herseqovina, Estoniya, Meksika, Bəhreyn, Misir və Əlcəzair ilə əməkdaşlığa dair sənədlərin razılaşdırılması işi aparılmışdır. Tərəfimizdən Vyetnamla ədliyyə sahəsində Sazişin implementasiyası üzrə Əməkdaşlıq Proqramının, habelə Azərbaycan Hökuməti adından Beynəlxalq Qırımızı Xaç Komitəsi ilə qurumun azadlıqdan məhrumetmə yerlərinə, o cümlədən penitensiar müəssisələrə maneəsiz baş çəkməsinə səlahiyyət verən Sazişin müddətinin uzadılması ilə bağlı Protokolun diplomatik kanallar vasitəsilə imzalanması həyata keçirilmişdir.
Dövlət başçısının "Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında" 2019-cu il 3 aprel tarixli Fərmanının icrası çərçivəsində sahibkarlıq subyektlərinin ədalət mühakiməsinə əlçatanlığının asanlaşdırılması məqsədilə yeni kommersiya, habelə inzibati məhkəmələr yaradılaraq cari ildən fəaliyyətə başlamış, yeni ayrılmış 200 hakim ştatının komplektləşdirilməsi üzrə ardıcıl tədbirlər görülmüşdür.
Məhkəmə infrastrukturunun müasirləşdirilməsi üzrə tədbirlər davam etdirilmiş, dövlət başçısı tərəfindən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin yeni müasir binasının açılışı həyata keçirilmişdir, yüksək texnologiyalı digər binaların, o cümlədən Masallı Məhkəmə Kompleksinin inşası başa çatdırılmış, Sumqayıt Məhkəmə Kompleksinin və Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin tikintisi isə yekunlaşmaq üzrədir.
Dövlət başçısının tapşırığına əsasən ədalət mühakiməsinin səmərəliliyinin artırılmasında mühüm rol oynayan "Elektron məhkəmə" və "Elektron icra" informasiya sistemlərinin respublikanın bütün ərazisi üzrə tətbiqi üçün əməli tədbirlər görülmüş, bu sahədə Dünya Bankı ilə yeni razılaşma imzalanaraq icrasına başlanılmışdır.
Azərbaycan ədliyyəsinin davamlı inkişafı üzrə görülən bu və mətbuatda mütəmadi işıqlandırılan digər məqsədyönlü tədbirlər, əldə olunan nailiyyətlər möhtərəm Prezidentimiz cənab İlham Əliyevin güclü siyasi iradəsi ilə ölkəmizdə həyata keçirilən genişmiqyaslı islahatların mühüm tərkib hissəsi olmaqla dövlət başçısının ədliyyə və məhkəmə fəaliyyətinə göstərdiyi yüksək diqqət və qayğının real təzahürüdür.
Peşə bayramı ilə əlaqədar nazirliyin rəhbərliyi və kollegiya üzvləri Fəxri Xiyabanı ziyarət edərək müasir müstəqil Azərbaycan dövlətinin banisi, dahi öndər Heydər Əliyevə əbədi ehtiramlarını bildirir, Şəhidlər Xiyabanında Vətənimizin azadlığı uğrunda şəhid olmuş qəhrəman övladlarımızın əziz xatirəsini yad edirlər.
Həmçinin ədliyyə orqanları və məhkəmələrdə Azərbaycan ədliyyəsinin tarixi inkişaf yoluna, xalqımızın Vətən müharibəsində zəfər yürüşünə nəzər salınaraq ədliyyə işçiləri və hakimlər tərəfindən mətbuatda çıxışlar edilmiş, nazirlikdə və struktur qurumlarda bu əlamətdar və tarixi hadisələrə həsr olunmuş filmlər, foto və video-slaydlar nümayiş etdirilmiş, hərbçilərimizə sovqatlar tədarük olunmuş, yaralılara baş çəkilmiş, könüllü qanvermə aksiyası keçirilmişdir.
Eyni zamanda Azərbaycan ədliyyəsinin tarixinə dair nəfis şəkildə tərtib olunmuş kitab çap edilmişdir. Kitabda ölkəmizdə ədliyyənin təşəkkülü, müasir hüquq sistemimizin banisi, ümummilli lider Heydər Əliyev tərəfindən ədliyyə sisteminin və məhkəmə hakimiyyətinin formalaşmasına göstərilən xüsusi diqqət və qayğı, ölkə Prezidenti cənab İlham Əliyevin bu sahədə fəaliyyətin müasirləşdirilməsi və inkişafı barədə ətraflı məlumatlar əks olunmuşdur.
Fürsətdən istifadə edərək, dövlət bayramları ilə zəngin olan bu ayda qeyd etdiyimiz Şuşanın azad olunması günü və tarixi qələbəmiz, habelə peşə bayramımız münasibətilə bütün ədliyyə işçilərini ürəkdən təbrik edir, onlara qanunun aliliyinin və insan hüquqlarının təmin olunması kimi gərəkli fəaliyyətlərində yeni-yeni nailiyyətlər arzulayıram.
Peşə bayramlarını Qələbə sevinci ilə qeyd edən və bu zəfər günlərini bizlərə yaşatdığına görə ölkə Prezidentinə dərin minnətdarlıq hissi keçirən ədliyyə işçiləri Vətənimizin çiçəklənməsi və hərtərəfli tərəqqisi naminə dövlət başçısının ətrafında sıx birləşərək demokratik hüquqi dövlət quruculuğu, azad olmuş torpaqlarımızın bərpası ilə bağlı üzərlərinə düşən vəzifələri şərəflə yerinə yetirmək əzmindədirlər.
Qoy Vətənimizdə daim sülh, firavanlıq və təhlükəsizlik hökm sürsün! Eşq olsun Ali Baş Komandana! Qarabağ Azərbaycandır!
Fikrət Məmmədov,
Azərbaycan Respublikasının ədliyyə naziri,
Məhkəmə-Hüquq Şurasının sədri
I dərəcəli dövlət ədliyyə müşaviri