Ədliyyə işçilərindən və hakimlərdən YAŞAT Fonduna dəstək

Vətən müharibəsi iştirakçılarının sosial müdafiəsinin və rifahının yaxşılaşdırılması ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin fəaliyyətinin əsas prioritetlərindən olmaqla hərbi qulluqçular və şəhid ailələri hərtərəfli dövlət qayğısı ilə əhatə olunurlar. Dövlət başçısının və respublikamızın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın yaralı hərbçilərimizə baş çəkməsi, onların qayğıları ilə maraqlanması böyük ruh yüksəkliyi və təsəlli olub.

Eyni zamanda xalqımız tərəfindən dövlətimiz və ordumuzla həmrəylik nümayiş etdirilərək hərbçilərimizin zəruri ehtiyaclarının təmin edilməsi məqsədilə xeyirxah addımlar atılıb.

Ali Baş Komandanın ətrafında sıx birləşən ədliyyə işçiləri və hakimlər də bu şərəfli dönəmdə ordumuza dəstək göstərərək xüsusi fonda əmək haqlarından könüllü vəsaitlər köçürüblər. Həmçinin, nazirliyin tibb xidmətinin həkimləri müharibə dövründə yaralananlara zəruri tibbi yardım göstərib, ədliyyə və məhkəmə orqanlarında qanvermə aksiyaları keçirilib, nazirliyin əməkdaşları tərəfindən döyüşlərdə yaralanaraq hərbi hospitallarda müalicə alan hərbçilərimizə mütəmadi baş çəkilib və sovqatlar təqdim olunub.

Eyni zamanda ədliyyə və məhkəmə orqanlarının 100-dək əməkdaşı hərbi əməliyyatlarda, o cümlədən könüllü kimi iştirak edib, onların sırasında yaralananlara və şəhid olmuş şəxslərin ailələrinə lazımi yardım və mənəvi dəstək göstərilib.

Ölkə Prezidentinin 08.12.2020-ci il tarixli Fərmanı ilə ərazi bütövlüyümüzün müdafiəsi uğrunda yaralananların və şəhid ailələrinin təminatı ilə bağlı dövlət tərəfindən həyata keçirilən tədbirlərə əlavə dəstək verilməsi istiqamətində vətəndaş cəmiyyəti təşəbbüslərinin reallaşdırılması məqsədilə YAŞAT Fondu yaradılıb və müxtəlif təşkilatlar, fiziki və hüquqi şəxslər tərəfindən fonda könüllü ianələr edilir.

Ədliyyə işçiləri və hakimlər də dövlətimiz, xalqımız və ordumuzla hər zaman həmrəy olaraq əmək haqlarından YAŞAT Fonduna 1.000.000 (bir milyon) manat məbləğində vəsait köçürüblər.

iacca
iap
Qarabağ Azərbaycandır!
eplc
Ən Tez