01-03-2011 | 04:02 955
Martın 1-də ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov Xorvatiya Ali Məhkəməsinin sədri Branko Hrvatinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşmüşdür .
Azərbaycan və Xorvatiya arasında dostluq və əməkdaşlıq münasibətlərinin inkişafını qeyd edən nazir iki dövlətin məhkəmə və ədliyyə orqanları arasında əlaqələrin genişləndirilməsində səfərin böyük əhəmiyyətini vurğulamışdır. Nazir ölkəmizdə məhkəmə sisteminin müasirləşdirilməsi, o cümlədən yeni regional məhkəmələrin yaradılması, ədalət mühakiməsinin səmərəliliyinin yüksəldilməsində və korrupsiya ilə mübarizədə mühüm rolu olan hakimlərin sayının artırılması və maddi təminatının yaxşılaşdırılmasını, hakimliyə namizədlərin ən şəffaf prosedurlarla seçilməsini və digər tədbirləri qeyd etmişdir.
Oxşar tarixi və böyük gələcəyi olan dövlətlərimiz arasında əlaqələrin dərinləşdirilməsinə mühüm önəm verən qonaq öz ölkəsinin məhkəmə sistemindən və mövcud problemlərdən danışaraq, Azərbaycanla müqayisədə hakimlərin 8 dəfə çox olmasına baxmayaraq məhkəmələrdə baxılan işlərin sayının hədsiz yüksək olduğunu bildirmiş, təcrübə mübadiləsinin vacibliyini qeyd etmişdir. Xorvatiya Ali Məhkəməsinin sədri Azərbaycanda əhalinin məhkəmələrə inamının artmasına yönələn məqsədyönlü tədbirləri təqdir etmiş, respublikamızda olmağından məmnunluğunu ifadə edərək, ikitərəfli münasibətlərin inkişafı üçün geniş imkanların olduğunu və səfərinin uğurlu keçdiyini vurğulamışdır.
Görüşdə əməkdaşlığın prioritetləri, o cümlədən inzibati ədliyyə, hakimlərin müstəqilliyi, toxunulmazlığı və məsuliyyəti, ilkin və davamlı tədrisin əhəmiyyəti, Məhkəmə-Hüquq Şuralarının fəaliyyəti və digər məsələlər müzakirə olunmuşdur.
Qonaqlar nazirlikdə Ədliyyə tarixi muzeyi ilə tanış olmuşlar.